Milli kinomuzun
ilk mübariz qadınları
Qadının cəmiyyətdə
yeri, rolu mövzusu bədii ədəbiyyatda, incəsənətin
ayrı-ayrı sahələrində olduğu kimi, kinoda da əksini
tapıb. Bunu Azərbaycan kinosu yaranandan müasir dövrədək
çəkilmiş bir çox filmlərdə
görürük.
Yeni siyasi
quruluşun kinoda yeni qadın obrazlarının təsviri tələbi
XX əsrin ikinci onilliyində,
bolşeviklər Azərbaycanda hakimiyyəti ələ
keçirdikdən sonra geniş təbliğat işlərinə
başlayıblar. Ardıcıl işlər, geniş islahatlar
kino sahəsini də əhatə edib. Belə ki, 1920-ci ildə
respublikada yaradılan foto-kino təşkilatı 1926-cı ildən
Azərbaycan Dövlət Kinosuna çevrilib və kinofilmlərin
ekranlaşdırılmasına başlanılıb. 1923-1931-ci
illər arasında Bakıda “Qız qalası”, “Bismillah”,
“Gilan qızı”, “Hacı Qara”, “Sevil”, “Lətif”, “26 Bakı
komissarı” kimi filmlər çəkilib.
Həmin dövrdə
qadınların haqq və hüquqlarının qorunması,
onların cəmiyyətdə rolunun yüksəldilməsi,
savadlanması uğrunda mübarizə əhəmiyyətli məsələlər
kimi önə çıxarılıb. Kinoda da qadın məsələsi
aparıcı mövzulardan birinə çevrilib. Belə ki,
bu sahədə yeni qadın obrazlarının təsviri yeni
siyasi quruluşun tələbi olaraq irəli
sürülüb.
İlk azərbaycanlı
rejissorlardan biri - Abbas Mirzə Şərifzadənin 1925-ci ildə
çəkdiyi “Bismillah” filmində qadın problemləri əksini
tapıb. Sənədli kadrların yer verildiyi bu ekran əsərində
qadın haqlarından, dini fanatizmdən, gerilikdən bəhs
olunub. Araşdırıcılar “Bismillah”ı Azərbaycanda
qadın azadlığına toxunan ilk film hesab ediblər.
Sonrakı illərdə kinorejissorlar sovet rejiminin tələblərinə
uyğun qadın rollarına ekran ömrü verməyə səy
göstərib, bir-birinin ardınca dörd film çəkiblər.
Həmin filmlərdə - “Gilan qızı”, “Sevil”, “İsmət”
və “Almaz”da sosializm quruculuğu illərində
qadının mənəvi-siyasi inkişaf yolu əks etdirilib.
1928-ci ildə Leo Murun çəkdiyi
“Gilan qızı”nda evdar qadın olan Səkinə
haqsızlıqlarla üzləşir, hüquqları pozulur və
o, inqilab edən kommunistlərə qoşulur. Ancaq bu film birmənalaı
qarşılanmayıb. Görkəmli dramaturq və rejissor Cəfər
Cabbarlı “Hara gedir Azərkino” adlı məqaləsində
“Gilan qızı”nı tənqid edib. O, filmin rejissorunun rus
olduğunu və digər məqamları nəzərə
alaraq qeyd edib ki, “Azərkino” yerli qüvvələrdən
ssenari hazırlamaq üzərində işləmir və
yalnız dəvət olunanlara ümid bağlayır, onlar isə
yerli həyatla tanış olmadıqlarından türk
kişisi və qadını haqqında hər cür uydurmalar
yazır, sonra da ssenarini oxuyan ilk türk elə buna etiraz edir və
hər şey alt-üst olur. Daha sonra o yazıb: “Gilan
qızı” ilə də eyni hal baş vermişdi. Burada da elə
ağlasığmaz cəfəngiyyat yazmışdılar ki, sonra
vəziyyətdən çıxa bilmirdilər”.
Çadrasını
atan qadınların həyat hekayələri ekran əsərlərində
1929-cu ildə Cəfər
Cabbarlı və Aleksandr Beknazarov tərəfindən
ekranlaşdırılan “Sevil”in qəhrəmanı da evdar,
savadsız qadın idi. Cəfər Cabbarlının eyniadlı
əsəri əsasında çəkilən bu filmdə
Sevili əri Balaş evdən qovaraq övladına həsrət
qoyur. O, çadrasını atıb evdən
çıxır. Təcrübəsiz, təhsilsiz qadın
çətin də olsa, müstəqil həyata
başlayır. İnqilabi hərəkata qoşulur, qadın
haqları uğrunda mübarizə aparır. Sonda artıq dəyişmiş,
oxumuş, vəzifə sahibi olmuş Sevillə hər
şeyini itirmiş, düşkünləşmiş Balaş
qarşılaşdırılır.
1934-cü ildə
ekranlaşdırdığı “İsmət” filmi barədə
rejissor Mikayıl Mikayılov özü geniş məlumat
verib. Filminin yaradıcılığında xüsusi yer tutduğunu
qeyd edən rejissor diqqətə çatdırıb ki,
“İsmət”in çəkildiyi dövr elə bir vaxt idi ki,
Azərbaycan qadını çadranı ataraq ictimai həyata
qoşulurdu. O vaxtlar İçərişəhərdə
yaşayan Mikayıl Mikayılov bir gün qonşuda bir
qadının neft töküb özünü yandırdığını
öz gözləri ilə görüb. Həmin
qadının faciəsini unuda bilməyən rejissor az sonra ən
dəhşətli hadisə ilə qarşılaşıb.
İndiki Səadət sarayında o vaxt qadınlar
üçün kurs təşkil edilmişdi. 1933-cü ildə
Səriyyə Xəlilova çadrasını
atdığı və kluba getdiyi üçün atası və
qardaşı tərəfindən vəhşicəsinə
öldürülüb. Bu dəhşətli qətl rejissoru
yenidən sarsıdıb: “Həmin matəm mərasimində mən
də iştirak etdim. Orada qadınların başlarından
çadranı çıxarıb ayaqları altına
atdıqlarının şahidi oldum. Təxminən həmin
dövrdə qəzetdə Azərbaycanın ilk təyyarəçi
qadını Leyla Məmmədbəyova haqqında bir məqalə
oxudum. Nəhayət, “İsmət” filminin ssenarisi üzərində
işləməyə başladım. Mövzuların hər
üçünü birləşdirdim”. Rejissor qeyd etdiyi kimi,
ekran əsərində ayrı-ayrı qadın
obrazlarını İsmətin simasında ümumiləşdirib.
Filmin qəhrəmanı - İsmət fabrikdə işləsə
və fəal ictimaiyyətçi olsa da, çadrasını
atmağa cürət etmir. Onun çadrasını təyyarədə
külək aparır. Bu səhnə ilə kinorejissor
qadınların tamaşa və filmdə çadrasını
atması ənənəsini təkrarlamayaraq maraqlı
görüntülər yaradıb.
Mübariz,
açıq fikirli Almaz...
1936-cı ildə
ekranlaşdırılan “Almaz” filminin qəhrəmanı isə
artıq mübariz, açıq fikirli qadındır. Cəfər
Cabbarlının 1931-ci ildə qələmə
aldığı eyniadlı pyes əsasında ssenari yazıb,
yaradıcı heyəti, aktyorları seçərək
sınaq çəkilişləri aparsa da qəflətən
dünyasını dəyişib. Filmi Ağarza Quliyev və
Qriqori Braginski birgə ərsəyə gətiriblər.
Filmdə gənc Almaz müəllim
işləmək üçün ucqar kəndə gedir. O, dərs
deməklə yanaşı, hüquqsuz kənd
qadınlarının müdafiəçisi olur, onların
işlə təmin edilmələri üçün məscidi
toxuculuq artelinə çevrilməsi təşəbbüsünü
irəli sürür. Kənddəki mühafizəkarlar
bütün bunlara görə Almazı gözdən
salmağa, şərləməyə
çalışırlar.
Cəmiyyətdə
qadınların rolu yüksəldikcə kinoda bu mövzuya
yeni münasibət ortaya çıxıb. Artıq əzilən,
xor görülən, çadradan imtina edən, yeni həyata
doğru əlacsız, hürkək, bir az da ümidlə
üz tutan qadın rolları tarixiləşməyə
başlayıb.
Zöhrə
FƏRƏCOVA
Azərbaycan.-
2022.-6 mart.- S.10.