İqtisadi və siyasi
müstəqilliyin uğur formulu
İlham Əliyevin milli maraqlara
əsaslanan xarici diplomatiyası Azərbaycanı
güclü, qüdrətli və
istiqrarlı dövlətə çevirib
Müstəqilliyinin bərpasından ötən 31 ildə heç vaxt indiki kimi güclü, qüdrətli və istiqrarlı olmayan Azərbaycan bu gün dünya düzənində özünəməxsus yer tutan ölkələrdən biridir.
Bunun yeganə səbəbi isə Prezident İlham Əliyevin tam müstəqil siyasət yürütməsi, ölkənin iqtisadi qüdrətinin getdikcə daha da güclənməsidir.
Əgər dünyanın geosiyasi mənzərəsinə nəzər yetirsək görərik ki, bu 31 ildə Azərbaycanın əldə etdiyi uğurları inkişaf etməkdə olan ölkələrin əksəriyyəti bəlkə də heç 50 ildə qazana bilməyiblər.
Cənubi Qafqazın ən fəal siyasi
və iqtisadi aktoru
Bir vaxtlar iqtisadi müstəqilliyini təmin edə bilməyən, xaricdən aldığı yardımlarla keçinən, zəngin təbii ehtiyatlarının olmasına baxmayaraq, əhalisinin enerjiyə tələbatını idxal hesabına ödəyən Azərbaycan cəmi 31 ilə güclü iqtisadiyyata, müstəqil siyasətə sahib qüdrətli dövlətə çevrildi. Dünya artıq müstəqil Azərbaycanı qlobal layihələr həyata keçirən, islahatlar aparan, regional əməkdaşlığa və enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş ölkə kimi qəbul edir.
Müstəqillik dövründə ölkə iqtisadiyyatına 300 milyard dollar investisiya qoyulması, xarici ölkələrə yatırımlar etməsi, valyuta ehtiyatlarını 53 milyard dollara yüksəltməsi hər ölkəyə nəsib olmayan möhtəşəm nailiyyətlərdir.
Prezident İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasət kursu ölkəmizi strateji önəmi birmənalı etiraf olunan dövlətə çevirib. Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi mürəkkəb geosiyasi şəraitdə müstəqil siyasət həyata keçirən Azərbaycan son 18 ildə bütün istiqamətlər üzrə böyük uğurlar əldə edib.
Bu gün dünyada gedən ziddiyyətli geosiyasi proseslər, həmçinin qlobal pandemiya ilə mübarizə fonunda Azərbaycan həm sabitliyini təmin edir, həm də tam müstəqil xarici siyasət kursuna müvafiq olaraq beynəlxalq əlaqələrini daha da gücləndirir.
İkinci Qarabağ müharibəsindəki şanlı zəfərdən sonra regionda yaranan yeni reallıqlar və bölgədə diktənin Azərbaycana məxsus olması bir daha təsdiq edir ki, ölkəmiz Cənubi Qafqazın ən fəal siyasi və iqtisadi aktorudur.
Məhz bu siyasətin nəticəsidir ki, hazırda Azərbaycan beynəlxalq təşkilatlarda qətiyyətli və müstəqil söz sahibi kimi qəbul edilir. Buna misal kimi təkcə ölkəmizin 120 daimi üzvü olan Qoşulmama Hərəkatına sədrlik etməsini göstərmək yetərlidir. Bütün bu uğurlar İlham Əliyevin xarici diplomatiyasının təntənəsidir.
Azərbaycan Prezidentinin ən mötəbər tədbirlərə dəvət olunması, aparıcı dövlətlərin rəhbərləri, dünyada nüfuzlu ictimai-siyasi xadimlər və digər şəxslərlə görüşləri həm özünün, həm də ölkəmizin yüksək nüfuzunun göstəricisidir.
Onu da xüsusi olaraq vurğulamalıyıq ki, ötən il müstəqilliyimizin 30 illiyini qürur hissi ilə Qələbə qazanmış, Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd etdik. Bu il isə beynəlxalq ələqələrimizin qurulmasının 30 illiyini fəxarətlə qeyd edirik. Bu uğurları dəyərləndirərkən İlham Əliyev qətiyyətlə vurğulayır ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, dostlarını özü seçir, heç kimə hesabat vermir. Son illərin tarixi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı müstəqil yolundan döndərə bilmədi.
Getdikcə daha da
böyüyən tərəfdaşlıq
2022-ci il Azərbaycanın beynəlxalq əlaqələrinin 30-cu ildönümü kimi də tarixə yazılır. Müstəqilliyin bərpasından sonra Azərbaycan 1992-ci ildən başlayaraq dünyanın əksər dövlətləri ilə ikitərəfli, qarşılıqlı münasibətlər qurub, hətta onların əksəriyyəti ilə əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Həmçinin Azərbaycan beynəlxalq siyasi və iqtisadi təşkilatlarla da sıx qarşılıqlı əlaqələr yaradıb.
Son 30 ildə Azərbaycanın yaratdığı uğurlu diplomatik münasibətlər, beynəlxalq miqyasda sərgilədiyi qətiyyətli mövqe tərəfdaş dövlətlərin və beynəlxalq təşkilatların rəhbərlərinin Prezident İlham Əliyevə göndərdiyi məktublarda, telefon zəngləri zamanı səsləndirdikləri fikirlərdə də öz əksini tapır.
Təkcə ötən bir həftə ərzində dövlət başçısının ünvanına gələn məktublara, keçirdiyi görüşlərdə söylənən fikirlərə nəzər yetirsək görərik ki, dünya dövlətləri Azərbaycanla əməkdaşlığa necə yüksək önəm verir.
Bu gün Azərbaycanla Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu münasibətlə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consonun Azərbaycan Prezidentinə ünvanladığı səmimi məktuba diqqət edək: “Martın 11-də Böyük Britaniya və Azərbaycan Respublikası diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəklər. Bu fürsətdən istifadə edərək Böyük Britaniyanın ölkələrimiz arasındakı əlaqələrə verdiyi əhəmiyyəti bir daha qeyd etmək istərdim. Son 30 il ərzində Böyük Britaniya və Azərbaycan Respublikası mühüm strateji tərəfdaşlığın inkişaf etdirilməsi üçün birgə çalışıblar. Mən çox şadam ki, Böyük Britaniya sərmayələrinin Azərbaycanın enerji sektoruna yatırıldığı ilk vaxtlardan etibarən bu əlaqələr genişlənib və çiçəklənib. İnvestisiya və ticarət artmaqda davam edir, təhsil və mədəni əlaqələrimiz son dərəcə sıxdır, biz iqlim dəyişikliyi və təmiz enerji, regional təhlükəsizlik, qadın və qızlara dəstək daxil olmaqla mühüm məsələlər üzrə getdikcə daha böyük dəyər qazanan əməkdaşlığa nail olmuşuq. Böyük Britaniya Azərbaycan Respublikasının sarsılmaz və dəstək verən tərəfdaşıdır və bundan sonra da olacaqdır”.
Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidentinə məktubunda isə bildirilir ki, iki ölkədə də diplomatik münasibətlərinin qurulmasının 30 illiyini qeyd edirlər. Bu illər ərzində Fransa və Azərbaycan iqtisadi, mədəni və təhsil sahələrində tərəfdaşlığa əsaslanan, Fransa və Azərbaycan arasında dostluğun bünövrəsi sayılan Fransa-Azərbaycan Universiteti və Bakıdakı fransız liseyi kimi ümumi uğurlarla əlamətdar olan möhkəm əlaqələr qura bilmişlər. Fransa İnkişaf Agentliyi infrastruktur və kommunikasiya sahələrində layihələr həyata keçirməkdədir: “Prezident Heydər Əliyevin Prezident Fransua Mitteranla 1993-cü ildə imzaladığı dostluq, anlaşma və əməkdaşlıq haqqında müqavilə əsasında qurulan bu münasibətlər həm də mənim çox bağlı olduğum ən yüksək səviyyədə siyasi dialoqa əsaslanır. Azərbaycan Prezidenti kimi ilk səfərlərinizi Fransaya etdiyinizi unutmamışıq. Ümid edirəm ki, Azərbaycan öz müstəqilliyini, inkişafını və ölkələrimizin bağlı olduğu dünyəviliyi möhkəmləndirməyi bundan sonra da davam etdirəcəkdir”.
İtaliyanın Nazirlər Şurasının Sədri Mario Draqi ilə Prezident İlham Əliyev arasındakı telefon danışığı zamanı münasibətlərin hər ötən il daha da genişləndiyini söyləyən Draqi bildirib ki, Azərbaycan və İtaliya arasında iqtisadi, ticarət və enerji sahələrində səmərəli əməkdaşlıq qurulub. Enerji sahəsində əməkdaşlıqda “Cənub qaz dəhlizi” və onun tərkib hissəsi olan Trans-Adriatik təbii qaz boru kəmərinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Azərbaycan İtaliyanın neft təchizatında birinci, qaz təchizatında isə üçüncü yer tutur. Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi məqsədilə yüksəksəviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlər mübadiləsinin davam etdirilməsinə razılıqlarını bildiriblər.
Martın 9-da Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi 600 minədək yəhudinin yaşadığı Los-Ancelesdə təntənəli şəkildə qeyd edilib. Mərasimdə çıxış edən Los-Ancelesdəki Valley Outreach Sinaqoqunun rəhbəri Ravvin Ron Li-Paz Azərbaycandakı dinlərarası tolerantlığın ona daim yüksək təsir bağışladığını vurğulayıb. O, Azərbaycan və İsrail arasında mövcud olan sıx əməkdaşlıq münasibətlərinin böyük gərginliklərin mövcud olduğu hazırkı dünyada əvəzsiz model olduğunu bildirib. ABŞ-ın və dünyanın ən nüfuzlu yəhudi təşkilatlarından olan, 400 min üzvə malik Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavini Ravvin Abraham Kuper çıxış edərək ilk dəfə Azərbaycanda 1972-ci ildə olduğunu, hələ o zaman SSRİ-nin bir çox yerlərindən fərqli olaraq Azərbaycanda yəhudilərin hər hansı ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını, ölkəmizin tolerantlıq və multikulturalizm modelinin müstəqilliyin bərpasından sonra daha da gücləndiyini, bu sahədə Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin misilsiz xidmətlərinin böyük rol oynadığını diqqətə çatdırıb.
1991-ci il dekabrın 25-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri İran olub. 1992-ci il martın 12-də isə iki ölkə arasında tam diplomatik münasibətlər qurulub. İki ölkənin yüksəkrütbəli rəsmiləri arasında sıx əlaqələr, siyasi, hərbi və iqtisadi sahədə nümayəndə heyətlərinin çoxsaylı səfərləri və görüşləri bir tərəfdən əlaqələrin yüksək səviyyəsindən xəbər verirsə, digər tərəfdən də bütün bunlar, münasibətlərin və ikitərəfli əməkdaşlığın davam etdirilməsinə və genişləndirilməsinə güclü dəstəkdir. Bu gün İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı ikitərəfli əlaqələr indiyədək heç vaxt olmadığı qədər yüksək səviyyədədir. İqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, təhsil və turizm sahələrində müxtəlif istiqamətlərdə, o cümlədən bütün region üçün prinsipial əhəmiyyət kəsb edən “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı mövcud çoxsaylı ikitərəfli saziş və layihələr bu həqiqəti təsdiq edir.
Göründüyü kimi, Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil siyasət Azərbaycanı ən etibarlı tərəfdaşa çevirib. Məhz İlham Əliyevin prezidentliyi dövründə respublikamız zamanı qabaqlayan inkişaf tempi ilə dünyanı heyrətləndirə bilib. 2003-cü ildə xalqın böyük dəstəyi ilə hakimiyyət estafetini götürən İlham Əliyevin ötən illərdəki çoxşaxəli fəaliyyəti Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2022.- 11 mart.- S. 4.