Dostluq, qarşılıqlı
anlaşma və əməkdaşlıq
Azərbaycan Fransa ilə ikitərəfli münasibətlərdə bu
təməl prinsiplərinə
daim sadiqdir
Hörmətli cənab
Prezident,
Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında diplomatik münasibətlərin qurulmasının
30 illiyi ilə əlaqədar mənə
ünvanladığınız məktuba görə Sizə təşəkkür
edirəm. Mən də öz
növbəmdə Sizi
və Fransa xalqını bu əlamətdar tarix münasibətilə ürəkdən
təbrik edir, ən xoş arzularımı çatdırıram.
1993-cü ildə
Azərbaycan ilə Fransa arasında imzalanmış dostluq, qarşılıqlı anlaşma
və əməkdaşlıq
haqqında Müqavilə
ikitərəfli münasibətlərimizin
təməl prinsiplərini
və inkişaf xəttini müəyyən
etmişdi. Azərbaycan bu prinsiplərə
daim sadiq qalaraq Fransa ilə bərabərhüquqlu
və qarşılıqlı
faydalı əməkdaşlığın
qurulmasına çalışmışdır.
Ötən dövr ərzində Azərbaycan-Fransa əlaqələri
dinamik inkişaf etmiş, səmərəli
əməkdaşlıq münasibətləri
formalaşmış və
bir çox sahələrdə yaxşı
nailiyyətlər əldə
olunmuşdur. Bu gün
Fransa şirkətləri
Azərbaycanın iqtisadi
həyatında fəal
iştirak edir, Bakıda Fransız Liseyi və Fransız-Azərbaycan Universiteti
uğurla fəaliyyət
göstərir. Mehriban Əliyevanın
bilavasitə rəhbərliyi
altında ölkələrimiz
arasında mədəni
əlaqələrin inkişafına
göstərilən diqqəti
xüsusilə qeyd etmək istəyirəm.
İnanıram ki, iqtisadiyyat,
mədəniyyət, təhsil
və digər sahələrdə qarşılıqlı
maraq doğuran əməkdaşlığımızın inkişafı bundan sonra da xalqlarımızın
və ölkələrimizin
rifahına xidmət edəcəkdir.
Müxtəlif sivilizasiyalara, mədəniyyətlərə
və dinlərə mənsub xalqların tarixən birgə və mehriban yaşadığı Azərbaycan
Respublikası xalqın
iradəsi və maraqları əsasında
müstəqil siyasət
yürüdən dövlətdir. Azərbaycan öz
tarixi, əzəli torpaqlarının Ermənistan
tərəfindən işğalına
son qoyaraq ərazi bütövlüyünü təmin
etmiş, BMT Təhlükəsizlik
Şurasının qətnamələrini
icra etmişdi. Otuz illik təcavüzün bitməsi yeni geosiyasi reallığa uyğun olaraq regionda əməkdaşlıq
üçün imkanlar
yaratmışdı. Bu
baxımdan nəqliyyat-kommunikasiya
xətlərinin açılması
bölgəmiz üçün
böyük iqtisadi perspektivlər vəd edir.
Hesab edirəm ki, Avropa İttifaqının
hazırkı sədri
qismində Fransanın
təşəbbüsü ilə dördlü formatda keçirdiyimiz görüş və apardığımız danışıqlar
regionda etimadın gücləndirilməsi, davamlı
sülhün və sabitliyin təmin olunması üçün
əlverişli imkan açmışdı.
Azərbaycan sülhün tərəfdarıdır. Biz ərazi bütövlüyü,
suverenlik və beynəlxalq səviyyədə
tanınmış sərhədlərin
toxunulmazlığı kimi
beynəlxalq hüququn
fundamental baza prinsipləri
əsasında Ermənistanla
sülh sazişi üzrə danışıqlara
başlamağa hazırıq.
Ermənistanın bu məsələdə
konstruktiv mövqe nümayiş etdirməli olduğunun vacibliyini vurğulayaraq Fransanın regionun sülh gündəliyini dəstəkləyəcəyinə
ümidvarıq.
Hörmətli cənab
Prezident,
Hazırda Azərbaycanın qarşısında
duran əsas vəzifə çoxillik işğal nəticəsində
dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin
bərpasıdır. Biz azad olunmuş ərazilərimizin minalardan
təmizlənməsi prosesinə
Fransanın verdiyi dəstəyi yüksək
qiymətləndiririk. Eyni zamanda Ermənistan-Azərbaycan
münaqişəsi zamanı
4000-ə yaxın itkin
düşmüş soydaşımızın
taleyinin aydınlaşdırılması
məsələsinə ölkənizin
göstərdiyi diqqəti
alqışlayırıq.
UNESCO-nun üzvü
kimi və onun Nizamnaməsinə uyğun olaraq Azərbaycan təşkilatın
missiyasını öz
ərazisində qəbul
etmək niyyətini
son onilliklər boyu rəsmi şəkildə
dəfələrlə bəyan
etmişdi. UNESCO-nun missiyasını üzv ölkənin suverenlik hüququna hörmət əsasında ölkəmizdə
tezliklə görməyə
hazırıq.
Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın
şaxələndirilməsinə, eləcə də üzv ölkələr ilə əlaqələrin
və dialoqun genişlənməsinə böyük
önəm verir. Qarşıdan gələn aylarda ölkənizin Avropa İttifaqına sədrliyi
çərçivəsində bu əlaqələrin daha da möhkəmlənəcəyinə
inamımızı ifadə
edirik.
Dərin hörmət və ehtiramlarımı izhar edirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
7 mart 2022-ci il
Azərbaycan.- 2022.- 10 mart.- S.2.