Azərbaycanda vətənpərvər nəsil yetişib
Gələcəyə
dəstək
Cəmiyyətin, dövlətin ümidlə baxdığı gələcəyi quracaq, yeni uğurlu illərə, əsrlərə aparacaq gənclər olacaq. Hər zaman onlara göstərilən diqqətdə, qayğıda, tələblərdə bu duyğular önəmli yer tutub.
Tariximizin bütün səhifələrində dövrün mühüm ictimai, siyasi, sosial, iqtisadi, mədəni hadisələrində gənclərin əhəmiyyətli rol oynadıqları barədə məlumatlar, faktlar öz əksini tapıb. Ayrı-ayrı əsrlərdə doğma millətinin haqqının, hüququnun qorunması, məmləkətinin yağı düşməndən qorunması uğrunda mübarizələrdə onlar ön sıralarda dayanıblar. Soydaşlarının gerilikdən, ətalətdən, səfalətdən qurtulmaları, tərəqqi etmiş millətlərin cərgəsində yer almaları üçün aparılan mücadilələrə qoşulmuş gənclərin gördüyü təqdirəlayiq işləri bu gün də qürurla xatırlayırıq.
Zaman keçir, nəsillər bir-birini əvəz edir. XX əsrin sonuncu onilliyində yenidən dövlət müstəqilliyini bərpa
edən Azərbaycanın
uğurlarında da gənclərimiz əhəmiyyətli
rol oynayıblar.
Bu günümüzün
gəncləri müharibə
şəraitində yaşayan
bir ölkədə böyüyüb, boya-başa
çatıblar. Onlar ağılları kəsəndən öz vətənlərinin darda
olduğunu görmüşdülər.
Çünki Azərbaycanın əzəli torpaqlarının
20 faizi 1990-cı illərdə
işğalçı Ermənistan
tərəfindən zəbt
olunmuşdu. Bir milyondan
artıq soydaşımız
öz evini, yurdunu erməni təcavüzkarlarının zülmləri,
işğəncələri səbəbindən tərk
etmək məcburiyyətində
qalıb respublikamızın
müxtəlif bölgələrində
məskunlaşırdılar. Qaçqın statusu almış
bu insanlar otuz ilə yaxın
doğma ocaqlarının,
evlərinin, el-obalarının
həsrətini çəkdilər.
Bu nisgillə, bu ağır dərdlə dünyadan köçənlər də
çox oldu.
Həmin ailələrdə dünyaya
gələn uşaqlar
ata-baba yurdlarını
görməsələr də,
böyüklərin həsrəti,
nisgili onlara da sirayət etdi. Ancaq yalnız onlar
deyil, Azərbaycanın
bütün gəncləri
doğma vətən torpaqlarının bir hissəsinin qəddar və məkrli erməni quldurları tərəfindən işğal
edildiyini, azərbaycanlıların
zorla o ərazilərdən
çıxarıldıqlarını, bəzilərinin əsir götürüldüyünü, qətlə yetirildiyini bilərək böyüdülər.
Bilirdilər ki, qəhrəman
babaların, ataların
övladlarıdırlar. Ona görə də bu qisası qiyamətə qoymayacaqlar.
Belə də oldu.
Azərbaycan dövləti, Azərbaycan
xalqı heç zaman müharibə tərəfdarı olmayıb. İşğal altında olan ərazilərimizin Ermənistandan
geri alınması üçün uzun illər danışıqlar
aparıldı, beynəlxalq
təşkilatlara müraciətlər
edildi. Azərbaycan bütün beynəlxalq
hüquq və prinsipləri, insani dəyərləri yüksək
tutduğunu daim həyata keçirdiyi məqsədyönlü işləri,
əməlləri ilə
göstərdi. Ermənistan tərəfi
isə hər zamankı kimi məkrli niyyətindən,
qəddar əməllərindən
əl çəkmədi,
atəşkəs rejimini
pozmaqdan, Azərbaycanın
nəinki, hərbi mövqelərini, hətta
mülki əhalisinin yaşayış yerlərini
atəşə tutmaqdan
çəkinmədi.
2020-ci il
sentyabrın 27-də də
Ermənistan silahlı
qüvvələrinin təxribatı
nəticəsində münaqişə
yenidən alovlandı.
Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev o gün xalqa müraciət etdi. Bildirdi ki, Azərbaycan heç bir təxribata əl atmamışdır, sadəcə
olaraq öz maraqlarını müdafiə
edir, öz mövqeyini dəstəkləyir
və öz siyasətini alnıaçıq
aparır: “Bütün
beynəlxalq təşkilatlar
Azərbaycanın ərazi
bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi
bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar
çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq
Qarabağın Azərbaycana
məxsus olduğunu açıq-aydın təsbit
edir. BMT Təhlükəsizlik Şurasının
dörd qətnaməsində
deyilir ki, erməni silahlı qüvvələri dərhal,
tam və qeyd-şərtsiz
işğal edilmiş
torpaqlardan çıxarılmalıdır.
Otuz ilə yaxındır ki, bu qətnamələr
kağız üzərində
qalır. Otuz ilə
yaxındır ki,
Minsk qrupu çərçivəsində
danışıqlar aparılır
və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar
prosesini iflic vəziyyətə salıbdır.
BMT-dən başqa
bütün digər aparıcı beynəlxalq
təşkilatlar bizim
haqlı mövqeyimizi
müdafiə edir.
Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan
bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli
qətnamə qəbul
etmişlər. İslam Əməkdaşlıq
Təşkilatı ədalətli
qətnamələr qəbul
etmişdir. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələri
bizim mövqeyimizi dəstəkləyir. Bizim mövqeyimiz
beynəlxalq hüquqa
və ədalətə
əsaslanır. Biz öz torpağımızda
vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə
sarsıdıcı zərbələr
endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın
ərazi bütövlüyünü
qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim
torpağımızda nə
işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə
işi var?! Heç kəs üçün sirr deyil ki,
“Dağlıq Qarabağ
ordusu”nun tərkibində
olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından
ibarətdir. Ermənistan işğalçı
dövlətdir, bu işğala son qoyulmalıdır
və son qoyulacaqdır”.
O gün Azərbaycanın bütün
bölgələrində yaşayan
gənclərimiz torpaqlarımızın
işğaldan azad olunması uğrunda mübarizəyə qoşulmaq
üçün Ali Baş
Komandan İlham Əliyevin bir əmrinə müntəzir
olduqlarını göstərdilər.
İlham Əliyev:
“Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər
çalacağıq! Qarabağ
bizimdir, Qarabağ Azərbaycandır!”, - dedi
və bu haqq işi uğrunda
minlərlə Azərbaycan
gənci ayağa qalxdı.
44 günlük
İkinci Qarabağ müharibəsi Azərbaycan
gənclərində torpaq,
Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik
hisslərini nümayiş
etdirdilər.
Bu müharibə
Ermənistan silahlı
qüvvələri üçün
əbədi gözdağı
oldu. İkinci Qarabağ müharibəsində
Azərbaycan yalnız
öz möhtəşəm
hərbi gücünü
göstərərək Ermənistanı
məğlubiyyətə uğradıb,
otuz ilə yaxın işğal altında qalan ərazilərini geri qaytarmadı, həm də azərbaycanlıların
vətənə sevgilərinin,
dövlətlərinə sədaqətlərinin
sonsuzluğu meydana çıxdı. Sevindirici, təqdirəlayiq
bir məqam da bu dövlətin,
bu millətin gənclərinin qətiyyəti,
mərdliyi, igidliyi, vətənpərvərliyi oldu.
İşğala son qoyan Azərbaycanın qüruru olan bu gənclərin öz dövlətinə və millətinə hələ çox nailiyyətlər qazandıracağı
şübhəsizdir.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2022.-5 mart.- S.6.