Baş planı təsdiq olunmuş şəhərlərdə
minalardan təmizlənmə prosesi sürətlə gedir
Müharibə qan-qada, ölüm-itim deməkdir. Başa çatandan sonra da onun fəsadlarını aradan qaldırmaq tez və asan başa gəlmir. Bunun üçün tərəflərin tutduqları mövqedən çox şey asılıdır. Əsas problem isə işğaldan azad edilmiş ərazilərdə tank və piyadalar əleyhinə vaxtilə basdırılan minaların zərərsizləşdirilməsində mühüm məsələ olan xəritələrin əldə olunmamasıdır.
44 günlük Vətən müharibəsində öz tarixi torpaqlarını təcavüzkar Ermənistanın 30 illik işğalından azad edən Azərbaycan dərhal Qarabağda dinc quruculuq, bərpa və yenidənqurma işlərinə start verdi. Qısa vaxt ərzində xeyli ərazi partladılmamış hərbi sursat və minalardan təmizləndi. Bu məqsədlər üçün böyük vəsaitlər ayrıldı. Özəl şirkətlərə, fermerlərə təlimat verildi və azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanıldı.
Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar 2022-ci il tarixdə yerli televiziya kanallarına müsahibəsində qeyd edildiyi kimi, dağlıq ərazilərdə, xüsusilə Kəlbəcər, Laçın, Zəngilan rayonlarında vaxtilə bitkiçiliklə məşğul olunmayıb. Orada üzümçülük, tütünçülük, heyvandarlıq inkişaf etmişdi. Ermənilər isə həmin ərazilərdə işğal dövründə 100 min hektarda taxıl əkib, təqribən 100 min tona yaxın buğda əldə ediblər. Mütəxəssislərin fikrincə, əgər işğaldan azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür.
Bunun üçün də
kiçik fermer təsərrüfatlarına kömək
göstərilir. Subsidiyalar və metodik tövsiyələr verilir. Başqa
ölkələrdə taxılçılıq
üçün məqbul sayılan münbit torpaqları icarəyə
götürüb, orada məhsul yetişdirmək və Azərbaycana
gətirmək işinin də təşkili istisna olunmur.
Bununla belə ölkəmizdə, o cümlədən
kənd təsərrüfatında aparılan islahatların, işğaldan
azad edilmiş torpaqların yararlı hala gətirilməsinin
iqtisadi və biznes mühitinin
yaxşılaşdırılmasına xidmət edəcəyi
proqnozlaşdırılan vacib məsələlərdəndir.
Təəssüf ki,
işğaldan azad edilmiş ərazilərdən maksimum
istifadə etmək hələ imkan xaricindədir. Bunun da əsas səbəbi
təcavüzkar Ermənistanın müharibədən sonra da
tutduğu qeyri-konstruktiv mövqeyi nəticəsində “mina xəritələri”nin əldə olunmamasıdır. Minalanmış ərazilərin tezliklə təmizlənməsi
prosesi ləng gedir, hətta yeni-yeni qurbanlar da veririk.
Müharibədən
sonrakı bərpa-yenidənqurma işləri
üçün bir çox planlar həyata keçirilib. Beynəlxalq
donorların dəstəyindən istifadə olunub. Azərbaycan öz resurslarına güvənib.
Təbii ki, burada təkcə maliyyə
resurslarından söhbət getmir.
Azərbaycan Prezidentinin yerli televiziya
kanallarına müsahibəsində qeyd etdiyi kimi, həmin ərazilərdə
keçən il çox böyük
proqram icra edilməyə başlanıb. Proqramın
özəlliyi ondadır ki, ölkəmiz heç kimdən
yardım istəmədən və almadan öz vəsaiti
hesabına bunları həyata keçirir.
İşğaldan azad edilmiş ərazilərdə
ilk növbədə minalardan təmizləmə işləri
aparılmalıdır: “Bu sahədə həm ANAMA, həm
Müdafiə Nazirliyi fəal işləyirlər, eyni zamanda
Fövqəladə Hallar Nazirliyi. Bu proses gedir. Əfsuslar
olsun ki, bu günə qədər biz insanları itiririk.
Müharibədən sonra 200-ə yaxın Azərbaycan
vətəndaşı - mülki və hərbi vətəndaş
ya həlak olub, ya da ki, ciddi yaralanıb. Ona
görə bu işləri görmədən biz
genişmiqyaslı qayıdış proqramına başlaya
bilmərik. Ona görə mina təmizləməklə
bağlı ilk növbədə infrastrukturun keçdiyi yerlər
diqqət mərkəzində idi, yəni elektrik xətləri,
yollar. O sahələr təmizlənməli idi ki,
artıq biz bu işlərə başlaya bilək. Digər tərəfdən
baş planı hazır olan şəhərlərin də
minalardan təmizlənməsi prosesi sürətlə gedir,
xüsusilə Şuşa və Ağdam şəhərlərində
bu proses sürətlə gedir...”
Azərbaycan Prezidenti növbəti
dəfə bu məsələyə toxunarkən bir daha
bildirdi ki, azad edilmiş torpaqlarda minatəmizləmə
işləri birinci dərəcəli vəzifədir. Ona görə
də işğaldan azad edilmiş ərazilərdə bu vəzifə
icra olunmadan hər hansı bir inkişafdan söhbət gedə
bilməz. İlk növbədə baş planı
hazırlanmış şəhərlərin ərazisi
minalardan təmizlənməlidir: “...Hətta hazırda
yolların, dəmir yolunun çəkilişi ilə
bağlı işləri də biz ancaq istehkamçılar o əraziləri
minalardan təmizləyəndən sonra görə bilirik. Odur ki, orada istənilən fəallıq, istənilən
inkişaf minalardan təmizləmə işindən
asılıdır. Ona görə biz həm sürəti
artırmalıyıq, eyni zamanda minalardan təmizləmə
işi elə aparılmalıdır ki, yenə də deyirəm,
o işlər başa çatandan sonra hər hansı bir təhlükə
olmasın... Biz keçmiş
köçkünləri tezliklə öz doğma
torpaqlarına qaytarmalıyıq. Ancaq hər
kəs bilməlidir ki, birinci dərəcəli məsələ
minalardan təmizləmədir. Dəyən ziyanın
qiymətləndirilməsi, infrastruktur layihələrinin
icrası, evlərin tikilməsi, iş yerlərinin
yaradılması - əgər bu işlər görülməsə,
insanlar gedib o torpaqlarda necə yaşaya bilərlər? Gərək ev-eşiyi, şəraiti, suyu, elektriki,
yolu, məktəbi, xəstəxanası olsun. Bu,
böyük, genişmiqyaslı bir işdir...”
Azad olunmuş ərazilərdə Azərbaycan
Ordusunun mühəndis-istehkam bölmələrinin Türkiyənin
hərbi istehkamçıları ilə birgə fəaliyyəti
nəticəsində 2021-ci il dekabrın
10-dan 19-dək 53 ədəd piyada və tank əleyhinə
mina aşkar olunaraq zərərsizləşdirilib. 92 hektara qədər ərazi təmizlənib.
Ümumilikdə azad olunmuş ərazilərdə
ötən ilin sonunadək mühəndis qoşunları tərəfindən
17255 mina və partlamamış döyüş sursatı
aşkar olunaraq məhv edilib, 13365 hektar ərazi minalardan təmizlənib,
digər dövlət qurumları ilə
qarşılıqlı əlaqədə 635 kilometr yol çəkilib.
Yeri gəlmişkən, 2020-ci ildə,
yəni 44 günlük Vətən müharibəsində nəinki
işğaldan azad edilən Azərbaycan torpaqlarında,
ümumiyyətlə, dünyada 10 mindən çox insan mina və
partlamamış hərbi sursatların qurbanına
çevrilib.
Minalar Əleyhinə Azərbaycan
Kampaniyası təşkilatının rəhbəri Hafiz Səfixanov
azad olunmuş torpaqların minalardan təmizlənməsi
müddətinə dair dəqiq rəqəmin deyilməsinin
hazırda mümkün olmadığı qənaətindədir:
“İşğaldan azad olunmuş ərazi çox
böyükdür, minalarla və partlamamış hərbi sursatlarla
çirklənmə səviyyəsi həddindən
artıqdır. Bundan başqa, ən əsas amil
- bu ərazilərdə hələ ki, heç bir təhqiqat
aparılmayıb. Ona görə də
hal-hazırda müddət bildirmək mümkün deyil”.
Yuqoslaviyanın
dağılmasından sonra öz ərazisinin
bütövlüyü uğrunda müharibə aparmış
Xorvatiyada ərazilərin minalardan təmizlənməsi 20 ilə
başa gəlib, Mozambikdə analoji iş 23 ilə
görülüb. Ukraynalı hərbi ekspert
Mixail Jiroxova görə, “minalardan təmizləmə işinə
sərf olunan vaxt müharibənin davam etdiyi müddətdən
təxminən 5 dəfə çox olur”.
Bu mənada Qarabağda hərbi
əməliyyatların getdiyi ərazilərin mina və
partlamamış hərbi sursatlardan təmizlənməsi
müddəti xeyli çəkə bilər. Nəzərə
almaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında
Qarabağ müharibəsi, əslində, 30 ilə yaxın
davam edib.
Hərbi əməliyyatlar
başa çatdıqdan sonra minatəmizləmə ilə məşğul
olan Azərbaycan müharibədən öncəki təmas xətti
boyu və işğalda qalan ərazilərdəki
minalanmış ərazilərin xəritəsini Ermənistandan
tələb edib. Dövlət
başçısının sözlərinə görə,
burada ən böyük çətinlik ondan ibarətdir ki,
Ermənistan tərəfi bizə mina xəritələrini
vermir, bundan imtina edir. Halbuki biz dəqiq
bilirik ki, onlarda belə xəritələr var. Ermənistan isə
onda belə bir xəritənin olmasını nə təsdiq,
nə də təkzib edir.
Kəlbəcərdə minada ikisi
jurnalist olmaqla, 3 nəfərin ötən ilin yayında həlak
olması ilə bağlı respublikanın baş prokuroru
Kamran Əliyev BMT, Avropa Şurası da daxil olmaqla, beynəlxalq
təşkilatlara, o cümlədən “Amnesty International” və
“Human Rights Watch” insan haqları təşkilatlarına
müraciət edərək, Ermənistan silahlı qüvvələrini
Azərbaycan ərazilərini minalamaqla humanitar normaları və
prinsipləri pozmaqda günahlandırıb.
Avropa Şurasının İnsan
Haqları Komissarı Dunja Mijatoviçin bu hadisə ilə
bağlı “Tviter” hesabında yaydığı bəyanatda
deyilir: “Kəlbəcərdə mina partlaması nəticəsində
ikisi jurnalist olmaqla 3 nəfərin həlak olması, bir
neçə nəfərin yaralanması göstərdi ki,
Dağlıq Qarabağ münaqişəsindən təsirlənmiş
ərazilərin beynəlxalq əməkdaşlıq vasitəsilə
minalardan təmizlənməsinə təcili ehtiyac var...”
Qardaş Türkiyənin bu
sahədə ölkəmizə yardımına gəlincə,
burada da Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki
dövlət” müdrik kəlamının əsl həqiqəti
ifadə etməsini görürük. Mina və partlayıcı
qurğuların zərərsizləşdirilməsi üzrə
Türkiyənin hərbi istehkamçılarının ilk
qrupu Azərbaycana 2020-ci il noyabrın 30-da,
yəni müharibə başa çatdıqdan 20 gün sonra
göndərilib. Qrup Azərbaycan Ordusuna
işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində
kömək göstərməyə başlayıb.
Qardaş Türkiyə Azərbaycana
ötən ilin fevralında 20, may
ayında isə əlavə 5 ədəd “MEMMAT” (Mexaniki Mina Təmizləmə
Təchizatı) mina təmizləyən maşın göndərib.
Azərbaycan Ordusunun Mühəndis
Qoşunları İdarəsinin rəisi general-mayor Anar Kərimovun
sözlərinə görə, bu texnikanın
üstünlüyü ondan ibarətdir ki, 500 metr məsafədən
idarə olunur və artıq onun işlədiyi əraziyə
insanın girməsinə ehtiyac qalmır. Partlayış
da baş verərsə, insan faktoru kənarda qalmış
olur.
Bunlardan əlavə,
Türkiyə Milli Müdafiə Nazirliyi həmçinin Azərbaycan
Fövqəladə Hallar Nazirliyinə 10 xüsusi təlim
keçmiş minaaxtaran it hədiyyə edib. Azərbaycan
kinoloqları Türkiyədə mina axtarışı və
təmizlənməsi təlimləri keçib.
Ötən il ADA Universitetində Beynəlxalq
Mina Xəbərdarlığı və Mina Aksiyasına
Yardım Günü ilə əlaqədar keçirilən
brifinqdə BMT İnkişaf Proqramının rezident nümayəndəsinin
müşaviri Çaru Bist deyib ki, qurbanların hər 4 nəfərindən
biri uşaqlardır: “Ona görə də ölkələr
bunu əhəmiyyətli məsələ kimi nəzərə
almalıdırlar. Minalar mürəkkəb ərazilərdədir.
Biz Azərbaycanla bu cür əməkdaşlığı
görürük. Azərbaycanla beynəlxalq
təşkilatlar arasında əməkdaşlığın
qurulması mühüm nailiyyətlər əldə etməyə
imkan verir. Mina və partlamamış sursatlar təmizlənmədən
heç bir cəmiyyət dayanıqlı inkişafa nail ola
bilməz”.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2022.- 6 mart.- S.8.