Adın şərəflidir

 

Vətən anamızın laylasından başlayır

 

“Adın şərəflidir sənin, ey qadın!” deyib şair. Şərəf, ləyaqət, qeyrət, nəzakət, mərhəmət... Bir-birinə halqa kimi bağlanan bu sözlərin arxasında dayanan ali keyfiyyətlərin hamısı Azərbaycan qadınının simasında cəm olub. Tarix boyu təsdiqlənib bunlar. Onun səhifələrindən Bərdə hökmdarı Nüşabə xanımın, böyük şairələr Məhsəti Gəncəvinin, Xan qızı Xurşidbanu Natəvanın, qoç Koroğlunun igid ömür-gün yoldaşı Nigarın və yüzlərlə digər Azərbaycan qadınının sönməz xatirəsi boylanır. Bu salnamə, bu nümunə günümüzədək davam edir.

Qadınlar müstəqil Azərbaycanın sosial-iqtisadi həyatının bütün sahələrində fəal iştirak edirlər, onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,3 faizdir. Bu gün Azərbaycan qadınları kişilərlə bərabər idarəçilikdə, ictimai təşkilatlarda, dövlət qurumlarında təmsil olunur, rəhbər vəzifələr tuturlar. Cəmiyyətin aparıcı hissəsinə çevrilən qadınlar ölkəmizdə gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak edirlər. Qadınlarımız Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, ərazi bütövlüyünün qorunmasında, hüquqi demokratik dövlət quruculuğunda, iqtisadi yüksəlişin təmin edilməsində misilsiz xidmətlər göstərirlər. Onların cəmiyyətin həyatında rolu getdikcə daha da artır .

Bütün bunlar ölkəmizdə qadınlara yüksək səviyyədə diqqət və qayğı göstərilməsindən qaynaqlanır . Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili Ulu Öndər Heydər Əliyevin hər zaman diqqət mərkəzində saxladığı məsələlərdən olub. Belə ki, Azərbaycan 1995-ci ildən “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın üzvüdürbu Konvensiyanın həyata keçirilməsi haqqında öhdəlikləri öz üzərinə götürərək bərabərlik və demokratiya ideyalarına tərəfdar olduğunu təsdiq edib. Ümummilli Lider 1998-ci ildə Azərbaycanda qadınların hüquqlarını müdafiə etmək və bu sistemi mərkəzləşdirmək məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi (hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlanır) yaradıb. Bünövrəsi Ulu Öndər tərəfindən qoyulan həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Odur ki, qadınlar cəmiyyətin inkişafında fəal iştirak edərək ölkəmizin inkişafına öz töhfələrini verirlər.

Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan qadınlar arasında bacarıqlı siyasətçilər, adamları, dövlət məmurları da az deyil. Humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək hörmət qazanan birinci xanım, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xəti ilə daxil olan şəxsiyyətlərdəndir.

MehribanƏliyevaUNESCO-nunvə ISESCO-nunxoşməramlı səfirikimiAzərbaycanı dünyamiqyasındaşərəfvə ləyaqətlə təmsiledir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra xalqımızın milli və qədim bayramlarından olan Novruzun dövlət səviyyəsində qeyd olunması ideyası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyuldu. Bu ideyanın davamçısı olan Heydər Əliyev Fondunun prezidentinin gərgin səyləri nəticəsində Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycan milli-mənəvi dəyərlərinin dünyaya inteqrasiya olunması da böyük əhəmiyyətə malikdir. Onun rəhbərliyi ilə fond Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlər həyata keçirir, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunmasına dəstək verir. Bakıda Beynəlxalq Muğam Mərkəzinin istifadəyə verilməsi, ölkənin şəhər və kəndlərində mədəniyyət və təhsil müəssisələrinin təmiri, inşası və bərpa etdirilməsi istiqamətində görülən işlər müstəsna əhəmiyyət daşıyır. Azərbaycanın birinci xanımının mədəniyyət sahəsində apardığı məqsədyönlü fəaliyyəti nəticəsində qədim tarixə malik muğam və aşıq sənəti də UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

 

Prezident İlham Əliyevlə çiyin-çiyinə Mehriban xanımın ölkənin inkişaf strategiyasının hazırlanmasında və həyata keçirilməsində, sosial layihələrin gerçəkləşməsində böyük əməyi var. Sosial problemlərin həllinə xüsusilə diqqət ayırır. O, hər zaman həssas əhali qruplarına qayğı ilə yanaşır, onların sosial ehtiyaclarının ödənilməsi üçün müxtəlif təşəbbüslər irəli sürür. Bu gün birinci xanım həmçinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında fəal iştirak edir.

Bütün bunlar Azərbaycan xanımları üçün gözəl nümunədir və təsadüfi deyil ki, qadın və qızlarımız hər sahədə onlara göstərilən etimadı doğruldurlar.

Qısa statistik arayış: cari ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50 faizini qadınlar təşkil edib. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,7 , orta ixtisas təhsil müəssisələrində 80,9 , ali təhsil müəssisələrində 54 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsil alanların 46,5 , orta ixtisas təhsili müəssisələri tələbələrinin 61,6, ali təhsil müəssisələri tələbələrinin 49,3 faizi qızlardır.

Qadınların elmin inkişafında da müstəsna rolu var. Elmi işçilərin 57,6 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,4 , fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,3 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 27,5, fərdi sahibkarlar arasında isə 21,4 faizdir.

Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 18,5 faizə çatıb.

Qadınların reproduktiv sağlamlığının qorunması dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biridir. Hazırda ölkədə 17 doğum evi, 118 qadın məsləhətxanası onların reproduktiv sağlamlığının keşiyində dayanır.

Qadın anadır! Cənnət isə anaların ayaqları altındadır. Vətən hər birimiz üçün anamızın laylasından başlanır. Vətənə Ana demişik həmişə. Vətən, torpaq uğrunda canından-qanından keçənlərə südünü, zəhmətini halal edib bizim mərd analar.

Bir şair deyib ki, qara günə qardaşsan, günə həmdəmsən, Azərbaycan qadını. Haqlıdır belə deməkdə, çünki zaman-zaman tale çox sınağa çəkib Azərbaycan qadınını. Elə yaxın tariximizi götürək. Minlərlə qadın 30 il qaçqın-məcburi köçkün həyatı yaşadı. Daha neşəsi şəhid yadigarı böyüdür. Neçəsinin taleyinə şəhid anası olmaq yazıldı. Neçə qız igid qardaş, qəhrəman ata itirdi. Ancaq dərd heç vaxt əyməyib Azərbaycan qadınını. O həmişə başıuca, məğrur qürurludur. Bütün çətinliklərə güc gələcək qədər güclüdür!

Bu gün zərif olduqları qədər güclü olan, incə qəlbli möhkəm iradəli insanların - anaların, bacıların, qız-gəlinlərin bayramıdır. Bayramınız mübarək, əzizlərimiz! Həmişə sağlam olun, şən firavan yaşayın , ürəyiniz-üzünüz gülsün!

 

Flora SADIQLI

 

Azərbaycan.- 2022.-6 mart.- S.1; 3.