ADA Universiteti “Azərbaycan” qəzeti və “Vətən dili” dərsliyinin latın qrafikasında nəşrlərini ictimaiyyətə təqdim edib

 

Martın 4-də ADA Universitetində 1918-1920-ci illərdə çap edilmiş “Azərbaycan” qəzeti və XIX əsrin axırlarında işıq üzü görmüş iki hissədən ibarət “Vətən dili” dərsliyinin latın qrafikasında nəşrlərinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADA Universitetinin rektoru, səfir Ha­fiz Paşayev bu ali təhsil ocağında ilk gündən Azərbaycan tarixinə diqqət yetirildiyini deyib. Rektor Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı konfransların keçirilməsini və çoxsaylı nəşrləri diqqətə çatdırıb.

Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamını xatırladan rektor ADA Universitetinin bu sahədə gördüyü işlərdən də söz açıb və ötən il Seminariyanın tarixi binasının bərpasını və ADA UniversitetininBir müəllimin manifesti” təhsil proqramının başlanmasını yada salıb.

Latın qrafikasında təqdim edilən nəşrlərin vacibliyinə toxunan rektor Paşayev qeyd edib ki, “Azərbaycan” qəzetinin 450-yə yaxın nömrəsi indiyədək tam külliyyatda ərəb əlifbasından latın əlifbasına translite­rasiya edilməyib. Bu istiqamətdə ayrı-ayrı təşəbbüslər olsa da, bütöv şəkildə nəşrlər ortaya qoyulmayıb. Bu baxımdan, 1918-1920-ci illərdə işıq üzü görmüş “Azərbaycan” qəzetinin seçmə saylarının çapı və qəzetin tam külliyyatının hazırlanması xüsusi əhəmiyyət kəsb edir.

1918-1920-ci illərdə nəşr olunmuş “Azərbaycan” qəzetinin tam külliyyatı 20 cilddə olacaq. Hazırda I və II cild ictimaiyyətə təqdim olunur. Birinci cild 1918-ci ilin sent­yabr-oktyabr aylarını, II cild 1918-ci ilin noyabr ayını əhatə edir.

Diqqətə çatdırılıb ki, ənənəni davam etdirmək məqsədilə ADA Universiteti I hissəsi 1882, II hissəsi 1888-ci illərdə çap edilmiş “Vətən dili” dərsliyinin də bütövlüklə, yəni hər iki hissəsi bir kitaba daxil edilməklə müasir oxucu üçün anlaşılan dildə təqdim olunma­sını zəruri hesab edibonu da nəşr etdirib.

Tədbirdə “Azərbaycan” qəzetini transliterasiya edənlər - filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli, filoloq, tərcüməçi Azad Ağoğlu, “Vətən dili” kitabını translitera­siya edən, qeyd və şərhlərin müəllifləri – Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafed­rasının müdiri Vüqar Qaradağlı, Sayman Aruz çıxış ediblər.

Təqdimat zamanı hər iki nəşrin aktual­lığından bəhs edilib. Nəzərə çatdırılıb ki, “Azərbaycan” qəzeti transliterasiya edilərkən rast gəlinən xəbərlər, xüsusən ictimai-siyasi hadisələrlə bağlı informasiyalar bu günümüz üçün də aktualdır. Çıxışçılar əlavə ediblər ki, ADA Universitetinin latın dili qrafikası ilə təqdim etdiyi “Vətən dili” kitabı vaxtilə Cənubi Qafqazda azərbaycanlı uşaq və müəllimlər üçün mükəmməl dərs vəsaiti kimi əvəzsiz mövqeyə malik olub.

“Vətən dili” dərsliyi həm Qori, həm də onun varisi olan Qazax Müəllimlər Seminari­yasının rəsmi dərsliyi olub.

Kitab strukturunu mövcud olmuş rus dərsliyi əsasında tapsa da, vaxtilə tərtibçilər onu tam milliləşdirməyə nail olublar. Azərbaycan dilinin gözəl bilicisi, Azərbaycan xalqını dərindən sevən Aleksey Osipoviç Çernyayevski, Səfərəli bəy Vəlibəyov bu strukturu tərtib edərkən o dövrdə yaşayan Azərbaycan ziyalılarını dərsliyin ərsəyə gəlməsinə cəlb etmək üçün səylərini əsirgəməyiblər.

Təqdimatda dövlət və hökumət rəsmiləri, elmi ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə, həmçinin Xalq şairi Nəriman Həsənzadə, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, tarixçi alim İradə Ba­ğırova, Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Musa Qasımlı və başqaları çıxış ediblər.

Çıxışlarda bu kitabların nəşri Azərbaycanın elmi, ictimai, mədəni həyatında mühüm hadisə kimi dəyərləndirilib. Vurğula­nıb ki, digər tarixi nəşrlər də transliterasiya olunmalı və cəmiyyətə çatdırılmalıdır.

 

Azərbaycan.- 2022.- 6 mart.- S.4.