Şərəfin, şanın ucalığında dayanan varlıq!
...Müqəddəs varlıqlardan biri - zərif, incə məxluq epitetləri ilə obrazlaşdırılmış qadın tarix boyu ulu Yaradanın ən gözəl əsərlərindən sayılıb.
Ana və Vətən!
Bu iki müqəddəs varlıq bir-biri ilə sanki əkiz yaranıb. Peyğəmbərimiz buyurub ki, cənnət anaların ayaqları altındadır! Ana sözünün Vətənlə qoşalaşması hər iki ifadəni bir az da qüvvətləndirib, insanlara sevdirir. Çünki bu zaman Ana Vətən obrazı yaranır.
Ana ailəyə istilik, xeyir-bərəkət gətirir. Ana qardaşa bacı, həyat yoldaşına həyan, simsar, sirdaşdır. Ana yurddaşdır - yurd daşıdır. Pərvazlandırdığı, qanadlandırıb yuvadan uçurduğu balalarının yolunu yurdda, ocaqda daim intizar dolu baxışlarla gözləyəndir. Ana kişinin çiyindaşı, məsləkdaşı, ömür-gün dostu, həyat yoldaşıdır. Ana varlıqlar içərisində hər kəsdən başdadır: baş tacıdır. Ana həm də el-obada ağbirçək - yolgöstərəndir...
Qadınlar həyatın mənası, bəzəyi və
əbədi gözəlliyidir
8 Mart tarixi qadın və gözəllik bayramı kimi qeyd olunur. Lakin tarixə diqqətlə nəzər salsaq, görərik ki, bu bayram heç də romantik hadisələr nəticəsində yaranmayıb. Bu bayramın qeyd olunmasının həm də qədim tarixi var.
Ötən əsrin 90-cı illərindən Azərbaycan qadınları daha müqəddəs bir obraza çevrildilər, səhnədə deyil, həyatda. Qarabağın qanlı-qadalı illərində dəhşətli qırğınlar törədilən, Yer üzündən silinən bir yurda, yaddaşlarda daşlaşan Xocalıya dönüb isti qucağında, qundağında körpəsi boğulan, yurdu dağıdılan, fəryadları qulaqlardan getməyən, diri-diri tonqallara qalanan, balalarına əli yetməyən bir ağbirçək obrazını xatırlatdı analar! Demək olmur ki, əsirlikdə, girovluqda neçə-neçə qız-gəlinlərimiz erməni vandallarının, daşnakların amansız təcavüzünə məruz qaldılar. Namusunu erməni quldurlarından qorumaq üçün qayaların başından özlərini Tərtər çayına atan ana-bacılarımızı unutmaq mümkündürmü?!
Bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar, analar - bu zərif məxluqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.
Analar eyni olurlar...
8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı Ümummilli Lider Heydər Əliyevin söylədiyi fikirlər bütün zamanlarda aktualdır: “Bu bayram, doğrudan da, bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar...”
Qadınların
özünəməxsusluqları odur ki, onlar xarakter
baxımından bir-birinə bənzəməzlər: zəif
olduqları qədər də güclülükləri ilə
diqqət çəkirlər. Onları birləşdirən
yeganə bir ad var - ANA! Qadınlar fərqli, analar
isə eyni olurlar. Onlar istəkləri, arzuları,
sevinc və kədərləri ilə
bir-birilərinə bənzəyirlər.
Bütün analar övlad yolunda hər cür cəfaya hazır olurlar - gözlərinin nurunu, saçlarının
qarasını, gecələrin
bal yuxularını balalarından əsirgəmirlər.
Beşik başından
ayrılmayan ana balasının nağıllı-noğullu
dünyasını qurur,
onu əzizləyir...
“Qəriblər
ağısı oxuyan
durna”nın vida nəğməsi
Bu fikirlər
illərlə doğma
yurduna həsrət qalan bir ananın
son pıçıltılarıdır. 2005-ci ildə, “baharın gülşən çağında”
bülbüllər cəh-cəh
vurub ötəndə
bağda biri də ahu-zar içindəydi, adı Güllər, güllərin
ən gözəli-göyçəyi.
Sinəsində söz cücərdən,
simasından nur, qələmindən və
qəlbindən lirik duyğulardan daha çox həsrət, hicran, nisgil, intizar, qəm-möhnət
süzülən bir ananı deyirəm. Yuxusuz gecələrinin əsəri
olan xalı-xalçalarda
barmaqlarının izi,
dildə-ağızda şirin
sözü qalan Güllər Məmmədqızının
ilk kitabının adından
da görünürdü
ki, qəlbinin göylərini qara bulud alıb. Ona görə də gözlərindən
ağ yağış
sellənərdi “Qəriblər
ağısı oxuyan
durna”nın - Güllər
ananın! Kəlbəcərsizlyə
dözə bilmədi:
“Orda açıb, burda solan bir
güləm” dedi oxucularına, radio dinləyicilərinə...
17 il
Göyçə, Qarabağ...
Kəlbəcər həsrətini böyütdü
dərdli sinəsində.
Misralarından boylandı yurd
ağrıları. 28 ildən sonra “dəmir yumruq” düşmən başına
enəndə, Qarabağı
- Şuşası, Kəlbəcəri...
azad ediləndə anamın da ruhu o gün sevindi...
“Qaytar
ana borcunu”
Analar balalarına ömür qıyır, quş kimi qol-qanad verib pərvazlandırırlar. Yuvasından qanad
açan balalar, təəssüf ki, heç də həmişə bu müqəddəs varlıqların
“kirpikləri ilə od götürmələrini”
dəyərləndirə bilmirlər.
Bədii əsərlərdə
obrazlaşdırılmış belə nümunələr
az deyil.
S.Rüstəmin “Ana və poçtalyon”
şeirinin qəhrəman
obrazı olan ananın oğul yolu gözləməkdən
gözləri tor gətirmədimi?
Əli Kərimin “Qaytar ana borcunu” şeirində
ananın gücü ürəyində onu qınamağa da yetmir. Bircə balasına
yalvarır ki, “gümanımı yanıltma...”
Analar müqəddəsdirlər,
həm də Vətənə şəhid
oğul verdikləri üçün!
...Ana cəmiyyətdə
də öz vacibliyini təsdiqləyən,
adilikdən ali
kürsülərədək ucalan bir vətəndaş,
həm də yaradıcıdır: xalq sənətini yaşadan xalçaçıdır, tikməçidir,
əyricidir, toxucudur...
Ana müəllimdir, həkimdir,
təyyarəçidir, mühəndisdir,
nəhayət, şairdir,
bəstəkardır, rəssamdır,
səhnə xadimidir...
Analar müqəddəsdirlər,
həm də Vətənə şəhid
oğul verdikləri üçün! Analar zülmə tabedir, düşmən tapdağında
qalan, tar-mar edilən yurdu dağıldığına
görə! Analar dözümlüdürlər, ağır
dərd-sərə, ağrı-acılara
sinə gərdikləri
üçün! Qarabağ
dərdi sinələrində
qaynayan analar səbirlidirlər, atalardan
fərqli olaraq! Sinələrinə çəkilən
bala dağını sevib əzizlədiklərinə
görə analar əbədilik qazanıblar!
Kim deyil ki, analar?! Sənət
dünyasının sevilənləri
sırasında, önündə
gedənlərdirlər! O, adidir!
O, alimdir, o, diplomatdır!
O, Koroğluya Nigar, Qaçaq Nəbiyə Həcərdir, bu gün isə şəhidlərimizin, qazi
və Milli Qəhrəmanlarımızın anasıdırlar!..
Analar ölməzdirlər,
əbədidirlər - şəhidlik
zirvəsini qazanan oğulları kimi!
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2022.- 6 mart.- S.6.