Azərbaycan idmançıları yeni
zirvələr fəth edirlər
Sağlamlığın qorunması və möhkəmlənməsində, gənclərin fiziki inkişafında, ölkənin idman şərəfinin beynəlxalq aləmdə uca tutulmasında bədən tərbiyəsi və idmanın müstəsna əhəmiyyətini nəzərə alan Azərbaycan Prezidentinin 2005-ci il 4 mart tarixli sərəncamı ilə hər il martın 5-i ölkəmizdə Bədən tərbiyəsi və idman günü kimi qeyd olunur.
“Bədən tərbiyəsi və idman haqqında” qanun bu sahədə fəaliyyətin təşkilati-hüquqi, sosial-iqtisadi əsaslarını və dövlət siyasətinin prinsiplərini müəyyən edir, vətəndaşın bədən tərbiyəsi və idmanla məşğul olmasına imkan yaradır.
Sevindirici haldır ki, bu gün Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır. Hər il müxtəlif nüfuzlu beynəlxalq yarışların Azərbaycanda keçirilməsi və atletlərimizin turnirlərdə qazandığı yüksək nəticələr idmanda ölkəmizə böyük imic qazandırıb. Bu bayram günündə idmanımızın ötən bir ildə keçdiyi yola nəzər salınsa, böyük nailiyyətlərlə əlamətdar olduğunu görmək olar.
Ötən il idmançılarımız qatıldıqları beynəlxalq yarışlarda 519 medal qazanıblar. Onlardan 227-si olimpiya (62 qızıl, 62 gümüş, 103 bürünc) və 292-si isə qeyri-olimpiya (117 qızıl, 85 gümüş, 90 bürünc) növlərinin payına düşür. Milli komandalarımız isə 182 beynəlxalq turnirə qatılıb.
Ölkəmizin keçən il “Formula-1” Azərbaycan Qran-prisinə, futbol üzrə Avropa çempionatına və digər mötəbər yarışlara uğurla evsahibliyi etməsi, atletlərimizin beynəlxalq turnirlərdə qazandıqları parlaq qələbələr idman tariximizə qızıl hərflərlə yazıldı.
Yola saldığımız ildə yaddaqalan idman hadisələrindən biri Yaponiyanın paytaxtı Tokioda keçirilən Yay Olimpiya Oyunları idi. Ümumiyyətlə, “Tokio-2020” bir sıra özünəməxsus cəhətləri ilə əvvəlki olimpiadalardan seçilirdi. Əsas səbəb də o idi ki, Yaponiya paytaxtında tarixən ikinci dəfə təşkil edilən Olimpiya oyunları bütün dünyada tüğyan edən koronavirus pandemiyası səbəbindən bir il müddətinə təxirə salınmışdı. Təşkilatçıların birlikdə qəbul etdikləri qərara əsasən, əcnəbi tamaşaçıların yarışlara azarkeşlik etmək üçün Yaponiyaya gəlişi qadağan edilmişdi. Yarışları izləmək üçün Yaponiyaya gələn rəsmi nümayəndə heyətlərinin tərkibi də kəskin azaldılmışdı. Dünyanın 206 ölkəsindən 11 mindən çox idmançının qatıldığı turnirdə qalib olmaq hər bir atletin arzusu idi. Çünki planetin ən güclülərinin mübarizəsində ilk 3 pillədən birində yer almaq elə də asan qazanılan nəticə deyil. Bu baxımdan dördilliyin zirvə yarışına 44 idmançı ilə qatılan Azərbaycan komandasının turniri 3 gümüş və 4 bürünc medalla başa vurması uğur hesab olunmalıdır.
Azərbaycanın dünya və qitə miqyaslı turnirlərə evsahibliyi etməsi artıq ənənəvi hal alıb. Ötən il cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri, aerobika və batut gimnastikası üzrə dünya çempionatları, 28-ci dünya yaş qrupları yarışları, şahmat üzrə Vüqar Həşimov Memorialı, “Formula-1” Azərbaycan Qran-prisi, paracüdo üzrə Qran-prisi kimi yarışlar da Azərbaycanın yüksək təşkilatçılıq etdiyi növbəti tədbirlər kimi tarixə yazıldı.
2021-ci ildə ölkəmiz 15 beynəlxalq yarışa evsahibliyi edib. Onlar sırasında əsas yarışlardan biri isə futbol üzrə Avropa çempionatının final mərhələsinin keçirilməsi idi. “Avro-2020” bir il təxirə salındıqdan sonra Bakı da daxil olmaqla 11 şəhərdə təşkil edildi və Azərbaycan futbol azarkeşləri paytaxtımızda qrup mərhələsinin 3 və dörddəbir finalın bir oyununu tribunalardan canlı izləmək imkanı qazandılar.
Dünyanın ən böyük idman tədbirlərindən biri olan “Formula-1” üzrə dünya çempionatının ötən mövsümdə altıncı mərhələsi - Azərbaycan Qran-prisi maraqlı və gərgin mübarizə ilə yadda qaldı. Azərbaycan Qran-prisi “Red Bull Racing Honda” komandasının meksikalı üzvü Serxio Peresin qələbəsi ilə başa çatdı. İkinci yeri “Aston Martin” komandasının almaniyalı pilotu Sebastyan Fettel, üçüncü yeri isə “AlphaTauri” komandasının fransalı pilotu Pyer Qasli tutdu.
2021-ci ildə bir sıra yeni idman mərkəzləri istifadəyə verildi. Azərbaycan Prezidentinin iştirakı ilə Goranboy Olimpiya İdman Kompleksinin və Şamaxı şəhər stadionunun açılışı, həmçinin Milli Gimnastika Arenasının yeni məşq binasında, Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanışlıq oldu.
Göründüyü kimi, Azərbaycanın idman potensialı ildən-ilə daha da güclənir. Hər il beynəlxalq turnirlərdə yüzlərlə medal qazanılır. Bədən tərbiyəsi və idmanın inkişafı naminə yürüdülən dövlət siyasəti düşünülmüş, məqsədyönlü olduğundan gözlənilən uğurlu nəticələr əldə edilir.
Elçin CƏFƏROV
Azərbaycan.-
2022.- 5 mart.- S.7.