Qapanlının dünəni və bu
günü
Gözəl bir payız günü idi. Ağaclardakı yarpaqlar tək-tük saralmağa başlamışdı. Havada elə bir möhtəşəmlik vardı ki, adamın ruhu dincəlirdi. Qapanlı kəndinin sakinləri də bu gün mənfur qonşuların varlığını unudaraq toyda o ki var şənlənmək istəyirdilər. Nofəl kişinin ailəsində də toya hazırlıq görülürdü.
Müşgünaz nənə nəvəsi Zəhranı toya hazırlaşdırır və bundan xüsusi zövq alırdı. Cəmi 4 yaşı olan Zəhra toya gedəcəyi üçün hədsiz sevincliydi. Kənd uşaqları ilə oynamağa, rəqs etməyə hazırlaşırdı. Buna görə də ən qəşəng donunu da geyinmişdi.
Budur, Müşgünaz nənənin bacısı Mədinə nənə də gəlib çıxdı. Artıq toyun səsi də gəlirdi. Zəhra böyükləri tələsdirir, qonşuluqdakı toy mağarına uşaqlardan tez çatmağa can atırdı.
Uzun illər erməni quldurları ilə üzbəüz yaşamaq Qapanlı kəndinin camaatına belə şənliklərin sevincini bir qədər unutdurmuşdu. Amma hər kəs - uşaq da, böyük də buna ehtiyac duyurdu. Yaşanan gərginlikdən bir qədər uzaqlaşmaq, doyunca musiqi dinləmək, bir-birilə söhbətləşmək istəyirdilər. Qonaqlar gənc valideynlərə gözaydınlığı verir, dinc səma, əmin-amanlıq arzulayırdılar.
Qadınlar da toy mağarında əyləşmişdilər. Zəhra nənəsinin qucağında idi. Nənə istəyirdi ki, nəvəsi ləziz toy yeməklərindən dadıb sonra uşaqlarla oynamağa getsin. Hərdən balacaların əllərindəki şarlar, partladıcı vasitələr bir az təşviş yaratsa da, hər şey qaydası ilə gedirdi.
Qəfil səs yenə də camaatı diksindirdi. Amma hələ nə baş verdiyini heç kəs anlamadı. Dəhşətli ağrı hiss edən Müşgünaz nənə yanındakı bacısına baxdı və onun qolundan qan axdığını, qucağındakı uşağın isə başından yaralandığını gördü. Bir avtomat gülləsi ilə üç günahsız insanı, o cümlədən yaşlı iki qadını və bir körpəni yaralayan ermənilər yenə də bu şənliyi faciəyə döndərdilər.
Zəhranın ala gözlərində elə dəhşətli ağrı vardı ki... O, kiçik uşaq qəlbi ilə baş verənləri anlamırdı.
Çox çəkmədi ki, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının işçiləri kəndə gəldilər. Yaralılar yardım göstərilməsi üçün xəstəxanaya göndərildi.
Hadisə 1 sentyabr 2015-ci ildə günorta vaxtı Tərtərin Qapanlı kəndində baş vermişdi.
Bu günlər Qapanlı kəndində olub yenidən Nofəl Əliyevin ailəsi ilə görüşdük. Öyrəndik ki, Zəhra artıq dördüncü sinifdə oxuyur. Xarici dili mükəmməl öyrənmək istəyir ki, 30 ildən çox bir müddət ərzində onların kəndində baş verənləri bütün dünyaya yaysın. Nəinki onların kəndində, elə tarixboyu ermənilərin azərbaycanlıların başına açdıqları müsibətlərin unudulmaması üçün o, nələr edəcəyi barədə indidən düşünür. Məktəb dərslərindən əlavə, hazırlıqlara gedir, uşaq yox, əsl böyük ciddiliyi ilə öz üzərində çalışır.
Zəhra deyir ki, o hadisə zamanı cəmi 4 yaşı vardı, ancaq bu gün də həmin vaxt keçirdiyi həyəcanı unuda bilmir. Nənəsi, nənəsinin bacısı həm yarımcan olublar, həm də xəstəlik tapıblar.
Uşağı bir sual düşündürür:
axı, biz ermənilərə neyləmişdik?
O, bu
sualın cavabını
tapa bilmir. Hələlik isə 30 il ərzində
düşmənlərin bu
kəndin başına
gətirdikləri müsibətlər
haqqında söhbətləri
dinləyir. Dinləyir ki, bunları
heç zaman unutmasın.
Bir ailədə baba, nənə, oğul və nəvə erməni gülləsindən
yaralanıb. Özü də bunların
hamısı müharibə
zamanı yox, atəşkəs vaxtı
baş verib. Qapanlıda yalnız bu ailənin deyil, kimin qapısını
döysən, ya şəhid verdiyini, ya yaralı olduğunu, ya da ev-eşiyinin dağıldığını
öyrənəcəksən.
Bu hadisələri törədənlər
isə 30 il
əvvələ qədər
bu kəndin çörəyilə dolanan,
sonda nankorluq edən qonşular olublar.
Nofəl kişi
deyir ki, avtomat gülləsi ona elə həyətində
oturduğu yerdə dəyib. 2000-ci ilin
yanvar ayı idi. Hələ kəndin ətrafındakı
istinad divarları tikilməmişdi. Ermənilər həyətləri aydın
görürdülər. İnsanları qoyun otardıqları,
əkin əkdikləri,
toyuğa dən verdikləri zaman vururdular. Hətta iş o yerə gəlib çatmışdı
ki, evin arxasındakı pəncərəyə
nərdivan qoyub, qapıdan yox, pəncərədən həyətə
düşürdülər. Bununla belə, evlərini tərk etmirdilər.
Ailənin kiçik oğlu Namiq isə traktorla sahədə işləyərkən snayperlə
vurulub. Yaralar sağalsa da,
bütün bu hadisələr səhhətlərində
dərin izlər qoyub.
Vətən müharibəsi zamanı Qapanlı ermənilər tərəfindən ən
çox atəşə
məruz qalan kəndlərdən biri idi. Əhali bu müddətdə
olmazın əziyyətlər
çəkdi. Malqaraya, əkin-biçinə
mərmi yağışı
altında baxırdılar.
Hamının evinə ziyan
dəyirdi. Bununla belə,
qəlblərdə elə
böyük inam vardı ki, 30 illik əziyyətlərə
son qoyulacaq, kənd nəfəs alacaq, bir daha nə
Zəhralar, nə də başqaları yaralanmayacaq. 44 günlük Vətən müharibəsindəki Zəfər
bu inamı gerçəkliyə çevirdi.
Müşgünaz nənə
deyir:
- Qələbədən bir
ildən artıq vaxt keçir, amma biz yenə də o günləri unuda bilmirik. Axır ki, Prezidentimizin, Ordumuzun sayəsində ev-eşiyimizdə rahat yaşaya bilirik. Doğma ocaq hər kəs
üçün şirindir.
***
Bu kənddə
uşaqlar tez böyüyürlər. 4 yaşında ikən erməni vəhşiliyi ilə üzləşən
Zəhra da indi öz fikirləri
ilə həmyaşıdlarından
seçilir. Ancaq hamı
kimi o da təhsil almaq, xoşbəxt olmaq istəyir. Bu belə də olacaq. Axı Zəhra da, Qapanlıda yaşayan digər uşaqlar
da qalib xalqın övladlarıdır.
Svetlana
BAĞIROVA,
“Yeni
Tərtər”qəzetinin redaktoru
Azərbaycan. - 2022.-10 mart.- S.6.