Adı dillərdə, igidliyi ellərdə
dolaşan qəhrəman
Xüsusitəyinatlı gizir Orxan Cabbarov erməni polkovnikini əlbəyaxa döyüşdə
məhv edib
..Düşmənə layiq olduğu cəzanı verib şəhidlik zirvəsinə ucalan 25 yaşlı xüsusi təyinatlı dəstənin kəşfiyyatçısı, gizir Orxan Cabbarov Şuşanın azad olunmasında adını hərb tarixinə yazanlardan biridir.
Cabbarov Orxan Rövşən oğlu 1995-ci il oktyabrın 16-da Tovuz rayonunda anadan olub. 2002-2008-ci illərdə Rusiya Federasiyasının Vladivostok şəhərindəki 34 saylı orta məktəbdə oxuyub. Ailə Vətənə döndüyü üçün Orxan 2008-2013-cü illərdə 179 saylı Binəqədi rayon tam orta məktəbində təhsilini davam etdirib. O, uşaqlıqdan idmana böyük maraq göstərib. Ona görə də sərbəst güləş və karate ilə məşğul olub.
Orxan Cabbarov 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Həmin müddətdə Xüsusi Təyinatlı Qüvvələrin 6 aylıq kursuna yazılıb. Kursu bitirdikdən sonra müddətdən artıq hərbi qulluqçu kimi xidmət etməyə qərar verib. 2015-ci ildən Vətən müharibəsinə qədər Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad və Xızı rayonlarında yerləşən hərbi hissələrində də olub. 2016-cı ilin aprelində Talış istiqamətində döyüşlərdə iştirak edib.
Gizir Orxan Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib. O, Ermənistan silahlı qüvvələrinin polkovnikini əlbəyaxa döyüş zamanı məhv edib. Bu cəsur, qorxmaz kəşfiyyatçı da düşmən gülləsindən yayınmayıb, noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Tovuz rayonunun Bozalqanlı kəndində atasının məzarı yanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpasındakı xüsusi xidmətlərinə, işğal edilmiş ərazilərin azad olunması zamanı göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman göstərdiyi igidliyə və mərdliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalına layiq görülən Orxan Cabbarov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adını qazandı. “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə də təltif edilən Orxan Cabbarovun adı şəhidliyindən sonra Tovuz rayonunun Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyaya verilməklə əbədiləşdirildi. Binəqədi rayonunun Biləcəri qəsəbəsində isə şəhidin adına küçə verildi.
Düşmənin canına vəlvələ salan “Canavar” ləqəbli Orxan Cabbarovun anası Yeganə xanımın söylədikləri əslində, bir məqalə həcminə sığmayan dastandır: “...Orxanımı, deyəsən, biz doğmalardan daha çox döyüşçü dostları yaxşı tanıyıblar. Onun haqqında eşitdiklərimizdən ancaq qürurlanmaq olar. Xüsusi təyinatlı olmaq arzusunda idi. Həmin kursu keçməyi hər əsgər bacarmır. Lakin Orxan buna nail oldu. XTQ sıralarında öz layiqli yerini almışdı. Müddətdən artıq hərbi qulluqçu kimi Aprel döyüşlərində Talışkənd uğrunda savaşdı...”
Ananın nitqi burada tutulur. Öyrənirik ki, 30 sentyabr 2018-ci ildə ailə qurub. Bundan sonra 3 ay Cəlilabadda yaşayıblar. Orxan güclü istehkamçı olub. Sifarişlə başqa hərbi hissələrə göndərilirmiş. Öz istəyi ilə 2019-cu ildə “Yaşma”da xidmətə başlayıb. Həmişə idman yarışlarında ön sıralarda yer tuturmuş. Buna görə Orxana diplom da verilib. Təlimlərdə xüsusi hazırlıqlar, qayaya dırmaşmalar, bıçaq atmalar, əlbəyaxa döyüşlər və s. kimi vacib təlimlərdə fərqlənirdi. Orxan Cabbarov bununla sanki düşmənlə əlbəyaxa döyüşlərə hazırlaşırdı.
Bu ailə
döyüşlərə iki oğul verib.
Orxanın kiçik
qardaşı Ruslan da
döyüşlərdə topçu kimi fəallığı
ilə seçilib. Bu
gün Vətən müharibəsi
iştirakçısı kimi tanınan Ruslan qardaşının qəhrəmanlıqlarla
dolu döyüş yolundan fəxrlə söz
açır: “Döyüşlərdə tez-tez
ailə ilə əlaqə saxlaya bilməsə
də, hərdən zəng edib deyirmiş: “...Biz
yaxşıyıq. Nigaran olmayın, “Bala Canavar”a yaxşı baxın!..” “bala canavar”
isə onun yeganə yadigarı Ayxan idi...”
Nənəsi Gülsüm
deyir ki, oğlum olmadığı
üçün nəvəm
Orxanı körpəlikdən
qucağımda balam kimi böyütmüşdüm:
“...Orxan 2015-ci ildən
müddətdən artıq
hərbi qulluqçu kimi xidmətə başlamışdı. 2016-cı ilin Aprel döyüşlərində
iştirak edib: “Aprel döyüşlərində
yaralansa da, ön cəbhədən sağ-salamat çıxmışdı...”
Anası Yeganə
xanım fikrini yenidən cəmləməyə
çalışır: “Son zəngi oktyabrın 30-da Qubadlı şəhərindən
gəlmişdi. Oktyabrın 16-da 25 yaşı tamam olmuşdu. Ad günündə əlbəyaxa
döyüşdə, təkbaşına
erməni polkovnikini məhv edən cəsur balam oktyabrın 25-də qolundan
yaralanıb, hospitalda müalicə alıb.
Bunu heç kimə deməyib. Yarası sağalmadan “Yoldaşlarımı
tək qoya bilmərəm”,-deyib, könüllü
döyüşə qayıdıb.
Döyüş yoldaşının sözlərinə görə,
çox cəsarətli,
doğrudan da, canavar kimi imiş.
Döyüşdə düşmən tankına tərəf irəliləyib. Elə həmin
tankdan atılan mərmi nəticəsində
kürəyindən qəlpə
yarası alıb.
Noyabrın 9-u şəhadətə yüksəlib. Övladımdan
Ayxan adlı balası, bir də qəhrəmanlığı,
şəhidliyi yadigar
qalıb...”
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2022.-10 mart.- S.6.