“Günləri sayıram, yurd-yuvama dönəcəyəm...”

 

30 ilə yaxın məcburi köçkün həyatı yaşayan qadının ürək sözü

 

O, Şərqi Zəngəzurun əsrarəngiz bölgələrindən olan Zəngilanda dünyaya göz açıb. Rəzdərədən Qıraq Müşlana gəlin köçüb. Hər iki kəndin təbiətinin gözəlliklərini sözlə ifadə etməyə çətinlik çəkir. Yox, söz ehtiyatı “kasıb” deyil, Şövkət xanım sinəsi nağıl-bayatı dolu ağbirçəklərimizdəndir. Sadəcə, onu qəhər boğur. O yerlərdə keçən şən uşaqlığını, xoşbəxt cavanlığını xatırlayır...

Ailə həyatı qurandan sonra bir müddət kənddə yaşamışdılar, qayınatasının tikdiyi gen-bol evdə böyük ailə mehribanlıqla baş-başa vermişdi. Sonra həyat yoldaşı Rafael Abbasovun işi ilə əlaqədar rayon mərkəzində yaşamalı oldular. Hər gün kənddən işə gəlib-getmək çətinlik törədirdi.

Rafael Zəngilan Rayon Mərkəzi Xəstəxanasında baş həkimin təsərrüfat işləri üzrə müavini idi, elə Şövkət də burada çalışırdı. İllər keçdikcə ailə üzvlərinin sayı artdı və hökumət onlara Zəngilan şəhərində ev verdi.

- Namərd düşmənin əli ilə hamısı göyə sovruldu. Kənddəki bağ-bağcalı ev də, rayon mərkəzindəki abad mənzil də..., - deyir Şövkət xanım və susur. Sanki söyləmək istədiklərindən dəhşətlənir. Çünki varlığı vandallıqdan yoğrulmuş yağının viranə qoyduğu təkcə evlər deyildi. İnsanlar pərən-pərən düşmüşdü, arzular, niyyətlər yarımçıq qalmışdı...

- Ailəmizin ilki Təranənin toyuna hazırlaşırdıq. Qız nişanlı idi, lakin rayon mühasirəyə alınandan sonra xeyir heç yada da düşmədi. 1993-ün o soyuq payız günlərində Arazı necə adladığımızı xatırlayanda indi də ayaqlarım üşüyür. Digər tərəfdən isə uşaqları həmin keşməkeşlərdən sağ-salamat çıxardığımıza şükür edirəm. Böyük oğlum Daşqın o vaxt Rusiyada Hərbi Akademiyada oxuyurdu. Təhsilini yarımçıq buraxıb geriyə qayıtdı. Elə ondan kiçik qardaşları Seymur, Dönməz və Səbuhinin də təhsilinə, səhhətinə az zərbə vurmadı namərd erməninin amansız işğalçılığı, köçkünlük həyatı, müharibə.., - deyə Şövkət xanım ötən illərə qayıdır.

Məcburi köçkünlük həyatının ilk yarım ayını Biləsuvarda, birinci iki ilini isə Sabirabadda keçirdilər. Uşaqlar Bakıda təhsil almağa başlayanda isə qərara gəldilər ki, bütün ailə bir dam altına yığışsın. Dövlət heç bir məcburi köçkün ailəsini himayəsiz qoymadı və üstəlik, nə yaxşı ki, xalqımızın övladlarının dar gündə bir-birinə dayaq olmağı, əl tutmağı var! Rafael Abbasov vaxtilə Zəngilandakı işi ilə əlaqədar Bakıdakı tibbi texnikanın təmiri baza zavodu ilə sıx əlaqədə çalışmışdı. Buradakı həmkarları onun ailəsinə müəssisənin boş olan otaqlarında sığınacaq verdi... İndi artıq Rafael həyatda yoxdur, 6 il əvvəl Zəngilan həsrətilə dünyadan köçüb və Bakı kəndlərindən birindəki qəbiristanlıqda əbədi uyuyur. Şövkət xanım isə oğullarının ikisinin ailəsi birlikdə elə orada yaşayır. Övladlarının beşı də ailəlidir.

- Yaşadığım bütün çətinliklərə baxmayaraq, çox xoşbəxt anayam, - söyləyir ağbirçək. - Qızım Təranə indi özü anadır. Böyük oğlum Daşqın Rusiyada təhsilini yarımçıq qoyub Vətənin harayına gələndən sonra Birinci Qarabağ müharibəsi əsgərlərinin sırasına qoşuldu. Lakin az sonra onu Bakıya, yarımçıq qalmış hərbi ali təhsini öz respublikamızda tamamlamağa göndərdilər. Hazırda istefada olan polkovnik-leytenantdır. Buna baxmayaraq, 44 günlük Vətən müharibəsinin də döyüşçülərinə qoşuldu və evə yalnız savaş başa çatandan sonra döndü. O biri oğlum Seymur Birinci Qarabağ müharıbəsi əlilidir. Vaxtilə Tərtərdə, Çaykənddə, Ağdərədə vuruşub, ağır yara alıb. Dönməz və Səbuhi də Vətən qarşısında əsgər borcunu vicdanla yerinə yetiriblər. İndi hərəsi öz bacardığı işin qulpundan yapışıb çalışır. Çox sağ olsunlar, heç biri başımı aşağı eləməyib. Mən bütün balalara sağlam, atalı-analı böyüməyi, valideynlərə isə gözüdolusu övladlarının uğurlarını, xoş günlərini görməyi arzu edirəm.

Şövkət xanım birözünü ona görə xoşbəxt sayır ki, qismətində doğulub böyüdüyü, ömrünün unudulmaz çağlarını yaşadığı doğma Zəngilanına qovuşmaq var! Və o gün uzaqda deyil! Dəmir yumruğu, müdrik siyasəti, polad iradəsi, ətrafında sıx birləşən xalqın qüdrəti, Azərbaycan əsgərinin rəşadəti ilə düşməni məğlub edən Prezidentimiz İlham Əliyev deyib ki, məcburi köçkünlər çox əziyyət çəkiblər, işğaldan azad etdiyimiz ərazilərdə onlar üçün ən yaxşı şərait yaradılmalıdır. Deyibdediyini həqiqətə çevirir. Ömrünün 70-ci baharını yaşayan Şövkət Abbasovanın da ürəyi yenidən abadlaşıb cənnətə dönən doğma yurduna, Şərqi Zəngəzura - Zəngilana qayıtmaq arzusu ilə döyünür.

- Övladlarımla birlikdə qayıdacağam yurda. 10 nəvəmin əllərindən tuta-tuta...Hələ bir nəticəm də var... - Bu dəfə gülümsəyir Şövkət xanım. - İnanın ki, günləri sayıram...

 

Flora SADIQLI

 

Azərbaycan.- 2022.- 6 mart.- S.6.