Əlcəzair portalı Atəşgah məbədindən
yazıb
Əlcəzairin “Əl Hərir” portalında Azərbaycanın ən ecazkar tarixi abidələrindən biri olan Atəşgah məbədi haqqında məqalə yerləşdirilib.
AZƏRTAC-a istinadla hazırlanmış məqalədə diqqətə çatdırılıb ki, od həmişə azərbaycanlıların həyatında mühüm rola malik olub və təsadüfi deyil ki, onlar öz ölkəsini “Odlar yurdu” adlandırırlar. Bunun ən bariz nümunəsi isə Atəşgah məbədidir.
Məqalədə ərəbdilli oxuculara Atəşgah məbədi haqqında ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, bu məbəd Azərbaycan ərazisindəki Abşeron yarımadasında, Bakı şəhərindən 30 km aralıda, Suraxanı rayonundakı Suraxanı kəndi yaxınlığında yerləşən, müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədidir. XVII-XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş məbədin adı “Alov evi” və ya “Alov yeri” anlamı verir. Tarixi mənbələrə görə, qədim atəşpərəstlər məbədinin qalıqları üzərində, təbii qazın çıxdığı əbədi məşəlin yerində XVII-XVIII əsrlərdə inşa edilmiş bu məbəd 24 hücrə və mərkəzi səcdəgahdan ibarətdir. Tarixçilərin yazdığına görə, müxtəlif vaxtlarda tikilmiş hücrələr və ibadətgah XVII əsrin sonlarında ümumi hasara alınmışlar. Məbədin ən erkən tikilişi təqribən eramızın 1713-cü ilinə aid edilir.
Məqalənin sonunda qeyd edilib ki, Atəşgah məbədi 1975-ci ildə restavrasiya edilib və yenidən turistlərin ziyarətinə açılıb.
Azərbaycan.- 2022.- 4 mart.- S.7.