Azərbaycan dövləti vətəndaşına sahib çıxır

 

İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində vətəndaşlarımızın rifahı ilə yanaşı təhlükəsizliyi də dayanır

 

Azərbaycanda dövlət siyasətinin təməlində ilk növbədə insan amilinin dayandığını çoxsaylı aspektlərdən göstərmək mümkündür. İqtisadisosial islahatların məzmunu, gərgin situasiyalarda, ekstremal şəraitlərdə hakimiyyət orqanlarının göstərdiyi çevik reaksiyalar insan amilinin nə qədər prioritet olduğunu nümayiş etdirir.

Elə son olaraq Prezident İlham Əliyevin sərəncamına əsasən  əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi də insan amilinə xidmət edən siyasətin təcəssümü idi.

 

Ali diqqətin təcəssümü

 

Son həftələrdə dünyanın diqqətinin yönəldiyi Ukraynada olan azərbaycanlıların təxliyəsi ilə bağlı görülən işlər bir daha göstərdi ki, Azərbaycan dövləti öz vətəndaşlarının taleyinə xüsusi həssaslıqla yanaşır. Hərbi əməliyyatlar səbəbindən yaşayışın təhlükəli olduğu bu ölkədə olan vətəndaşlarımızın təxliyəsi hələ fevral ayından sürətlə həyata keçirilməyə başlanıldı.

Azərbaycanla Ukrayna arasındakı əlaqələrin tarixi böyükdür.

Eyni zamanda iki dövlətin xalqları arasında sıx dostluq münasibətləri mövcuddur. Bu səbəbdəndir ki, hazırda Ukrayna xaricdə yaşayan azərbaycanlıların olduqca mütəşəkkil şəkildə təşkilatlandıqları dövlətlərdən biridir. Bu ölkədə güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Bundan başqa, minlərlə azərbaycanlı Ukraynanın müxtəlif ali məktəblərində təhsil alır. Xeyli sayda Azərbaycan vətəndaşı Kiyevdə, Xarkovda, Odessada, Lvovda və digər iri şəhərlərdə biznes fəaliyyəti ilə məşğuldur. Ukraynanın sanatoriya və kurortlarında hər il on minlərlə azərbaycanlı istirahət edir. Elə bu səbəblərdən də hazırda Ukrayna vətəndaşları olan soydaşlarımızla yanaşı, Azərbaycan vətəndaşlarının da bu ölkədə olması təbiidir.

Ukraynada hərbi əməliyyatların ilk günlərindən Azərbaycanın həm bu ölkədəki, həm də Moldova, Polşa və Rumnıyadakı səfirliklərinin əməkdaşları soydaşlarımızın təxliyəsi üçün səfərbər olunublar. Bolqarıstan da Azərbaycan vətəndaşlarının Ukrayna ərazisini tərk etməsini nəzərə alaraq, soydaşlarımızın bu ölkə ərazisindən keçmələri üçün müvəqqəti olaraq viza tələbini ləğv edib. Vətəndaşlarımız Rumıniya vasitəsilə Bolqarıstana, oradan isə Türkiyə ərazisinə keçməklə Azərbaycana qayıda bilərlər.  Bu ölkələrdə vətəndaşlarımızın tranzit keçidi üçün viza tələbi müvəqqəti olaraq aradan qaldırılıb. Onlara yalnız səyahət sənədi təqdim edilir.  COVID-19 pasportu və PCR testinin neqativ nəticəsi mütləq şəkildə tələb olunmur.

 

Təxliyə davam edir

 

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına əsasən, martın 8-dək respublikamıza 4375 nəfər təxliyə edilib. Onların arasında çarter reysləri ilə təxliyə edilənlər 2298 nəfər, quru yolu ilə isə 2077 nəfər təşkil edib. Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən indiyədək 12 çarter reysi təşkil olunub. Bu reyslər zamanı, əsasən, qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib.

Hazırda Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrin ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam etdirilir.

Xatırladaq ki, Azərbaycan dövləti bundan əvvəl, 2020-ci ildə koronavirus infeksiyasının yayıldığı zaman xarici ölkələrdə olan vətəndaşlarımızın təxliyəsini həyata keçirmişdi. Həmin vaxt təyyarə reyslərinin ləğv olunması səbəbindən xeyli sayda vətəndaşımız xarici ölkələrdə qalmışdı. Prezident İlham Əliyevin göstərişləri əsasında dövlət qurumları həmin vətəndaşların qısa müddətdə öz evlərinə qayıtmalarını təmin etdi. O dövrdə respublikamızda dərhal qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin görülməsi sayəsində koronavirusun ciddi fəsadlar verməsinin qarşısı alındı. İctimaiyyət ilk gündən Prezident İlham Əliyevin problemlə mübarizədə qətiyyətini, atdığı addımlarla insanların yanında olduğunu gördü.

Azərbaycan dövləti eyni reaksiyanı bu günlərdə soydaşlarımızın Ukraynadan təxliyəsi zamanı da nümayiş etdirdi. Bir neçə gün ərzində minlərlə soydaşımızın doğma vətənə qayıdışının təmin olunması göstərir ki, dövlətimiz heç vaxt öz vətəndaşını darda qoymur. Hətta onların bir qisminin sənədləri qaydasında olmasa belə, problemləri dərhal və çevik şəkildə aradan qaldırılır.

Beləliklə, Ukraynadan həyata keçirilən təxliyənin fonunda ictimaiyyət bir daha gördü ki, dövlətimiz istənilən zaman, bütün gözlənilməz, ekstremal və çətin situasiyalarda vətəndaşının yanındadır. Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar çətinliyə düşmüş və hətta  stres keçirmiş vətəndaşlarımız üçün bundan böyük dəstək ola bilməzdi. Bütün bunlar bir daha təsdiq etdi ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifahı ilə yanaşı, onun təhlükəsizliyi də dayanır.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 10 mart.- S.1; 4.