Avropa Parlamentinin növbəti riyakarlığı

 

Qarabağda erməni vandalizmini görməzdən gələn bu korrupsioner qurum Azərbaycana qarşıyenidən təxribata imza atdı

 

Avropa Parlamentinin korrupsioner bir quruma çevrilməsi barədə  yüzlərlə yox, minlərlə fakt göstərmək mümkündür.  Müxtəlif siyasi mərkəzlərin aləti rolunu oynayan bu qurum ayrı-ayrı vasitələrlə, o cümlədən insan haqları və demokratiya pərdəsi altında həm də siyasi təxribatlarla məşğuldur. Müxtəlif vaxtlarda onun Azərbaycana qarşı qəbul etdiyi riyakar, tamamilə qərəzli və əsassız sənədlər başqa cür düşünməyə əsas vermir.

Dünən AP-nin “Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi” barədə qəbul etdiyi qətnamə bu qurumun Azərbaycana qarşı növbəti riyakarlığı oldu. Heç bir əsası olmayan, yalansaxta iddialara söykənən bu qətnamənin qəbulu ilə AP bir daha təsdiq etdi ki, erməni təəssübkeşi olan siyasi mərkəzlər üçün alət rolunu oynamaqda davam edir. İkinci Qarabağ müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda bütün dünyaya əyan olan erməni vandallığını görməzdən gələn bu qurumun indi erməni yalanlarının və erməni saxtakarlığının müdafiəsinə qalxması onun iyrənc simasını bir daha ortaya qoydu.

Fakt budur ki, Qarabağ və Şərqi Zəngəzurda işğal dövründə  ermənilər tərəfindən mədəni irsimiz tamamilə talanıb, dağıdılıb. İşğalçı onu özününküləşdirməyə, bu məqsədlə mənşəyini dəyişdirməyə cəhd göstərib. Ermənilər məscidlərimizi dağıdıblar, müsəlman aləmi üçün müqəddəs sayılan yerlərdə donuz saxlayıblar. Müharibənin başa çatmasından sonra bütün bunlar bütün dünyaya agah oldu.  2020-ci ilin dekabr ayında Zəngilan rayonunda ermənilər tərəfindən dağıdılmış məsciddə olarkən Prezident İlham Əliyev beynəlxalq təşkilatlara səslənərək bu barədə demişdi: “UNESCO, buraya gəl, gəl gör. Avropa Şurası səssiz qalma, gəl, gör buranı! Bütün məscidlər dağıdılıb. Yaxşı, məscidi dağıtmaq olar? Məscidi dağıtmaq, deməli, cinayət deyil? Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək? Bunu dağıdan erməni olub”.

İndiyədək Azərbaycanın bu istiqamətdə çağırışları cavabsız qalıb. Ermənistanın vandalizmi ilə bağlı AP-nin susqunluğu, laqeydliyi onun həm riyakarlığının, həm də islamofob mövqedə dayanmasının təsdiqidir.

İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Dağlıq Qarabağ probleminə son qoyuldu, 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi. Görünən odur ki, ölkəmizin 44 günlük bu müharibədə qazandığı Zəfəri, Ermənistanı döyüş meydanında darmadağın etməsini, güc yolu ilə torpaqlarımızdan qovmasını, bu işğalçı dövləti tarix boyu unuda bilməyəcəyi şəkildə cəzalandırmasını Qərbin bəlli ermənipərəst dairələri hələ də həzm edə bilmirlər.

Həmin siyasi dairələrin yuxusunu ərşə çəkən başqa bir məqam da Azərbaycanın 44 günlük müharibədən sonra regiondadünyada mövqelərini möhkəmləndirməsi, Ermənistanı üçtərəfli bəyanatların tələblərini yerinə yetirməyə məcbur etməsidir. Ona görə də bu dairələr Azərbaycana qarşı istənilən cılız və riyakar addımı atmağa hazırdırlar. AP-nin qətnaməsi bunu bir daha təsdiq edir.

AP indiyə qədər aldığı sifarişlər əsasında Azərbaycana böhtan atmaqla, qara yaxmaqla məşğul olub. Odur ki, bu qətnamə də bizim üçün adi kağız parçasıdır və qalib Azərbaycana təsir göstərmək iqtidarında deyil.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 11 mart.- S.1; 3.