“Oda
pənah aparanın ocağı sönməz”
Bolluq, ruzi, bərəkət, firavanlıq rəmzi, yeni ilin başlanğıcı
sayılan Novruz bayramı ta qədimdən ölkəmizdə
təmtəraqla keçirilir. Bu bayramdan əvvəlki dörd çərşənbə
də xüsusi mərasimlərlə qeyd olunur. Həmin çərşənbələrdən ikincisi Od
çərşənbəsi adlanır.
Yaradılışın mərhələlərini
əks etdirən dörd ünsürdən
biri
Araşdırıcılar Novruz bayramına qədər qeyd olunan dörd
çərşənbə bayramını yaradılışın
mərhələlərini əks
etdirən dörd ünsürlə - su, od, yel və torpaqla izah edirlər. Tədqiqatçıların fikrincə, odun
müqəddəsliyinə inam həm də
bu düşüncə
ilə əlaqədardır.
Çərşənbə bayramlarından ikincisi bu baxımdan Od çərşənbəsi
adlandırılır.
Xalq arasında Od çərşənbəsinə
Üskü çərşənbə,
Üskü gecəsi,
Adlı çərşənbə,
Ocaq çərşənbəsi,
Atəş çərşənbə,
Xıs çərşənbə,
Xızır çərşənbəsi
də deyilir.
Bu çərşənbənin
keçirilməsində xalqımızın
qədim dövrlərdən
Günəşə, oda
olan inamı və ümidi əsas yer tutur. Ümumiyyətlə, insanlar bəşəriyyətin
ilk dövrlərindən oda,
istiliyə böyük
ehtiyac hiss ediblər.
Odun onlara həm soyuqdan donmaqdan qurtulmaqda, həm də vəhşi heyvanların hücumundan qorunmaqda köməyi olub. Zaman keçdikcə, gündəlik həyatda, məişətdə odun
zərurətini daha aydın görüb, dərk ediblər. Xeyirin qələbəsinə ümid
edən ilk bəşər
övladları Günəşin,
odun, ocağın istilik, rahatlıq, sağlamlıq mənbəyi
olduğu qədər
də şər qüvvələrdən qoruduğuna
inanıb, onları müqəddəs olaraq qəbul etməyə başlayıb, sitayiş edib, inanclar, mərasimlər yaradıblar.
Oda inamın və sitayişin tarixi o qədər qədimdir ki, Novruz bayramını, Od çərşənbəsini
zərdüştlük etiqadına
bağlamağa cəhd
göstərənlər fikirlərini
yetərincə əsaslandıra
bilməyiblər. Tədqiqatçılar bu bayramların tarixinin zərdüştlükdən
də, islamdan da çox-çox öncələrə gedib
çıxdığını qeyd edirlər. Bildirirlər ki, Novruz və dörd çərşənbə
bayramlarında qalanan tonqalın atəşpərəstliklə
heç bir əlaqəsi ola
bilməz. Çünki atəşpərəstlər
müqəddəs bildikləri,
sitayiş etdikləri
odun, ocağın üstündən tullanmazlar.
Novruz və çərşənbə
bayramlarında isə
“Ağrım, uğrum
odda yansın” deyərək tonqalın üstündən atılırlar.
Əcdadlarımızın oda sitayişləri, şərəfinə şənliklər
düzənlədikləri, ocaq qarşısında səcdəyə duraraq oyun və ayinlər
təşkil etdikləri
bir sıra tarixi mənbələrdə
qalmaqdadır. Buna misal
olaraq, Qobustan qayaüstü rəsmlərində
ocaq ətrafında “yallı” gedən insan təsvirlərini göstərmək olar.
“Od
yanan yerdən işıq gələr”...
Qədim türk xalqlarının dağ başında tonqal qalayaraq həm bir-birilərinə
xəbərlər ötürdükləri,
həm də sevinc və kədərlərini ifadə
etdikləri folklor nümunələrində də
əksini tapıb. Belə
ki, onlar dağ başında, hündür yerlərdə yandırdıqları
tonqalın sayı ilə şad vaxlarında, sevincli dəqiqələrində birlikdə
şənlənməyə, çətin, dar günlərində, düşmənin
hücumu zamanı isə köməyə çağırıblar. Bu işarələrdən vəziyyətin
nə yerdə olduğunu başa düşən soydaşları,
dostları özlərini
yetirib, uzaq məsafələrdən onlara
yardıma gəliblər.
Qədim dövrlərdən od-ocaq
insanları yaşadıqları
yerə, obaya, yurda bağlayıb. Əcdadlarımız
müqəddəs bildikləri
oda, ocağa, işığa, Günəşə
and içib: “Od haqqı”, “Gün haqqı”, “İşığa
and olsun!”, “Çıraq
haqqı!” deyiblər.
Oda inam “Odu su ilə
söndürmək olmaz”,
“Odsuz ocaq olmaz”, “Od ilə
oynamaq olmaz”, “Od yanmasa, tüstü
çıxmaz”, “Oda pənah aparanın ocağı sönməz”,
“Ocağı söndürən
çox olar, yandıran az”, “Od yanan yerdən
işıq gələr”
və başqa deyimlərdə, atalar sözlərində əksini
tapıb.
Ulularımız xoş günlərini görmək
istədikləri, xoşbəxt
olmağını arzuladıqları
adama “Ocağın odlu, qazanın qaynar olsun”, “Ocağınız odlu, eviniz nurlu olsun”,
“Ağrın, acın
odda yansın”, “Ocağına nur çilənsin”, “Ocağın
bərəkətli olsun”,
“Ocağın sönməsin”
deyə alqış ediblər.
Əsrlər boyu xalqımızın inanclarına
görə, “Ocaq yananda səs çıxırsa, deyərlər
ki, kimsə sözünü danışır”,
“Od hisli olarsa, uzaqdan qonaq gələcək”, “Ocağı dağıdan
xeyir tapmaz”, “Ocaq sönməyən yerdə məskən salar”, “Ocaqda kül titrəyəndə
“od xeyrə oynayır”...
Zaman keçdikcə insanlar həyat şəraitlərini
yaxşılaşdırmaq, rahatlıqlarını təmin
etmək üçün
müxtəlif vasitələrə
əl atıblar, yeni kəşflər ediblər. Ancaq heç bir
kəşf, elmin, texnikanın inkişafı
sayəsində nail olduqları
yeniliklər odun, işığın insan həyatında rolunu, əhəmiyyətini azaltmayıb.
Odur ki, əsrlər dəyişsə də, odla bağlı deyimlər, mərasim və inanclar da unudulmayıb.
Günəşə çağırış...
Qədimdən Od çərşənbəsində
müxtəlif ayin və mərasimlər keçirilib. Günəşi çağırmaq, istiliyin olması üçün icra edilən “Qodu-qodu” oyunu onlardan biridir. İnsanlar “Qodu-qodu” mahnısı
oxuyaraq Günəşi
çağırıb, ondan
istilik istəyiblər.
Kənd cavanları Günəşin
rəmzi kimi üzəri qırmızı
bəzədilmiş çömçəni
götürüb qapı-qapı
gəzib dolaşıblar.
Onlar bu nəğməni oxuyub evlərdən bayram paylarını alıblar:
Qodu-qodunu gördünmü?
Qoduya salam verdinmi?
Qodu burdan ötəndə
Qırmızı günü gördünmü?
Qoduya qaymaq gərək,
Qablara yaymaq gərək,
Qodu gün çıxarmasa,
Gözlərin oymaq gərək.
Yağ verin yağlamağa,
Bal verin ballamağa,
Qodu gülmək istəyir.
Qoymayın ağlamağa.
“Çərşənbədə
ocağı boş qoymazlar”
Ulularımızın bir inancı da belədir ki, “Çərşənbədə
ocağı boş qoymazlar”. Odur ki, qədim zamanlarda olduğu kimi, bu gün də
ölkəmizin bütün
bölgələrində Novruz
bayramına qədərki
dörd çərşənbə
bayramına, eləcə
də Od
çərşənbəsinə qabaqcadan xüsusi hazırlıqlar görülür.
Odun müqəddəsliyinə
inamı əks etdirən bu çərşənbə bayramının
özünəməxsus, zəngin
mərasimləri, adət-ənənələri
var. Od çərşənbəsində
Novruz bayramının
digər çərşənbələri
ilə müqayisədə
tonqal qalama mərasimi daha möhtəşəm olur.
Novruzun ikinci çərşənbəsində
tonqalın yandırılması
həm də gələn yeni ilin isti, bərəkətli
keçməsi istəyindən
irəli gəlir.
Adətən, insanlar elə
yer seçirlər ki, yandırdıqları ocaq hər yandan
görünsün. Qədimdə qız-gəlinlər odun şərəfinə nəğmələr
oxuyublar. Od çərşənbəsində
qalanan tonqalın ətrafına ailəlikcə,
ellikcə toplaşmaq
ənənəsi bu gün də qalmaqdadır.
Tonqal quru odun, kol-kos
və ya çırpıdan, tikan və təmiz ağac budaqlarından hazırlanmalı idi. İnanca görə,
çərşənbə tonqalını yaş ağacdan qalamazlar. Çünki ulularımız yaş
və acı tüstülü ağacdan
tonqal qalayan adama sədəmə toxuna biləcəyinə inanırdılar. Araşdırıcılar bildiriblər ki, keçmiş zamanlarda insanlar həm də belə düşünürdülər ki, şər qüvvələri qaratikanın
batmasından qorxub tonqala yaxın gəlməzlər. Araşdırmalarda bəzi bölgələrdə
tonqala üzərlik də atıldığı,
bununla insanların bədnəzərdən qorunacaqlarına
inandıqları qeyd olunub.
El arasında bu gün də
icra olunan adət-ənənəyə görə,
Od çərşənbəsində
tonqal qalayıb, üç dəfə “Ağırlığım, azarım-bezarım
odda yansın” deyə-deyə odun üstündən tullanır,
bununla da xəstəliklərdən xilas
olduqlarına inanırlar.
Bu çərşənbə
bayramında tonqalının
həyət darvazasının
ağzında qalanmasını
odun qara qüvvələri məhv
etmək gücündə
olması, bununla həyətə gələnlərin
özləri ilə pis niyyət, ağırlıq gətirə
bilməmələri düşüncələri
ilə izah edirlər.
Od çərşənbəsində
də gələn yeni ilin bolluq
içərisində keçməsi,
bərəkətli olması
üçün digər
üç çərşənbədə
olduğu kimi, bayram süfrəsi açılır. Çeşid-çeşid
xörəklər bişirilir,
plov dəmlənir.
Bayram süfrəsinə şirniyyatlarla
dolu xonçalar qoyulur.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2022.- 1 mart.- S.8.