Azərbaycan-Böyük Britaniya əlaqələri yüksək səviyyədə, strateji tərəfdaşlıq zəminində inkişaf edir

 

Dost ölkənin şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə də fəaliyyət göstərirlər

 

30 illik işğal dövründə erməni vandallarının Qarabağda və Şərqi Zəngəzurdakı şəhər və kəndlərimizdə çoxsaylı tarixi, mədəni, dini abidələri və tikililəri vəhşicəsinə dağıtdıqları, torpaqlarımızda əsl barbarlıq törətdikləri indi artıq bütün dünyaya bəllidir.

Prezident İlham Əliyev bütün səfərlərində, çıxışlarında, keçirdiyi görüşlərdə bunu bir daha deyir, xatırladır, vurğulayır. Ayrı-ayrı ölkələrin həmin ərazilərdə olan nümayəndə heyətləri, jurnalistləri, ən müxtəlif qurumlarının əməkdaşları o vəhşiliyin dəhşətli izlərini öz gözləri ilə görürlər.

Prezident İlham Əliyev bu il martın 9-da Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu qəbul edərkən də bu, söhbətin əsas mövzularından olub. İndi Azərbaycan işğaldan azad edilmiş ərazilərində daxili imkanlar hesabına, dövlətimizin başçısının dediyi kimi, heç kəsdən bir manat belə istəmədən, kredit götürmədən genişmiqyaslı quruculuq prosesi həyata keçirir. Həmin ərazilərdə ilk növbədə infrastruktur yaradılır, yolların çəkilməsi, elektrik enerjisi təchizatı, minalardan təmizləmə istiqamətində intensiv aparılır. Qəbulda Baronessa Emma Nikolsona bu barədə ətraflı məlumat verildi.

Gerçəkləşdirdiyimiz çoxşaxəli layihələrdə dostlarımız bizi dəstəkləyirlər. Bu il Azərbaycanla Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunur. Məlum olduğu kimi, bu münasibətlə Böyük Britaniyanın Baş naziri Boris Conson tərəfindən Prezidentimizə səmimi məktub ünvanlanıb. Dövlətimizin başçısı da Böyük Britaniyanın Baş nazirinə diplomatik münasibətlərimizin 30 illiyi münasibətilə səmimi məktub göndərib.

İki ölkə arasında əlaqələr yüksək səviyyədədir və strateji tərəfdaşlıq zəminində inkişaf edir. Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edərkən də bu ölkənin əsas ticarət tərəfdaşımız olduğunu vurğuladı. Belə ki, Böyük Britaniya iqtisadiyyatımıza ən böyük sərmayə qoyan ölkədir, iqtisadi, ticarət əlaqələrimiz getdikcə daha da genişlənir. Enerji sahəsində əməkdaşlıq uğurla davam edirbu sahədə bp şirkətinin ölkəmizdəki uğurlu fəaliyyətini misal göstərmək kifayətdir.

Xatırladaq ki, bp Azərbaycanda “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” kimi nəhəng karbohidrogen yataqlarının işlənməsi, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihələrinin operatorudur. Şirkətin SOCAR-la birlikdə Xəzərin Azərbaycan sektorundakı bir sıra perspektiv strukturlarda apardığı geoloji-kəşfiyyat işləri müxtəlif mərhələlərdə davam edir. bp eləcə də

TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP (Trans-Adriatik Qaz Boru Kəməri) layihələrində sanballı iştirak payına malikdir.

bp-nin həyata keçirdiyi sosial investisiya proqramları da əsas layihələrin ayrılmaz hissəsi, uğuru kimi dəyərləndirilir. Sosial layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlimlərlə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir. Təkcə 2021-ci ildə bponun əməliyyatçı olduğu layihələrdəki tərəfdaşları belə sosial investisiya proqramlarına Azərbaycanda 2,2 milyon dollardan artıq vəsait xərcləyiblər.

Bu gün Böyük Britaniya şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə də fəaliyyət göstərir, xüsusilə şəhərlərin planlaşdırılması, minalardan təmizləmə və digər sahələrdə uğurla çalışırlar. Prezident İlham Əliyev sözügedən qəbul zamanı ölkəmizin enerji siyasətində bərpaolunan enerjiyə xüsusi əhəmiyyət verildiyini qeyd edib. Dövlətimizin başçısı bp ilə neft-qaz sahəsindəki ənənəvi əməkdaşlığa əsaslanaraq bərpaolunan enerji sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Məlum olduğu kimi, işğaldan azad edilmiş bölgələrimiz 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Uzunmüddətli etibarlı tərəfdaşımız olan bp-nin bu sahəyə marağı təqdirəlayiqdir. Belə ki, Cəbrayıl rayonunda böyük bir günəş-elektrik stansiyasının tikintisi nəzərdə tutulub. Hazırda bununla əlaqədar bp şirkəti ilə danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı 240 meqavata bərabər olacaq.

Təsadüfi deyil ki, Baronessa Emma Nikolson ölkələrimiz arasında iqtisadi, ticarət, enerji sahələrində əməkdaşlıqdan danışarkən bu xüsusda bp-nin Azərbaycandakı fəaliyyətini və onun genişləndirilməsini də vurğuladı. O, bp ilə ölkəmizin bərpaolunan enerji sahəsində əməkdaşlığının inkişaf etdirilməsi məsələlərinə toxundu.

Qeyd edək ki, Prezident İlham Əliyev və Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson söhbət zamanı ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin genişləndirilməsi, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi də aparıblar. Bu da əməkdaşlıq və tərəfdaşlığın davamlı olduğunu, daha da inkişaf edəcəyini təsdiqləyir.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2022.-11 mart.- S.5.