Azərbaycan etnoidman növlərinin inkişafına mühüm töhfələr verir

 

Azərbaycan V Beynəlxalq Etnoidman Forumuna yüksək səviyyədə ev sahibliyi edir.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən V Beynəlxalq Etnoidman Forumunda iştirak edən Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan jurnalistlərə müsahibəsində deyib.

Konfederasiya sədri bildirib ki, forumun təşkilində əsas məqsəd insanlığın ümumi dəyərlərini qoruyub saxlamaq, sülhə və həmrəyliyə töhfə verməkdir. Hər bir xalqın mədəniyyəti özündə böyük tarixi əks etdirdiyi üçün dəyərli və hörmətə layiqdir.

Mədəniyyətlərin müxtəlifliyinin zənginlik yaratdığını və dünyanı daha rəngarəng etdiyini vurğulayan B.Ərdoğan deyib: “Forumda dünyanın müxtəlif ölkələrindən federasiya, klub təmsilçiləri, diplomatlar iştirak edirlər. Tədbirdə ənənəvi idman növlərinin keçmişini və gələcəyini müzakirə edir, perspektivlər barədə fikir mübadiləsi aparırıq. Hər bir ölkənin və xalqın milli idman növləri inkişaf etdirilməli və dünyada geniş yayılmalıdır. Konfederasiyanın dəstəyi ilə Azərbaycanda yaylaqelat ənənələrinin yaşadılması və təbliği məqsədilə 2019-cu ildə Gədəbəy rayonunda Milli Yaylaq Festivalı yüksək səviyyədə keçirilib. Bu cür tədbirin Bakıda, insanların daha çox qatılacağı məkanlarda keçirməyin daha əhəmiyyətli olacağını düşünürük. Azərbaycanın çövkən milli atüstü oyununu dünyada da geniş təbliğ etmək lazımdır. Milli idman növlərini dünyada yaydığımız zaman mədəniyyətimizi beynəlxalq arenada tanıtmış oluruq”.

 

Azərbaycan.- 2022.- 6 mart.- S.4.