Ermənistan üçün böyük şans yaranıb

 

İrəvan kommunikasiyaların bərpasını yeganə çıxış yolu olaraq görür

 

Regionda davamlı sülh və əməkdaşlıq əlaqələrinin formalaşması Azərbaycan üçün prioritet istiqamətlərdən birini təşkil edir. Kommunikasiyaların açılması sülh prosesində mühümmümkün irəliləyiş olaraq qəbul edilir.

Rəsmi Bakının qənaətinə əsasən, kommunikasiyaların bərpası Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşmasına xidmət etməklə yanaşı, iki ölkə üzərindən ticarət və nəqliyyat daşımalarını əhəmiyyətli dərəcədə artıracaq. Proseslərin bu səpkidə inkişafı Azərbaycan və Ermənistana mühüm dividendlər qazandıracaq, eyni zamanda bu ölkələrlə tərəfdaş münasibətində olan dövlətlərə böyük fayda verəcək.

 

Zəngəzur dəhlizinin açılması Ermənistanın xilası olacaq

 

Bu günlərdə  Ermənistanın baş naziri Nikol Paşinyan da bunu etiraf etməyə başlayıb. O, ölkəsinin yaranmış ağır sosial-iqtisadi böhrandan çıxmasının yeganə yolunun Azərbaycanla normal münasibətlər qurulmasından keçdiyini anlayır. Yeni prezidentin seçilməsi də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ehtimallarını gücləndirir, çünki Vahan Xaçaturyan öz çıxışlarında Ermənistanla, regionda olan dövlətlərlə sülh, təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşamağın daha üstün olduğunu bildirir, özünü sülh tərəfdarı kimi göstərir. Bir sözlə, hər ötən gün sülh müqaviləsini daha da yaxınlaşdırır.

İravunk” qəzeti yazır ki, Paşinyanın prezidentlik postuna öz adamını təyin etməsi və son çıxışlarında səsləndirdiyi fikirlər fonunda bir daha nümayiş olundu ki, kommunikasiyaların bərpa olunması Ermənistan üçün böyük şansdır: “Daha dəqiq desək, ölkə iqtisadiyyatı tamamilə çökmək üzrədir. Rəsmi açıqlamalara görə, Ermənistanda iqtisadi fəallıq daha sürətlə azalır, ölkə sənayesində ciddi geriləmə qeydə alınır. Həmçinin pərakəndə əmtəə dövriyyəsində də kəskin azalma müşahidə olunur. Ölkədə son illər ərzində enerji tariflərinin kəskin yüksəlməsi və əhalinin həyat səviyyəsinin pisləşməsi vətəndaşların sosial narazılığını artırır. Regionlar, qlobal layihələrdən kənarda qalmağımız da prosesə birbaşa təsir edir. Ermənistan qlobal kommunikasiya layihələrindən kənarda qalmaqla son 30 ildə özünə qəsd edib. Ölkəmiz coğrafi baxımdan qlobal kommunikasiyaların tərkib hissəsi ola bildiyi halda, bu şansı itirmişdir. Sülh müqaviləsinin imzalanmasından, Zəngəzur dəhlizinin açılmasından sonra Ermənistan qazanan tərəf olacaq”.

Erməni siyasi şərhçi Ruben Levonisyan da  bildirir ki, kommunikasiyaların açılması, sərhədlərin müəyyən edilməsi ölkəsinin düşdüyü blokada vəziyyətindən xilası olacaq: “Zəngəzur dəhlizi, sülh müqaviləsi bütün tərəflərin milli maraqlarına tam cavab verir. Ermənistan hakimiyyəti bu məsələni uzatmaqla məhvini qaçılmaz edir. Gecolsa Paşinyan bunu anlamağa başlayıb. Zəngəzur dəhlizi Ermənistanın xilası olacaq. Üçtərəfli Bəyanatın 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Bəyanatın bu bəndi Zəngəzur dəhlizinin reallaşması istiqamətində hüquqi zəmin yaradır. Yəni Ermənistan bu dəhlizin açılması üçün üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Əgər bu, baş verməsə, Azərbaycan yenə güc tətbiq etmək məcburiyyətində qalacaq”.

Bu arada Zəngəzurda yaşayan ermənilərin təcili olaraq, dəyər-dəyməz qiymətə evlərini, torpaq sahələrini satmağa başlaması prosesi daha da sürətlənib. Qeyd olunur ki, Zəngəzur daşınmaz əmlak bazarında canlanma son bir neçə aydır davam edir. Əmlak məsələləri üzrə mütəxəssis Henrix Aşotyan bildirib ki, evlərini dəyər-dəyməzə, təcili şəkildə satmaq istəyən çox, alıcı qüvvəsi isə, demək olar ki, sıfır səviyyəsindədir: “Hamı özü və ailəsi üçün təhlükəsiz yer axtarır. Belə getsə, yaxın vaxtlarda Zəngəzurda bir dənə də erməni ailəsi qalmayacaq”.

Əslində, Zəngəzurda evlərin satışa çıxarılması ilə bağlı məlumatlar yeni deyil. Bir neçə ay əvvəl də bununla bağlı məlumatlar var idi. Ancaq getdikcə daha çox erməni öz mənzilini satışa çıxarıb. Bir müddət əvvəl xarici təşkilatlardan biri bəyan etmişdi ki, Ermənistanın Azərbaycanla sərhəd rayonlarından miqrasiya daha çox olacaq. Görünən odur ki, proqnozlar artıq özünü doğruldur.

 

Sülh sazişinin imzalanma prosesini Ermənistan qəsdən uzadır

 

Bu bir reallıqdır ki, Vətən müharibəsinin Azərbaycanın şanlı Qələbəsi ilə başa çatmasından sonra Cənubi Qafqazda yeni geosiyasi proseslərin başlanğıcı, regionun tarixində yeni eranın əsası qoyuldu.

İndi bölgədəki bütün proseslər məhz Azərbaycanın şəksiz liderliyi və diktəsi altında cərəyan edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bölgədə təhlükəsizlik mühiti, davamlı sabitliyə və əmin-amanlığa əlverişli şərait yarana bilər.

Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirməkdə tam qərarlı olduğu halda, Ermənistan bu məsələlərin həllini bilərəkdən yubadır. Ermənistan rəsmiləri tez-tez barışıq xarakterli müxtəlif bəyanatlar versələr də, konkret ortaq işdən söhbət gedəndə müxtəlif bəhanələrlə ondan çəkinirlər. Müharibədəki acı məğlubiyyətdən sonra belə ABŞ və Fransadakı erməni diasporu, eləcə də Ermənistandakı bəzi məkrli qüvvələr öz həmvətənlərinin baxış bucağını zəhərləməyə davam edir, revanşist hisslərdən vaz keçmək istəmirlər.

Prezideni İlham Əliyev də bəyan edib ki, Ermənistanla sülh müqaviləsini imzalamağa hazır olsaq da, onlar tərəfindən buna rəsmi reaksiya verilmir: “Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu, çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Bu, növbəti böyük səhv ola bilər”.

Ermənistanın sülh sazişini bağlamaqdan müxtəlif bəhanələrlə yayınması Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini tanımaması anlamına gəlir. Bu o deməkdir ki, Ermənistan Azərbaycanla mehriban qonşuluqsülh şəraitində, dinc yanaşı yaşamaqdan imtina edir. Məğlub ölkənin yeni avantüraları onu tam tənəzzülə uğrada bilər. İqtisadiyyatı bərbad vəziyyətdə olan, ordusuz qalan Ermənistan sülh sazişindən imtina edərsə, itirən yenə də özü olacaq.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.- 10 mart.- S.1; 6.