BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Ağdama səfər
edib
BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərifin başçılıq etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Qonaqlar səfər zamanı Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Maimuna Mohd Şərif və digər qonaqlar əvvəlcə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə gəliblər. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqlara Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilər, o cümlədən Ağdam şəhəri, həyata keçirilən tikinti-quruculuq işləri, layihələr barədə məlumat verib.
Sonra Ağdam Şəhidlər xiyabanına gələn qonaqlara məlumat verilib ki, burada Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qəbri də buradadır. Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar.
Nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın fevralın 13-də Ağdama səfəri zamanı təməli qoyulan yeni yaşayış kompleksinin ərazisində həyata keçirilən tikinti işləri ilə tanış olublar.
Maimuna Mohd Şərif və digər qonaqlar İmarət kompleksi, Dram teatrının qalıqları, Cümə məscidi və Şahbulaq qalasında da olub, erməni vandalizminin izlərinə baxıblar. Məlumat verilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizmi ilə üzləşib. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.
Qarabağ
iqtisadi rayonuna daxil olan işğaldan
azad olunmuş ərazilərdə
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin
Hüseynov jurnalistlərə müsahibəsində
deyib: “Bu
gün BMT Baş katibinin müavini, BMT-nin Məskunlaşma Proqramının
(UN-HABITAT) İcraçı direktoru Maimuna Mohd Şərifi və
onu müşayiət edən nümayəndə
heyətini Ağdam şəhəri, burada törədilmiş urbisidin
bariz nümunələri ilə
tanış elədik. Qonaqlar Ağdam və işğaldan
azad olunmuş digər
ərazilərdə aparılan bərpa-quruculuq işləri
ilə də tanış oldular. Azərbaycan
hökumətinin bərpa prosesinə yanaşmasını və
idarəetmə mexanizmini izah
etdik. Eləcə də bu təşkilatların Azərbaycan təcrübəsindən
bəhrənə biləcəkləri məsələlər
haqda fikir mübadiləsi
apardıq. Ümid edirəm ki, qonaqların bu səfəri
faydalı olacaq. Əlbəttə ki, bu torpaqlarda
30 il ərzində törədilmiş vandalizm faktları danılmazdır. Amma, eyni zamanda,
biz gələcəyə
baxmalıyıq. Cənab Prezidentin rəhbərliyi
ilə dövlətimiz bu torpaqlarda
gözəl şəhərlər, kəndlər, qəsəbələr
quracaq. Bütün
bunların məqsədi vətəndaşlarımızın
tez bir zamanda
dədə-baba torpaqlarına qayıtmasıdır. Məqsədimiz
odur ki, Qarabağa həyat qayıtsın. Bu, artıq başlayıb və beynəlxalq təşkilatlar
da buna şahidlik
edirlər”.
Azərbaycan.-
2022.- 5 mart.- S.4.