Gənclərin yüksəkixtisaslı mütəxəssis
kimi formalaşması dövlətin prioritet istiqamətlərindəndir
Azsaylı xalqların da kifayət qədər yaşadığı Azərbaycanda dinindən, dilindən və irqindən asılı olmayaraq, gənclərin istədiyi peşəyə yiyələnmələrinə, ali təhsil almalarına, xalq və ölkə üçün dəyərli mütəxəssis olmalarına dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Gənclərə bu dövlət dəstəyinin əsası hələ sovetlər dönəmində respublikada siyasi hakimiyyətdə olmuş, zəngin dövlətçilik təcrübəsinə malik Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Ulu Öndərin təşəbbüsü ilə 1970-ci ildən etibarən hər il 800-900 nəfər azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali təhsil məktəblərində təhsil almağa göndərilirdi. Beləliklə, ötən əsrin 70-80-ci illərində Ulu Öndərin təşəbbüsü ilə 15 mindən çox azərbaycanlı SSRİ-nin 170 universitetində təhsil aldı. Bu da müstəqilliyini bərpa edən zaman Azərbaycana güclü milli kadr potensialına malik olmağa imkan verdi.
Qürurverici haldır ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xaricdə təhsil siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkəmizin dayanıqlı inkişafını təmin etmək məqsədilə insan kapitalının formalaşdırılması və ondan səmərəli istifadə prioritet istiqamətlərdən biri kimi daim diqqətdə saxlanılır. Dövlət başçısının fərman və sərəncamlarının tələbləri çərçivəsində “qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyası təhsillə əhatənin və ona əlçatanlığın artmasına, gənclərin xaricdə təhsilə cəlbinin müxtəlif proqramlarla dəstəklənməsinə mühüm imkanlar yaradır. Bu sırada Azərbaycan dövlətinin növbəti dəstəyi bu günlərdə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”dır.
Azərbaycan Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafının müasir və güclü təhsilə arxalanmasına, məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payının davamlı şəkildə artırılmasına dair müddəaları ölkədə insan kapitalının inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Yaxın perspektivdə əmək bazarında yeni bacarıqlara, yeni ixtisaslara ehtiyac yaranacağı ilə əlaqədar bir sıra ixtisaslar üzrə kadr hazırlığına olan tələbatı qarşılamaq üçün xaricdə təhsil proqramlarının reallaşdırılması vacibdir.
28 fevral 2022-ci il tarixli Dövlət Proqramının göstəricisi 2022-2026-cı illərdə, hər il 400 nəfərdən çox olmaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Proqram çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magisturatura pilləsinə aiddir.
Bu, Prezident İlham Əliyevin xaricdə təhsil almaqla bağlı imzaladığı ikinci dövlət proqramıdır. Daha öncə imzalanan sərəncam 2007-2015-ci illəri əhatə edir. Bu Dövlət proqramı çərçivəsində gənclərimiz dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almışlar. Proqramın uğurlu icrası nəticəsində gənclərin xaricdə təhsilə cəlbi ölkənin sosial-iqtisadi həyatına, eləcə də insan kapitalının milli sərvətdə payının böyüməsinə, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşmasına, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin akademik potensialının güclənməsinə mühüm təsir göstərib.
Prezident İlham Əliyevin 11 noyabr 2018-ci il tarixlii Sərəncamı ilə təsdiqlənən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkədə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.
Dövlət proqramı çərçivəsində 4 ikili diplom proqramının icrasına başlanılıb. Hazırda ABŞ-ın Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti və “ADA” Universiteti, Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İnha Universiteti, Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin ikili diplom proqramları həyata keçirilir. Bu proqramlar üzrə yerli ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədilə 127 nəfər Azərbaycan vətəndaşının xaricdə ən nüfuzlu universitetlərdə və elm mərkəzlərində doktorantura səviyyəsində təhsili maliyyələşdirilir.
Azərbaycan Prezidenti İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamı da müstəsna əhəmiyyətə malikdir.
Ötən illər ərzində respublikamızda insan kapitalının inkişafı ilə bağlı bir sıra dövlət strategiyaları və dövlət proqramları reallaşdırılıb. Dövlət proqramının qısa xülasəsində bu sənədin “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Prezidentinin 2021-ci il 30 sentyabr tarixli Sərəncamının icrasını reallaşdırmaq məqsədilə hazırlandığı diqqətə çatdırılıb. Adıçəkilən proqramda əsasən gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanlarının yaradılması, ölkəmizin dayanıqlı inkişafını gerçəkləşdirəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasının gerçəkləşəcəyi nəzərdə tutulub.
Proqram bu sahədə mövcud olan beynəlxalq təcrübə və meyillər nəzərə alınaraq hazırlanıb. Sənəddə sözügedən sahədə müşahidə olunan qlobal trendlərin ölkə potensialına təsirləri qiymətləndirilib, mövcud vəziyyətin təhlili aparılıb, uzunmüddətli dövr üçün strateji baxış formalaşdırılıb, hədəf göstəriciləri və prioritet istiqamətlər, o cümlədən icra müddətləri göstərilməklə müvafiq tədbirlər, əsas və digər icraçılar, gözlənilən təsirlər, icra mexanizmləri təsbit edilib.
Qeyd edildiyi kimi, Dövlət proqramında hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2 min nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil almasının təmin ediləcəyi nəzərdə tutulub. Proqramda ali təhsilin bakalavriat səviyyəsində təhsil almaq üçün seçimdə beynəlxalq fənn olimpiadaları qaliblərinə üstünlük verilməsi diqqət mərkəzində saxlanılıb. Belə ki, bu amil istedadlı gənclərin dünyanın qabaqcıl ali təhsil müəssisələrindən məzun olaraq ölkəmizin gələcək inkişafına əlavə dəyər yaratmalarını təşviq edəcəyinə hesablanıb. Bununla yanaşı, ali təhsilin magistratura pilləsində intellektual səviyyəsi, habelə idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə və yüksək texnologiyalara əsaslanan ixtisaslara üstünlük verilməsi isə əmək bazarında müasir bacarıqlara malik kadrların sayını artırmaq məqsədi daşıyıb. Proqramın icrası ilə ölkədə daha keyfiyyətli insan kapitalının formalaşmasına və Azərbaycanın beynəlxalq reytinqlərdə mövqelərinin əhəmiyyətli şəkildə yaxşılaşmasına şərait yaranacaq, əmək bazarında tələb olunan ixtisas sahələri üzrə peşəkar kadrlar hazırlanacaq, respublikaya qayıdan məzunların ən müasir təcrübə və biliklərdən istifadə edərək göstərəcəkləri fəaliyyət daha da güclənəcək. Xatırladaq ki, bu proqram məzunların məşğulluğunun təmin edilməsini və karyera inkişafının stimullaşdırılması mexanizmlərinin yaradılmasını da şərtləndirəcək. Neft gəlirlərinin insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq, proqram Dövlət Neft Fondunun vəsaiti, eləcə də beynəlxalq təşkilatların texniki-maliyyə yardımları, kredit və qrantlar, mülkiyyət formasından asılı olmayaraq xarici və yerli hüquqi şəxslərin, habelə fiziki şəxslərin ianələri hesabına maliyyələşdiriləcək.
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nı şərtləndirən bir neçə məqam da diqqətçəkəndir. Məlumdur ki, hər bir ölkənin sosial-iqtisadi inkişafı insan kapitalının inkişaf səviyyəsindən asılıdır. Son dövrdə dünya iqtisadiyyatında müşahidə olunan texnoloji dəyişikliklər şəraitində rəqəmsal bacarıqlara malik, yeni texnologiyaları aktiv tətbiq edə bilən, öncəki illərdə dünyada artan rəqabətə hazır olan yüksəkixtisaslı insan kapitalının formalaşdırılması mühüm önəm daşıyır. Bu məsələdə innovasiyaların rolu xüsusi diqqət çəkir. İnkişaf etmiş ölkələrdə ÜDM-in artımının 80-95 faizi məhz innovasiyaların - yeni texnologiyaların yaratdığı məhsullar, işlər və xidmətlər hesabına gerçəkləşir. Bu məsələdə rəqəmsallaşmanın tətbiqinin böyük əhəmiyyəti var. Yeni strateji dövrün çağırışları, həmçinin inkişaf məqsədləri nəzərə alınmaqla ölkənin rəqabət və inkişaf sahəsində sürətlə irəliləməsi üçün yüksək intellekt cəmiyyətin əsas güc mənbəyinə çevrilməli, yaradıcı və innovativ düşüncəli gənclərin iqtisadi fəallığı və idarəçilikdə rolu möhkəmlənməlidir. Bu məqsədlə Azərbaycan gənclərinin ölkənin gələcək inkişaf prioritetləri çərçivəsində tələb olunan ixtisas istiqamətləri üzrə qabaqcıl xarici ali təhsil müəssisələrində magistratura və bakalavriat səviyyəsində təhsili üçün Azərbaycan dövləti davamlı olaraq bu sahəyə dəstək göstərir.
Rəhman SALMANLI
Azərbaycan.- 2022.- 3 mart.- S.6.