“Sən qadınsan, bacarmazsan” dedilər...

 

55 yaşlı Bakı Metropoliteninin ilk və yeganə qadın maşinisti

 

Həyatda elə peşələr var ki, yalnız kişilərə aidmiş kimi görünür. Bu cür yanaşmada hardasa bir həqiqət var. Qadın xarakteri, təbiəti etibarilə əks cinsdən çox fərqlənir. Birki, yaradılandan hər varlığın, hər cinsin öz missiyası, funksiyası var. Nə qədər söyləsək ki, eyni hüquqa, eyni gücə sahibik, bu, tam belə deyil. Eyni hüquqa, bərabər haqlara sahib olsaq da, eyni deyilik. Amma istisnalar da var. Müsahibim Günay Həbibli kimi. Artıq iki ildir ki, Azərbaycanın ilk və yeganə qadın metro maşinistidir.

Bu peşə psixoloji və möhkəm iradə, sərt peşə vərdişləri və dözümlülük tələb edir. Qatar mühərriklərinin uğultusuna, dispetçer mərkəzindən gələn fasiləsiz məlumat və xəbərdarlıqlara, yüksək sürətə, ani dəyişikliklər mühitinə uyğunlaşmaq, dözmək və üstəlik, bütün bunları sıradan bir kimi görmək heç də hər kəsin işi deyil. O ki qala buna çiyin verən zərif cinsin nümayəndəsi olasan.

Ailənin 4 övladının ilki olan Günay hərbçi və ya polis olmaq istəyib. Tale elə gətirib ki, erkən yaşlarından işləməyə başlayıb. Baba və nənələri Günayın ata-anasının evliliyinə razı olmadıqları üçün bütün qohumları onlarla əlaqəni kəsib. Hətta Günay atasına “İndi sənin heç olmasa bir oğlun olsaydı, həyatının rahatlaşması üçün dəstək olardı” deyildiyinieşidib. Körpə ürəyilə özünü neçə yol günahlandırıb, ağlayıb, əzab çəkib. Elə buna görə də məktəb illərində yaxşı oxusa da, ali təhsil almağı çox istəsə də, işlədiyinə görə kifayət qədər dərslərilə məşğul ola bilməyib. Sonralar, necə deyərlər, əli çörəyə çatanda Bakı Texniki Kollecinə daxil oluborada təhsilini uğurla başa vurub. Lakin ali təhsil almaq istəyindən heç vaxt əl çəkməyib və nəhayət, illər sonra bu arzusunu da reallaşdırıb. Hazırda təhsilini Ukrayna Dəmiryol Akademiyasında davam etdirir.

Metrodakı fəaliyyətinə isə 2016-cı ildən Memar Əcəmi stansiyasında qatar bələdçisi kimi başlayıb. Amma bu ona çox asan və darıxdırıcı gəlib. Xarakter etibarilə daha çətin, daha məsuliyyətli vəzifənin öhdəsindən gələ biləcəyini düşünüb.

2018-ci ildə “Bakı MetropoliteniQSC-nin rəsmi internet saytında maşinistlərin işə qəbulu üzrə elan verilir. Amma bu elan əvvəlkilərdən fərqlənib. Bakı Metropoliteninin rəhbərliyi metronun tarixində ilk dəfə qatar maşinistlərinin yeni qayda üzrə seçiləcəyini, hətta bu işdə də, necə deyərlər, gender bərabərliyinin təmin ediləcəyini bildirib.

Günay da müsabiqədə iştirak etmək üçün sənədlərini verir, şərtə görə ərizə yazıb işdən çıxır və hazırlaşmağa başlayır. Ailəsi də daxil olmaqla çoxları onu bu yoldan döndərməyə çalışır. Necə deyərlər, nağdı qoyub nisyənin ardınca getməməyi məsləhət görürlər. “Sən qadınsan, bacarmazsan” deyirlər. Amma o, qərarında qəti idi. Valideynlərindən belə bu sözləri eşitmək Günayı ruhdan salmır. “O an anladım ki, insanı özündən başqa heç kim dərindən tanıya, anlaya bilməz. Heç vaxt kişilərlə müqayisə olunmağı sevməmişəm, bunu iddia da etmirəm. Amma bir işi mən də görə bilərəmsə, niyə də yox. Üstəlik, metro mənə doğma yerdir, bu sahə ilə bağlı texniki biliklərim də var. Özümə deyirdim ki, bu addımı bu gün atmasam, həmişə yerimdə sayacağamsonradan çox peşman olacağam. Birki, görünür, bu da tale yazısı imiş. Taledən isə qaçmaq olmur”, - deyir Günay xanım.

Maşinist vəzifəsinə qəbulla bağlı elan verildikdən sonra 500-dən çox müraciət daxil olur. Onların yarısı əsas tələblərin şərtlərinə uyğun gəlmir. Komissiya tərəfindən ümumitexniki bilik səviyyəsi, psixoloji durum, dünyagörüşümaşinist peşəsi ilə bağlı məlumatlılıq qiymətləndirildikdən sonra onlardan yalnız 31 nəfər növbəti seçim turuna keçir. İkinci mərhələdə isə peşəkar mütəxəssislərin psixoloji testindən Günay da daxil olmaqla 22 nəfər keçə bilir. Tibbi yoxlamadan ibarət üçüncü mərhələdən də keçənlər tədris proqramına başlayırlar. Proqramda metropoliten infrastrukturu, hərəkətin təşkili ilə bağlı bütün sistem və avadanlıqlarla tanışlıq, qatarların idarə edilməsi, vəzifə və texniki istismar üzrə təlimatların mənimsənilməsi, təmir prosesinin əsas müddəaları və digər proqram həcmi öz əksini tapmışdı. Hər tədris mərhələsində müdavimlərin biliyi yoxlanılaraq qiymətləndirilirdi. Təlimlər zamanı iştirakçılardan daha ikisi kursu könüllü olaraq tərk edir.

Beləliklə, xeyli xanım müraciət etsə də, onların arasından bütün seçim mərhələlərini yalnız Günay Həbibli yüksək nəticələrlə adlayır və beləliklə, ilk qadın maşinist adını qazanır.

Maşinist kimi işə başlayanda ilk üç ay fəaliyyətinin sınaq müddəti olub. Bu müddətdə bir həftə qatarı əsas maşinist idarə edib, sonradan isə sükana nəzarət Günaya keçib. Sınaq müddəti uğurla bitdikdən sonra, 2019-cu il aprelin 1-də əmri verilib. O gündən idarə etdiyi qatar tamamilə ona həvalə olunub.

Xoşbəxt ailəsi var, bir övlad böyüdür. Gunay xanımdan oğlunun onun peşəsinə münasibətini də soruşduq. Dedi ki, mənim peşəm hər bir uşaq kimi, oğluma da ecazkar, maraqlı gəlir: “Hələ, üstəlik, oğlandır və nəqliyyatı idarə etməyə çox həvəslidir. Amma son zamanlar şikayətləri də çoxalıb. İşdə çox olmağımdan, növbədə qalmağımdan, ona əvvəlki kimi vaxt ayırmamağımdan gileylənir. Böyüdükcə o da anlayacaq ki, bu həyatda ana olmaqdan savayı mənim digər vəzifəm, öhdəliyim, arzularım var. Mən insanlara gərəkli olmağa, öz zəhmətim, bacarığım, gücümlə bu arzuları həyata keçirməyə çalışıram”.

Günay xanıma maşinist olduqdan sonra həyatında nəyin və hansı yöndə dəyişdiyini soruşanda cavabı belə oldu: “Maşinist kimi işə başlayandan sonra valideynlərim başda olmaqla qohumlarımın, dostlarımın, yoldaşlarımın belə mənə qarşı münasibəti müsbət yöndə dəyişdi. Bu işə düzəlməyimə razı olmayan, məndən inciyən atam belə indi hamının yanında məndən qürurla danışır, “o, mənim qızımdır” deyir...”

Bakının yeraltı dünyasının bir başqa özəlliyi və gözəlliyi var. Sayrışan işıqları, qaynar həyatı, qışı-yayı bilinməyən öz mənzərəsi olan, gecəsi gündüzündən seçilməyən Bakı metrosu onu ilk görəni ovsunlayır, öz sehrinə salır və həyatı boyu yaşayacaq bir təəssürat yaradır. Bu yeraltı dünyanın daimi sakinləri olan metro işçiləri, onun yollarına işıq tutan maşinistlər isə bu möcüzədən ayrılmağı ağıllarına belə gətirmirlər. Və bu dünyada hamı ancaq xeyirxah bir görür - insanlara xidmət edirlər, onları niyyətlərinə, mənzillərinə çatdırırlar. Qəhrəmanımız Günay Həbibli kimi...

 

Ülkər XASPOLADOVA

 

Azərbaycan.- 2022.- 6 mart.- S.6.