Məğlub Ermənistan ordusunda növbəti xaos yaşanır

 

Hərbçilər qeyri-müəyyən şəraitdə öz mövqelərindən yoxa çıxırlar

 

İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfindən darmadağın edilən Ermənistan ordusunun qalıqları da məhv olmaq üzrədir.

Bunun əsas səbəbi əvvəlki kimi nizamnamədənkənar hərəkətlərin, digər qanunsuzluqların nəticəsində ciddi problemlərin yaşanmasıdır. Bunu Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi də təsdiq edir. Qurum qeyd edir ki, hərbi hissələrdə əsgərlərə  qarşı tətbiq edilmiş davamlı və cəzasını almayan, insan ləyaqətini alçaldan hərəkətlər - döyülmə, zorakılıq halları, qidadan məhrum etmək və sair geniş yayılıb. O da vurğulanır ki, Ermənistan Silahlı Qüvvələrində zabitlər və xidmət yoldaşları tərəfindən hərbi qulluqçulara qarşı işgəncə və zorakılıq halları nadir hal deyil.

Ermənistan mətbuatı yazır ki, ölkədə hərbçilər qeyri-müəyyən şəraitdə öz mövqelərindən yoxa çıxırlar. Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan isə ordu ilə bağlı başqa bir məqama diqqət çəkib. O, qeyd edir ki, Azərbaycanın qaytardığı erməni hərbi əsirlərlə çox pis rəftar edilir: “Müxtəlif günlərdə 44 günlük müharibə, Çaylaqqala və Köhnə Tağlar kəndləri, eləcə də 16 noyabr 2021-ci il hadisələri işi üzrə adı hallanan çoxlu sayda hərbçilərlə görüşdüm. Təbii ki, müxtəlif işlər üzrə adı hallanan hərbçilərin heç bir səhvə yol vermədiyini iddia edə bilmərəm, lakin hər bir işə fərdi yanaşmaq lazımdır. Ancaq cinayət işləri üzrə hakimiyyətin yaratdığı bardaqxana, fəaliyyətsizlik, pərdəarxası razılaşmalar, orduda yaranan böhran, hərbçilərin hədəfə alınması nəzərə alınmayıb”.

Onu da xatırladaq ki, bir müddət əvvəl Ermənistanın “Beşinci kanal”ında ötən il noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər istiqamətində Azərbaycan Ordusu  tərəfindən erməni təxribatının qarşısının alınması zamanı əsir düşən erməni əsgərə həsr olunmuş reportaj da düşmənin silahlı qüvvələrində hansı xaotik durumun hökm sürdüyünü əyani surətdə nümayiş etdirdi. Burada qeyd edilirdi ki, İkinci Qarabağ müharibəsi artıq tarixə çevrilib. Amma bu müharibə əsirlik həyatı yaşayan, sağ qalanöz vətənində cəhənnəmə düşmüş erməni hərbçiləri üçün bitməyib. 2021-ci il noyabrın 26-da Bakı iki əsgəri İrəvana qaytardı. Onlardan biri də əsgər Aren Aramyan olub. Onun vəkili Ara Karapetyanın “Beşinci kanala verdiyi məlumata görə, A.Aramyan Ermənistana qaytarıldıqdan dərhal sonra həbs edilib.

Toqquşma zamanı əsgər A.Aramyan ayağından yaralanıb, erməni əsgər Bakıda müalicə olunub. Lakin İrəvana qayıdandan sonra A.Aramyan reabilitasiya keçmək əvəzinə saxlanılaraq həbsxana kamerasına salınıb: “Aren mənəvi cəhətdən sarsılıb. İrəvana gəldikdən sonra o müalicə kursu keçib, lakin 2021-ci il dekabrın 6-da saxlanılıb və həbs edilib. Bütün bu müddət ərzində Aren dəfələrlə bir təcridxanadan digərinə aparılıb. Baxmayaraq ki, həkimlərin verdiyi rəyə görə, onun zədəli ayağı ən azı bir ay hərəkətsiz qalmalıdır. Onunla amansızcasına rəftar edilir, belə olan halda onu ömürlük əlillik həyatı gözləyir. Bu gün onu o zaman ölmədiyi üçün ittiham edirlər”.

Aren Aramyanın yaxınları bildiriblər ki, o, əsir düşəndən sonra əvvəlcə Gəncəyə, oradan da Bakıya aparılıb. Onların sözlərinə görə, Azərbaycan tərəfi A.Aramyana qarşı humanistlik nümayiş etdirsə də, Ermənistan hakimiyyəti onunla amansız davranır. Axı Aramyanın məhkəməsiz və istintaqsız həbs edilməsini və ona qarşı qeyri-insani ittihamların irəli sürülməsini başqa necə izah etmək olar?

Jurnalistlərə danışan erməni əsgərin anası söyləyib: “Aren ayağından yaralanıb, mühasirədə olarkən əsir düşməmək üçün özünü güllələmək istəyib. Lakin Azərbaycan əsgəri buna imkan verməyib. Beləliklə, o, Bakıya aparılıb. Orada xəstəxanada necə yaxşı münasibət göstərildiyindən, müalicə edildiyindən danışanda, mən, sadəcə olaraq, təəccüblənirdim - doğrudanmı belə olub? O, Azərbaycanda gördüyü diqqəti öz vətənində görmür. Azərbaycan Prezidenti İlham Əliyev deyirdi ki, onun azad etdiyi erməni əsgərlər öz ölkələrində həbsə salınır və işgəncələrə məruz qalır”.

Bu günlərdə daha bir zabitə qarşı cinayət işi qaldırılıb. “4rd.am” saytı yazır ki, 44 günlük müharibə zamanı döyüş meydanını tərk edən daha bir zabitin müttəhim kürsüsündə olduğu üzə çıxıb. İstintaq məlumatlarına görə, o, Hadrut yaxınlığındakı “Xurat” yüksəkliyində döyüşlər zamanı “Dağlıq Qarabağ Müdafiə Ordusunun (keçmiş qondarma rejim-red.) hərbi hissələrindən birində çağırışçılardan ibarət batalyona komandirlik edən mayor İ.V. olub. Baş Prokurorluğun məlumatına görə, mayor Ermənistan Silahlı Qüvvələrinin döyüş nizamnaməsi ilə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməyib. Belə ki, 2020-ci il oktyabrın 10-da qeyd olunan yüksəklikdə baş vermiş döyüşlər zamanı batalyon komandiri olan İ.V. öz mövqelərini icazəsiz tərk edib, nəticədə, bu bölmənin bir çox hərbi qulluqçusu öldürülüb, itkin düşüb və yaralanıb.

Hazırda mayora qarşı cinayət məcəlləsinin bir sıra maddələri ilə ittiham irəli sürülüb. Dünən isə cinayət işi ittiham aktı ilə birlikdə yurisdiksiya məhkəməsinə verilib.

Müstəqil mənbələr də Ermənistan ordusunda cinayət və ölüm hallarının artması, korrupsiyanın səviyyəsinin yüksək olması qənaətindədirlər.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.- 3 mart.- S.1; 4.