BMT-Azərbaycan tərəfdaşlığının
30 illiyinə həsr olunmuş fotosərgi
açılıb
Martın 2-də BMT-Azərbaycan tərəfdaşlığının
30 illiyinə həsr olunmuş fotosərginin
açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgidə BMT ilə Azərbaycan arasında əlaqələrin inkişaf tarixini özündə əks etdirən 100-dək foto nümayiş olunur.
Tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva bildirib ki, bu gün Azərbaycan-BMT əməkdaşlığının 30-cu ildönümü tamam olur. 30 il bundan əvvəl, 1992-ci il martın 2-də Azərbaycan BMT-nin üzvlüyünə qəbul olunub. O qeyd edib : “Biz bu gün həm də BMT-nin Azərbaycanda ofisinin açılmasının 30 illiyini qeyd edirik. Azərbaycan bu 30 il ərzində çox böyük nailiyyətlər qazanıb və BMT-nin təsbit olunmuş gündəliyinə hər zaman əməl edib”.
Vladanka Andreyeva diqqətə çatdırıb ki, BMT-nin Azərbaycandakı nümayəndəliyi bu gündən bir illik kampaniyaya start verir. 30 illik əməkdaşlığımızın ildönümü günündə burada 100-dək foto nümayiş etdirilir. Bu fotolarda tərəflər arasında sadiqlik, bir-birinə hörmətlə yanaşma, səmərəli əməkdaşıq əksini tapıb.
BMT-nin nümayəndəsi təmsil etdiyi qurumun koronavirus pandemiyasından sonra və postmünaqişə dövründə bərpa məsələlərində Azərbaycana dəstəyini davam etdirəcəyini bildirib. Qeyd olunub ki, Azərbaycanla BMT arasında münasibətlərin qurulmasının 30 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində yüksək səviyyəli dialoqun keçirilməsi planlaşdırılır. Dialoq çərçivəsində pandemiyadan sonrakı və postmünaqişə dövründə əməkdaşlıq müzakirə olunacaq.
V.Andreyevanın sözlərinə görə, tədbirlər çərçivəsində xeyriyyə yarmarkası da təşkil ediləcək.
Rezident əlaqələndirici bu ay BMT, Dünya Bankı və Avropa İttifaqının ekspertlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qiymətləndirmə missiyasının tərkibində səfər edəcəklərini də diqqətə çatdırıb.
Azərbaycanın BMT Nizamnaməsinə və gündəliyinə sadiqliyini hər zaman nümayiş etdirdiyini vurğulayan xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT-nin də öz növbəsində hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Deyib ki, BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib.
“Ölkəmiz qlobal səviyyəli məsələlərə daim önəm və diqqət yetirir. Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində təşkilatın yubileyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında koronavirus pandemiyasının törətdiyi çətinliklərdən danışıb, dövlətimizin başçısı vaksinlərin ədalətsiz bölgüsü məsələsinə toxunub. Ölkəmiz Qoşulmama Hərəkatının sədri kimi öz fəaliyyətini uğurla davam etdirir”, - deyə nazir müavini əlavə edib.
Vurğulanıb ki, məhz Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə peyvənd millətçiliyinə qarşı BMT-də qətnamə qəbul edilib.
“Azərbaycan
dünyada sülhün
və təhlükəsizliyin təmin edilməsi üzrə BMT-nin çağırışlarına
hörmətlə yanaşır. 2012-ci ildə BMT-nin Təhlükəsizlik
Şurasının qeyri-rəsmi üzvü
seçilən Azərbaycan əməkdaşlığın
dərinləşdirilməsi üzrə öz
təkliflərini verib”, - deyən Elnur Məmmədov vurğulayıb ki, BMT-nin
ixtisaslaşmış qurumlarının işğaldan
azad olunan ərazilərdə
aparılan işlərdə iştirak edəcəklərini
bildirib.
Azərbaycan.-
2022.- 3 mart.- S.5.