Ailə qanunvericiliyinin təkmilləşdirilməsi
diqqət mərkəzindədir
Martın 3-də Milli
Məclisdə parlamentin
Ailə, qadın və uşaq məsələləri komitəsinin
təşkilatçılığı ilə “Ailə qanunvericiliyi: ənənəvilik
və müasirlik” mövzusunda dinləmə
keçirilib.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri
komitəsinin sədri
Hicran Hüseynova müasir Azərbaycan dövlətçiliyinin banisi
ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ailə dəyərlərinə,
milli-mənəvi dəyərlərə
böyük önəm
verdiklərini qeyd edib, bu gün
dövlətin güclü
dəstəyi sayəsində
ailələrimizin inkişafı
üçün real imkanların
yaradıldığını vurğulayıb.
Ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda yaradılan qanunvericilik bazasından danışan komitə sədri zamanın tələbləri və çağırışları fonunda bu sahədə qanunvericiliyin nəzərdən keçirilməsi ehtiyacının yaranmasından bəhs edib. Cəmiyyətdə artan boşanma, ailədaxili zorakılıq hallarının statistik təhlilini aparan komitə sədri ailə üzvləri arasında ünsiyyət çətinliyinin, sosial-psixoloji gərginliyin, müasir amillərin mənfi təsirinin ailənin təməlini zəiflətməsinə diqqət çəkib.
Milli-mənəvi dəyərlərin təbliğinin və bu sahədə maarifləndirmə işlərinin artırılmasının önəmini vurğulayan Hicran Hüseynova bildirib ki, bu dəyərləri qoruyub saxlamaq çox vacibdir.
Sonra Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva çıxış edərək ailə institutunun təməllərinə zərbə vuran faktorlara diqqəti cəlb edib, onların qarşısının alınması yolları ilə bağlı fikirlərini açıqlayıb. O, evlənmə yaşında olan gənclər üçün xüsusi kursların təşkilini məqsədəuyğun hesab etdiyini deyib, həmçinin məişət zorakılığı cinayətləri ilə bağlı fikirlərini bölüşüb. Komitə sədrinin müavini, sadəcə, hüquq-mühafizə orqanlarının deyil, bütün cəmiyyətin bu amillərlə birgə mübarizə aparmasının önəmini vurğulayıb.
Dinləmədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Tamam Cəfərova, Sədaqət Vəliyeva, Könül Nurullayeva, Nigar Arpadarai çıxış ediblər, mövzu ilə bağlı fikirlərini bölüşüblər. Millət vəkilləri ailədaxili münaqişələrin, məişət zorakılığının, erkən nikah hallarının qarşısının alınması yolları barədə danışıblar, bu kimi problemlərin həlli zamanı hüquqi müstəvidə rastlanan çatışmazlıqlara diqqət çəkiblər.
Çıxışçılar ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin rəisi Hikmət Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Babək Hüseynov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elşən Hüseynov, Səhiyyə Nazirliyinin əməkdaşı Aynurə Zeynalova, Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin əməkdaşı Aygün Şahbanova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov, Ombudsman Aparatı Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, “Ümidli gələcək” İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova mövzu ilə bağlı çıxış ediblər. Çıxışçılar ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində aparılan işlərdən danışıblar, bu sahənin aktual məsələləri, onların həlli ilə bağlı fikirlərini açıqlayıblar.
Müzakirələrə yekun vuran komitə sədri Hicran Hüseynova dinləmədə fəal iştirak etdiklərinə görə qonaqlara təşəkkürünü bildirib, aparılan fikir mübadiləsinin faydalı olduğunu bildirib.
Tədbirdə deputat Ramin Məmmədov
və digər rəsmi şəxslər də iştirak ediblər.
Ülkər
XASPOLADOVA
Azərbaycan.- 2022.- 4 mart.- S.3.