Azərbaycanın maraqlarını reallaşdıran
siyasi kurs
Prezident İlham Əliyevin ötən həftə Rusiyaya etdiyi rəsmi səfər iki dövlət arasındakı münasibətlərə yeni işıq saldı. Səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə iki dövlət arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə yüksəltdi. TASS Agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüş isə göstərdi ki, Prezident İlham Əliyev uğurlu informasiya mübarizəsini davam etdirir.
Milli Məclisin komitə sədrlərinin və deputatlarının fikirləri də bu barədədir.
Azərbaycan üç ölkə arasında yeni
müttəfiqlik münasibətlərinin mərkəzinə
çevrilib
Səməd SEYİDOV,
Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası
əlaqələr komitəsinin sədri:
- ATƏT-in fundamental sənədlərində, xüsusilə də 1999-cu ildə İstanbul görüşündə yüksək səviyyədə qəbul olunmuş sənədin 2-ci fəslinin 8-ci bəndində “hər bir dövlət öz təhlükəsizliyini təmin etmək üsullarını, o cümlədən təkmilləşdikcə müttəfiqlik müqavilələrini sərbəst şəkildə seçmək və dəyişmək hüququna malikdir” müddəası açıq şəkildə vurğulanıb. Lakin o sənədin elə həmin bəndində “bir dövlətin digər dövlətin təhlükəsizliyi hesabına öz təhlükəsizliyini möhkəmləndirməyəcəyi” də xüsusi qeyd olunub.
Çox təəssüf, İkinci Dünya müharibəsindən və xüsusən Sovet İttifaqı dağılandan sonra sülh “birinin gücü başqasının zəifliyi deməkdir” prinsipi ilə inkişaf etmişdir. Bu baxımdan Prezident İlham Əliyev müasir Avropa tarixində ilk dəfə olaraq əməkdaşlıq və kollektiv təhlükəsizliyin yeni prinsiplərini hazırlamış və tətbiq etmişdir. Prezident İlham Əliyev Türkiyə ilə müttəfiqlik münasibətləri quraraq, nəinki özünü və Türkiyəni, bütün region ölkələrini gücləndirmişdir.
Yalnız müasir tariximizdə yox, ümumiyyətlə, bütün tarix boyu regionumuzda Rusiya və Türkiyə nəinki bir-biri ilə rəqabət aparmış, hətta bir-biri ilə savaşmışlar. Türkiyə ilə Rusiya arasında qarşılıqlı münasibətlərə Azərbaycanın daxil olması ilə vəziyyət köklü şəkildə dəyişmişdir. Türkiyə ilə qardaşlıq və Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri məhz Azərbaycanda hər üç dövlətin bayrağının eyni vaxtda dalğalanmasına imkan vermişdir. Bu mənzərəni biz Vətən müharibəsində qələbədən sonra görmüşük. Rəsmi Bakı Rusiya və Türkiyə hərbçilərinin sülhməramlı missiyanı birlikdə yerinə yetirdikləri Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərmək imkanını təmin etmişdir.
Bu gün rəsmi Bakı Azərbaycan ilə Rusiya arasında münasibətlərin yeni səviyyəsi haqqında Moskva sənədini imzalayaraq müstəqilliyini, təhlükəsizliyini gücləndirmişdir. Bəyannamədə qeyd olunduğu kimi, Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.
Göründüyü kimi, Prezident İlham Əliyev öz suverenliyini Qafqazda rolu olan başqa bir əsas dövləti, yəni Rusiyanı zəiflətməklə deyil, onun milli maraqlarını və prioritetlərini nəzərə alaraq gücləndirmişdir. Azərbaycan Türkiyə ilə müttəfiqlik münasibətləri səviyyəsində müqavilə - Şuşa Bəyannaməsi, daha sonra Rusiya ilə Moskva müqaviləsi imzalamaqla faktiki olaraq üç dövlət - Azərbaycan, Rusiya və Türkiyə arasında yeni müttəfiqlik münasibətlərinin mərkəzinə çevrilmişdir. Məgər bizim hər zaman danışdığımız, istədiyimiz elə bu deyildimi?! Bu isə Avropa İttifaqı ilə münasibətlərimizin möhkəmlənməsi, gələcəkdə onunla ikitərəfli sazişin imzalanması, İngiltərə və ABŞ ilə öz gücünü zamanla sübut edən münasibətlər fonunda baş verir. Əsas, birləşdirici rolun Azərbaycana məxsus olduğu, bərabərhüquqlu, müstəqil, suveren, eyni zamanda bir-biri ilə bu cür ciddi müqavilələrlə bağlanan üç ölkənin birliyi həqiqətən də Prezident İlham Əliyevin ölkəmizin milli maraqları naminə atdığı parlaq addımdır.
Moskva Bəyannaməsi yeni geosiyasi reallıqları əks
etdirir
Siyavuş NOVRUZOV,
Milli Məclisin
Regional məsələlər komitəsinin sədri:
- Azərbaycan dünyada etibarlı tərəfdaş, güclü - qüdrətli dövlət və Cənubi Qafqaz regionunun lider ölkəsi kimi tanınır. Bunu təmin edən amil Prezident İlham Əliyevin milli maraqlara əsaslanan uğurlu xarici siyasət kursudur.
Ölkəmiz Ermənistan istisna olmaqla bütün qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə malikdir. Bununla yanaşı, respublikamız müxtəlif beynəlxalq təşkilatlarda - BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digərlərində uğurla təmsil olunur. Azərbaycan, həmçinin Avropa İttifaqı, NATO kimi təşkilatlarla tərəfdaşlıq münasibətlərini uğurla inkişaf etdirir. Ən vacib məqamlardan biri budur ki, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən Azərbaycanın yaratdığı geostrateji reallıqlar regionda sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlığın təmin olunmasına mühüm töhfədir. Bu reallıqlar, eyni zamanda yeni geosiyasi konfiqurasiyanın yaranmasını şərtləndirib. Artıq hazırkı şəraitdə regionda geostrateji nizamın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır.
Azərbaycan hər iki güc mərkəzi ilə bərabərhüquqlu tərəfdaşlığa, uğurlu əməkdaşlığa və milli maraqlara əsaslanan müttəfiqlik münasibətlərinə malikdir. Ötən il imzalanmış və 2022-ci ildə təsdiqlənmiş Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında münasibətlərin ən yüksək zirvəyə yüksəlməsini şərtləndirib. Hər iki ölkə milli və regional təhlükəsizlik, ortaq maraqların təmin olunması istiqamətində geniş işbirliyi mexanizmi formalaşdırıb. Bununla yanaşı, Azərbaycan və Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə imzalanması iki ölkənin əməkdaşlığı dərinləşdirmək və münasibətləri daha da inkişaf etdirmək əzmində - niyyətində və iqtidarında olduğunu təsdiqləyir.
Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlir. Bəyannamənin siyasi məzmunu ondan ibarətdir ki, iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürür.
Bəyannamə, həmçinin Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları əks etdirir. Çünki sənəddə keçmiş münaqişəyə son qoymuş 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın, eləcə də 2021-ci il 11 yanvar tarixli və 26 noyabr tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır.
Həm Şuşa Bəyannaməsi, həm də Moskva Bəyannaməsi Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafına xidmət etməklə yanaşı, ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət baxımından strateji önəm daşıyır. Nəticə etibarilə, Prezident İlham Əliyev uğurlu diplomatiya həyata keçirməklə, hərbi qələbəni strateji prosesə çevirib və bu, Azərbaycanın milli gücünün, regional təsir imkanlarının və dünyada rolunun, nüfuzunun artmasını şərtləndirir.
Əlaqələr məntiqi olaraq müttəfiqlik bəyannaməsinin
imzalanması ilə nəticələnib
Sevinc FƏTƏLİYEVA,
Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr
komitəsinin sədr müavini:
- Prezident İlham Əliyev Moskvaya rəsmi səfəri zamanı TASS Agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə ölkəmizin həyata keçirdiyi xarici siyasət barədə dolğun məlumatlar verdi. Dövlətimizin başçısı, həmçinin ona verilən sualları əhatəli şəkildə cavablandırdı. Prezident İlham Əliyev Azərbaycanla Rusiya arasında imzalanmış müttəfiqlik bəyannaməsinin əhəmiyyətini şərh edib, iki ölkənin çoxillik münasibətlərinin müttəfiqlərin parametrlərinə cavab verdiyini söyləyib. Uzun illər Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləri kimi xarakterizə olunub. Yüksələn xətlə inkişaf edən əlaqələr məntiqi olaraq müttəfiqlik bəyannaməsinin imzalanması ilə nəticələnib. Təsadüfi deyil ki, indiyədək Rusiya ilə Azərbaycan arasında 200-dən çox sənəd imzalanıb.
İkinci Qarabağ müharibəsi başa çatandan sonra regionda yeni vəziyyət yaranıb. Azərbaycan Cənubi Qafqazda yeni əməkdaşlıq platformasının yaradılması təşəbbüsü ilə çıxış edib. Bu platformada Ermənistan da yer alır. Ona görə də, ölkəmiz beynəlxalq hüquq normaları çərçivəsində Ermənistanla sülh müqaviləsinin imzalanmasının tərəfdarı kimi çıxış edir. Lakin hələ ki, qarşı tərəfdən bunun qarşılığını görmürük. Təəssüf ki, etnik ermənilər Azərbaycana qarşı qərəzli münasibətlərini davam etdirirlər. Bunu milliyyətcə erməni olan jurnalistin Prezident İlham Əliyevə ünvanladığı sualdan da aydın görmək olar. Prezident İlham Əliyev həmin suala çox tutarlı cavab verdi. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycanda etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna sübutdur. Ermənistan komandası Avropa Oyunları kimi idman tədbirlərində iştirak etmək üçün Bakıda olublar. Ermənistan nümayəndələri, hətta etnik ermənilər Azərbaycanda təşkil olunan müxtəlif tədbirlərdə iştirak edirlər. Bir neçə il bundan əvvəl Katalikos Qareginin səfəri olub. O, Bakının mərkəzində erməni kilsəsinə gedib və bu kilsədə erməni dilində 5 mindən çox kitabın qorunub saxlandığının şahidi olub. Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır.
Prezident İlham Əliyev görüş zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində görülən işlər haqqında da ətraflı məlumat verib. Qeyd edib ki, bərpa-quruculuq işləri ilə bağlı dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Amma ərazilərin minalanması işləri xeyli ləngidir. Müharibənin başa çatmasından indiyədək minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur. Ölkəmizə təqdim olunmuş xəritələrin dəqiqliyi 25 faiz təşkil edir. Gerçək xəritələrin Azərbaycana təqdim edilməməsi beynəlxalq humanitar hüququn pozulması deməkdir.
İlham Əliyevin Rusiyaya rəsmi səfəri Azərbaycanın
milli maraqları baxımından məhsuldar oldu
Sədaqət
VƏLİYEVA,
Milli Məclisin
deputatı:
Prezident İlham Əliyevin həyata
keçirdiyi düşünülmüş və müdrik
xarici siyasət nəticəsində ölkəmiz dünya
miqyasında etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanın
beynəlxalq nüfuzu durmadan artmaqdadır. Ölkəmizin milli maraqlarının qorunmasına
hesablanmış bu müdrik xarici siyasətin nəticəsidir
ki, dünyanın bir çox ölkələri Azərbaycanla
əməkdaşlıq etməyə, müttəfiqlik
münasibətləri qurmağa can atır.
Dünyada ölkələr
arasında münasibətlərin pisləşdiyi,
qarşıdurma meyillərinin artdığı bir dövrdə Azərbaycan
Prezidentinin dünyanın ən güclü dövlətlərindən
biri olan Rusiyaya səfər etməsi İlham Əliyevin
siyasi-diplomatik bacarığının göstəricisdir. Azərbaycanla
Rusiya arasında uzunmüddətli dostluq əlaqələrinin
mövcudluğu, iki ölkə arasında 200-dən artıq
sənədin imzalanması göstərir ki, dövlətlərarası
münasibətlər ali səviyyədə
inkişaf edərək müttəfiqlik səviyyəsinə
çatmışdır. Bu mənada,
imzalanmış Moskva Bəyannaməsi uzun illər ərzində
həyata keçirilən səmərəli işlərin nəticəsidir.
Prezident İlham Əliyev
Rusiyaya səfəri çərçivəsində
fevralın 23-də TASS Agentliyində Rusiyanın
aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri
ilə görüşüb və onların suallarını
cavablandırıb. Görüş zamanı yaddaqalan əsas məqamlardan
biri də Cənab Prezident İlham Əliyev və Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən
“RT” telekanalının və “Rossiya seqodnya” Beynəlxalq
İnformasiya Agentliyinin baş redaktoru Marqarita Simonyanın
heç bir əsası olmayan və qərəzli sualına
verilmiş cavablar oldu. Azərbaycan Prezidenti əsaslı
faktlarla, statistik göstəricilərlə, məntiqi arqumentlərlə
Simonyanın jurnalistikadan və peşə prinsiplərindən
uzaq olduğunu sübuta yetirdi. Prezident
İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım
Əliyeva verdiyi cavablarla erməni əsilli jurnalisti susdurdu və
saxta, yalançı erməni təbliğatına ciddi zərbə
vurdu.
Dövlətimizin
başçısı görüş zamanı bir daha Azərbaycanın
sülhsevər humanist mövqeyini bəyan edərək Ermənistanla
sülh müqaviləsi bağlamaq arzusunu diqqətə
çatdırdı. Bundan başqa, cənab Prezident Azərbaycanın iki
böyük və qonşu ölkəsi olan Türkiyə və
Rusiya ilə müttəfiqlik münasibətlərinə malik
olmasını, artıq bu əməkdaşlığın
üçtərəfli formatda de-fakto səviyyəsində
formalaşmasını vurğuladı.
Ümumilikdə Azərbaycan
Prezidentinin Rusiyaya rəsmi səfəri Azərbaycanın milli
maraqları baxımından məhsuldar oldu və bunu Azərbaycanın
tarixi qələbəsi kimi də xarakterizə etmək olar.
Xarici təhdidlərə
qarşı tutarlı sipər
İlham
MƏMMƏDOV,
Milli Məclisin
deputatı:
- Bu il fevralın 22-də Azərbaycanla Rusiya
arasında iki dost, qardaş ölkə, münasibətlərini
ən yüksək səviyyədə həm də məhz
ölkəmizin milli maraqlarının rəsmi olaraq
qorunacağını özündə əks etdirən
müttəfiqlik bəyannaməsi imzalandı. Diplomatik
münasibətlərimizin mövcud olduğu 30 il
ərzində bu əlaqələri qoruyaraq onu ən yüksək
müttəfiqlik səviyyəsinə aparan yol heç də
rahat olmayıb. Bəyannamənin imzalanmasından sonra mətbuata
açıqlamasında dövlətimizin
başçısı İlham Əliyev bu barədə deyib:
“Bu bəyannamə bizim münasibətlərimizi müttəfiqlik
səviyyəsinə çıxarır. Bu, həm
böyük imtiyaz, həm də böyük məsuliyyətdir.
Biz bu günə təkidlə, uzun müddət
əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə,
mehriban qonşuluğa, praqmatizmə, qarşılıqlı
maraqların nəzərə alınmasına əsaslanan
münasibətlər qurmaqla gəlib
çatmışıq”.
Bəyannamədə əsas
məqsəd Rusiya və Azərbaycanın münasibətlərini
müttəfiqlik qarşılıqlı fəaliyyət əsasında
qurmasıdır. Ölkələr aktual beynəlxalq
problemlər üzrə eyni və yaxın mövqelər
tutmaqla, o cümlədən ikitərəfli səviyyədə
daxil olmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər,
eləcə də qarşılıqlı maraq kəsb edən
məsələlər üzrə beynəlxalq təşkilat
və forumlar çərçivəsində
qarşılıqlı fəaliyyət göstərirlər.
Rusiya kimi nəhəng hərbi iqtisadi gücə
malik olan bir qonşu dövlətlə bu səviyyədə
müttəfiq olmaq perspektivdə də ölkəmizin təhlükəsizlik
təminatıdır. Ən əsas məsələ
isə odur ki, iki qonşu ölkə arasındakı bu
münasibətlərdə milli maraqlarımızın birmənalı
qəbulu rəsmiləşdirildi. Bu əməkdaşlıq
həm də ölkəmizə qarşı hər hansı
bir xarici təhdidlərə tutarli bir sipərdir. Bu bəyannamə
ilə biz yaxın qonşumuz və dostumuz olan Rusiya ilə
birgə bəyan edirik ki, üçüncü ölkəyə
qarşı yönəlməyən ikitərəfli hərbi
siyasi əməkdaşlığı inkişaf etdirərək
həm ölkələrimizin təhlükəsizliyini
etibarlı qoruyacaq, həm də Rusiya-Azərbaycan birgə səyləri
ilə Qarabağda sülhün, Xəzər regionunda və
Avropa məkanında əməkdaşlığa bundan sonra da
sanballı və həlledici töhfə veriləcəkdir.
Müttəfiqlik bəyannaməsi
ölkəmizin daha bir təhlükəsizlik zəmanətinin
etibarlı tərəfidir. Bunu bizə deməyə
əsas verən səbəblərdən biri də məhz 44
günlük Vətən müharibəsi zamanı
Rusiyanın sərgilədiyi mövqedir. Rusiya
bu haqq savaşında Azərbaycanın haqlı mövqeyini dəstəklədi.
Baxmayaraq ki, KTMT üzvü olan Ermənistan bu təşkilatın
müdaxiləsi üçün dəfələrlə
müraciət etdi və təxribatlara əl atdı. Lakin Rusiya bu təxribatlara və müraciətlərə
məhəl qoymadı. Moskva Bəyannaməsini
imzalamaqla daha bir etibarlı tərəfdaşımızın
Rusiya Federasiyası olduğunu rəsmi və hüquqi sənədlə
bəyan etdik. Əlbəttə,
bütün bunlar Prezident İlham Əliyevin
düşünülmüş, cəsarətli, uzaqgörən
xarici siyasətinin məntiqi nəticəsidir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2022.-1 mart.- S.3.