İndi hədəf qurub-yaratmaqdır
Qarabağda və Şərqi Zəngəzurda
aparılan bərpa işləri çoxşaxəlidir
Azərbaycanın 30 ilə yaxın işğal altında qalan doğma torpaqları ilə bağlı iki əsas hədəfi vardı. Birincisi, onları düşmən işğalından azad etməli idik. Qəhrəman əsgərlərimiz canı və qanı bahasına bu missiyanı yerinə yetirdilər. Növbəti hədəf isə düşmən tərəfindən viran edilən torpaqlarda bərpa-quruculuq işləri aparıb buradan didərgin düşən soydaşlarımızı doğma yerlərinə qaytarmaqdır.
Düşmən bizim bu yerlərə qayıtmağımıza sədd çəkmək üçün olmazın vəhşiliklər törədib. Təkcə insanlar tərəfindən tikilən yaşayış və sosial infrastruktur deyil, təbii sərvətlər də talan edilib və dağıdılıb. Döyüşlər başa çatan kimi Prezident İlham Əliyev bəyan etdi ki, bu yerləri yenidən qurub cənnətə çevirəcəyik.
Dövlət başçısı bu gün də hər vasitə ilə dünyaya çatdırır ki, işğaldan azad edilən ərazilər tezliklə bərpa olunacaq və azərbaycanlılar öz doğma yerlərinə qayıdacaq. Prezident İlham Əliyev TASS Agentliyində fevralın 23-də Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşündə jurnalist Oleq Dobrodeyevin məcburi köçkünlərin geri qayıtması barədə sualını cavablandırarkən demişdir: “Minalanmış sahələrin xəritələri yekunda bizə təhvil verildi, lakin onların dəqiqliyi 25 faiz təşkil edir. Yəni əslində, yararsızdır. Bu, başlıca problemdir ki, niyə biz artıq indi insanları qaytara bilmirik. Buna baxmayaraq, biz indi pilot layihələri icra edirik, yəqin ki, bir neçə aydan sonra Zəngilan rayonunun kəndlərindən birində həyata keçiriləcək, ilk olaraq, təqribən 200 ailə artıq bu ilin yazında oraya qayıdacaq. Sadəcə müqayisə üçün deyim ki, biz Livan ərazisinə bərabər ərazini bərpa etməliyik. Həmin ərazidə heç nə yoxdur, yəni sözün əsl mənasında hər şey dağıdılıb. Ağdam şəhərində 30-40 min insan yaşayırdı, orada xarabalıqdan başqa heç nə yoxdur. Daşları daşıyıb aparıb, satıblar. Başdaşlarını sındırıb, aparıb və satıblar. Yəni misli görünməmiş, ağılasığmayan miqyasda vandallıq... Beləliklə, bizim qarşıda böyük işlərimiz var - su, işıq, qaz, yollar, minalar, evlər. Biz başlamışıq, biz ötən il 1 milyard 300 milyon dollar ayırmışıq, bu il isə eyni vəsaiti bərpa işlərinə ayırmışıq. Pilot layihələr icra olunur, lakin bu, vaxt aparacaq”.
Dövlət başçısı işğaldan azad olunan ərazilərdə quruculuq-bərpa işlərinin davam etdirilməsində qərarlı olduğunu vurğuladı. Bildirdi ki, Ağdam, Füzuli, Şuşa şəhərlərinin tikintisinin baş planı hazırlanıb, digər şəhərlərinki isə yaxın vaxtlarda başa çatacaq. Burada bütün işlər plan üzrə yerinə yetiriləcək.
İşğaldan azad olunan ərazilərdə tələm-tələsik, necə gəldi tikinti işləri aparılmayacaq. Görüləcək işlərdə müasir dünya standartlarından istifadə olunacaq. Belə ki, burada “yaşıl enerji” prinsipi əsas götürüləcək. Qarabağ və Şərqi Zəngəzurun bütün ərazisi “yaşıl enerji” zonası və “ağıllı şəhərlər”, “ağıllı kəndlər” konsepsiyası əsasında yenidən qurulacaq.
Dövlət başçısı bərpa-quruculuq işlərinin aparılmasına ermənilərin mane olmaq istəməsini də xüsusi vurğuladı. Bildirdi ki, müharibə qurtarandan bir il 3 ay ərzində minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200-dən çoxdur.
Bütün dünya 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin ildırım sürətli qələbəsinin şahidi oldu. İndi isə dünya Azərbaycan insanının viran qoyulan torpaqlarda aparılan eyni sürətlə bərpa-quruculuq işlərinə şahidlik edir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurun çətin dağlıq, qışda qarın qalınlığı 3-4 metrə çatan ərazilərində yollar inşa edilir, tunellər qazılır, elektrik xətləri çəkilir. Bu işlər bir an fasilə vermədən, böyük fədakarlıqla həyata keçirilir. İndiyədək dağlıq coğrafi məkanda yerləşən Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonlarının ərazilərində və Ermənistanla həmsərhəd bölgələrdə 700 kilometrə yaxın yol, o cümlədən Zəfər yolu çəkilmişdir. Paralel olaraq Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın yolu, həmçinin Laçın istiqamətində əlavə yollar da salınır.
Bununla yanaşı, sözügedən ərazilərdə elektrik enerjisi infrastrukturunun yaradılmasına xüsusi diqqət yetirilir. Ötən il Prezident İlham Əliyevin iştirakı ilə Laçındakı “Güləbird” Su-Elektrik Stansiyasının, “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su-elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olmuşdur. “Kəlbəcər-1” Kiçik Su-Elektrik stansiyasında işlər tamamlanmışdır. Bununla yanaşı, azad olunmuş ərazilərdə 110/35/10 kV-luq rəqəmsal yarımstansiya tikilmiş, “Şuşa”, “Şükürbəyli”, “Kəlbəcər”, “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiyaları istismara verilmişdir. Ağdamda iki yerdə inşa edilən 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları, o cümlədən “Qarabağ” Regional İdarəetmə Mərkəzi işə salınmışdır.
Qarabağ və Şərqi Zəngəzurda tikilən 9 yarımstansiyanın hamısı ölkənin ümumi enerji sisteminə qoşulmaqla yanaşı, həm də tam rəqəmsallaşdırılmışdır. Belə ki, işğaldan azad edilən ərazilərdə IV Sənaye İnqilabına uyğun olaraq intellektual enerji sistemi konsepsiyası həyata keçirilməklə, müasir, dayanıqlı, rəqəmsallaşdırılmış yarımstansiyalar modeli formalaşdırılmışdır. Bunun sayəsində istismara verilən yarımstansiyalarda aktivlərin, proseslərin, resursların idarə edilməsi, açılıb-qoşulma əməliyyatları, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması proqram təminatı vasitəsilə avtomatik həyata keçirilir.
Cari ildə də bu ərazilərdə enerji infrastrukturunun yaradılması işləri davam edəcək. Həmin yerlərdə 5 yeni su-elektrik stansiyası inşa ediləcək ki, bu da ümumi enerji potensialımızı daha da gücləndirəcək.
Məlum olduğu kimi, indi dünyada ətraf mühitə zərər verməyən bərpaolunan enerjidən istifadəyə böyük diqqət yetirilir. Azərbaycanın neft-qazla yanaşı, bu sahədə də potensialı yüksəkdir. Odur ki, dövlət tərəfindən Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlanıb. Bu ərazilərdə bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirilməsi aparılıb və ilkin rəqəmlər ümidvericidir. Belə ki, burada külək enerjisinin potensialı 7200 meqavat, günəş enerjisinin isə 2000 meqavatdan çoxdur. Uzun illər ölkəmizdə neft-qaz sahəsində fəaliyyət göstərən bp şirkəti Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik bərpaolunan enerji mənbəyinin tikintisinə maraq göstərir.
Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulamışdır ki, bu torpaqlardan didərgin düşən insanlar çox əziyyət çəkib. Onlar yaxşı yaşamağa layiqdirlər. Bunun üçün onlara hər cür şərait yaradılacaq. Evlərindən heç nəyi götürə bilməyib canını qurtarmaq üçün köçkün həyatı yaşamağa məcbur olan insanlar hər cür sosial infrastruktura malik geniş evlərdə yaşamağı haqq edir. Dövlətin gördüyü quruculuq-abadlıq işləri sayəsində bu insanlar istəklərinə qovuşacaqlar. Biz tezliklə onların ağrı-acı ilə tərk etdikləri doğma yerlərə qürurla qayıtdıqlarının şahidi olacağıq.
Rüstəm KAMAL
Azərbaycan. - 2022.- 11 mart- S.5.