Avropada Azərbaycan qazına tələbat artır
Yeni reallıqlar ölkəmizin geosiyasi və geoiqtisadi mövqeyini daha da gücləndirəcək
Cənubi Qafqazın lider dövləti sayılan müstəqil Azərbaycan enerji ehtiyatlarını dünya bazarına çıxarmaqla davamlı inkişaf üçün əhəmiyyətli bazis yaradıb, eyni zamanda beynəlxalq münasibətlərdə mühüm aktora çevrilib. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı statusuna sahib olub.
Ötən il ölkəmiz “Cənub qaz dəhlizi”nin bir seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyə, Gürcüstan, İtaliya, Bolqarıstan və Avropa dövlətlərinə 19 milyard kubmetr təbii qaz ixrac edib. TAP layihəsinin tamamlanmasından sonra Azərbaycan Avropa ölkələrinə qaz ixracını daha da artırıb. Hazırda Azərbaycanın qaz ehtiyatı 2,6 trilyon kubmetrdir, amma bu ehtiyatı daha da artırmaq mümkündür.
Enerji resurslarının etibarlı təchizatçısı
Bu gün Avropa İttifaqı ölkələrinin qaz idxalınının 40 faizini Rusiya qazı təşkil edir. Amma geosiyasi meydanda baş verən reallıqlar, yəni Rusiya-Ukrayna müharibəsi başlandıqdan sonra qonşu ölkəyə qarşı tətbiq olunan sanksiyalar nəticəsində Rusiya Avropa İttifaqına qaz ixracını dayandıra bilər. Həmçinin Avropa İttifaqı da Rusiyadan qaz idxalını məhdudlaşdırmağı planlaşdırdığını bəyan edir.
Təbii ki, Avropa İttifaqı Rusiyadan qaz idxalını azaltmaqla yanaşı digər ölkələrdən, o cümlədən Azərbaycandan mavi qaz idxalını artırmağı düşünür. Bu isə Azərbaycanın təbii qazının Avropada əhəmiyyətinin daha da artdığını, ölkəmizin region üçün enerji təhlükəsizliyi baxımından böyük rol oynadığını göstərir.
Fevralın 4-də Bakıda keçirilmiş “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxış edən Prezident İlham Əliyev yeni mənbələrdən qaz üçün tələbatın artdığını bildirib. Dövlət başçısı qeyd edib ki, yeni bazarlarda Azərbaycan qazına ehtiyac var: “Biz hazırıq, çünki Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur. Azərbaycanın enerji siyasəti həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb”. Qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı ilə əlaqədar son məlumatlara da diqqət çəkən dövlət başçısı bu ölkələrin bəzilərinin qaz istehlakının 80 faizinin, digərlərinin isə 15-20 faizinin Azərbaycandan aldığını və bu göstəricilərin artdığını söyləyib. Eyni zamanda qeyd edib ki, Azərbaycan hasilatı artırmağı planlaşdırır.
Azərbaycan enerji təhlükəsizliyinin
formalaşmasına töhfə verir
Dövlət başçısı Azərbaycanın 2022-ci ildə keçən illə müqayisədə daha çox qaz ixrac edəcəyini və bunun üçün böyük potensial olduğunu vurğulayaraq Azərbaycanın qaz ehtiyatlarının daha da çox olacağına diqqət çəkib.
Son hadisələr isə onu deməyə əsas verir ki, Azərbaycan qazına tələbat getdikcə artacaq və bu da ölkəmizə əlavə iqtisadi və siyasi dividendlər qazandıracaq.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatı Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan regionda enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən ölkədir, eyni zamanda mavi qaz üzrə potensialı kifayət qədər böyükdür. Bu, Azərbaycanın regionda həm geosiyasi, həm də geoiqtisadi mövqeyinin gücləndirilməsi baxımından çox vacib hesab olunur. Bütövlükdə son proseslər ondan xəbər verir ki, Azərbaycanın regiondakı mövqeyi, sülhün və təhlükəsizliyin formalaşmasında töhfəsi daha da artır. Deputatın sözlərinə görə, “Cənub qaz dəhlizi” Avropanın, qonşu Türkiyə və Gürcüstanın enerji təhlükəsizliyinə töhfə verən layihədir: “Azərbaycan “Cənub qaz dəhlizi”nin reallaşmasında xüsusi mövqeyi olan ölkədir. Etiraf etmək lazımdır ki, bu kəmərin reallaşması birbaşa Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində mümkün olub. Bu dəhlizin ilkin smeta dəyəri 45 milyard dollara yaxın idi. Daha sonra bu rəqəm 35-38 milyard dollara qədər azaldıldı. Nəticədə, “Cənub qaz dəhlizi” reallaşdı”.
Artıq 2020-ci ilin dekabrından etibarən Azərbaycan mavi qazını “Cənub qaz dəhlizi” vasitəsilə Avropa bazarına çıxarır. Vüqar Bayramov qeyd edir ki, Azərbaycan 2021-ci ildə bu dəhliz vasitəsilə 19 milyard kubmetr mavi qaz nəql edib. Onun 7 milyard kubmetri İtaliya, 8,5 milyard kubmetri Türkiyə,
1 milyard kubmetri Gürcüstan, qalanı isə Avropanın digər ölkələrinə, o cümlədən Yunanıstan və Bolqarıstana ixrac olunub. Azərbaycan bu dəhliz vasitəsilə daha çox təbii qazı qonşu ölkələrə və Avropa İttifaqına ixrac etmək niyyətindədir. Birinci mərhələdə Avropaya 10, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qaz nəql olunacaq. Azərbaycan “Cənub qaz dəhlizi” vasitəsilə 31,5 milyard kubmetr mavi qazı Türkiyə, eləcə də digər Avropa ölkələrinə nəql edəcək.
Azərbaycan region üçün
yeni alternativ mənbədir
Bu il
Azərbaycanın Avropaya
qaz nəqlinin 10 milyard kubmetrə qədər artırılması
əsas hədəflərdən
biridir. İkinci mərhələdə bu həcm iki
dəfə artırılacaq.
Deputat deyir ki, Azərbaycan
Cənubi Avropa, eləcə də Mərkəzi, Şərqi
Avropa ölkələrinə
mavi qaz nəql edir. Ümumilikdə Avropada Azərbaycan təbii qazını almaq istəyən ölkələrin sayı
artır. Bu baxımdan Azərbaycan qazına tələbin yüksəlməsi müşahidə
olunur. Çünki
Azərbaycan region üçün
yeni alternativ mənbədir: “Hazırda
Avropa İttifaqı idxal etdiyi mavi
qazın 40 faizini Rusiyadan alır, Rusiyanın Avropanın neft idxalında payı isə 25 faizdir. Bu kontekstdə
təbii ki, Azərbaycanın qaz ixracatında rolunun artacağı və regionun enerji təhlükəsizliyinə daha
çox töhfə verəcəyi gözlənilir.
Bu da Azərbaycanın
enerji resurslarının
payının və həcminin artması anlamına gəlir”.
Deputat Avropa İttifaqı ölkələrinin alternativ
olaraq Əlcəzair, Azərbaycan və digər ölkələrdən
daha çox mavi qaz almağı
düşündüyünü vurğulayır. O deyir ki, Türkmənistan və İrandan da təbii qazın
alınması müzakirə
edilir, amma daha yaxın perspektivdə Avropa İttifaqı Əlcəzair
və Azərbaycandan daha çox qaz idxal etməklə
enerji təhlükəsizliyinin
gücləndirilməsinə çalışır.
Qərb investorlarının
Azərbaycana marağı
artacaq
İqtisadçı ekspert Əkrəm Həsənov da qəzetimizə açıqlamasında
deyib ki, mövcud vəziyyətdə
Azərbaycanın dünyada,
xüsusilə regionda
həm geosiyasi, həm də geoiqtisadi rolu artmaq üzrədir. Bu da Prezident İlham
Əliyevin dəfələrlə
bəyan etdiyi siyasətə uyğundur.
Onun sözlərinə görə, hazırda Azərbaycanın qazına və neftinə qədim qitədə ehtiyac çoxdur: “Azərbaycanın Avropaya əlavə neft və qaz ixrac etmək üçün kifayət qədər potensialı var. İndiki vəziyyət - neftin qiymətinin artması bizə əlavə maliyyə imkanları verəcək. Qərb investorlarının Azərbaycanda müəyyən işlərə vəsait yatırmağa marağı da artacaq. Hazırda biz daxili istifadə üçün başqa ölkələrdən nefti və qazı daha ucuz qiymətə ala bilərik. Bununla yanaşı, öz qazımızı və neftimizi Qərbə sata bilərik. Bu, böyük üstünlükdür”.
Əkrəm Həsənovun fikrincə, “Cənub qaz dəhlizi”nin rolu xeyli artacaq. Azərbaycanın neft və qazı Avropanın artan ehtiyacını tam ödəməyəcək. Qərbin İrana qarşı sanksiyaları yumşaldacağı ehtimal olunur. Bununla Avropa İrandan da qaz əldə edə biləcək. Hazırda İran Qərb üçün elə də təhlükəli görünmür. Ekspert bildirir ki, bu vəziyyət də Azərbaycanın xeyrinədir. İrana qarşı sanksiyalar yumşalarsa, İranla Azərbaycanın münasibəti daha da inkişaf edəcək. Baş verən hadisələr Azərbaycanın geosiyasi və geoiqtisadi, həmçinin enerji daşıyıcıları bazarında rolunu xeyli artıracaq.
Əsmər QARDAŞXANOVA
Azərbaycan.-
2022.- 11 mart.- S. 4.