Bədii əsər, təbii oyun və
peşəkarların səhnəsi
Şuşa Dövlət Musiqili
Dram Teatrının kollektivi
“köhnə” tamaşalara yeni
həyat bəxş edir
Mədəniyyət
və incəsənət tariximizi vərəqləsək,
aydın olar ki, XIX əsrin
sonu, iyirminci yüzilliyin əvvəllərində
teatrın ən çox fəaliyyət
göstərdiyi mərkəzlərdən biri
Şuşa idi. 1938-ci
ilin fevral ayında Şuşa Dövlət Kolxoz
və Sovxoz Teatrı
yaradılıb. 1943-cü ildə kollektivin
adı dəyişidirilib: Şuşa
Dövlət Musiqili Dram
Teatrı olub və ona
dahi bəstəkar Üzeyir
bəy Hacıbəylinin adı verilib. Teatrda dram və komediyalarla yanaşı, opera və operettalar da oynanılıb.
Təəssüf ki, teatr 1949-cu ilin əvvəllərində
müəyyən səbəblərdən
fəaliyyətini dayandırmağa
məcbur olub. Lakin şuşalı
həvəskarlar dram dərnəyində,
daha sonralar Xalq teatrında səhnə fəaliyyətlərini
davam etdiriblər.
Hələ 1848-ci ildə
Şuşada iki böyük tamaşa: mərkəzi-teatr və sirk mövcud idi.
Azərbaycan səhnə
sənətinə Yusif
bəy Məlikhaqnəzərov,
Ə.Haqverdiyev, Z.Hacıbəyov,
S.S.Axundov, Ü.Hacıbəyov,
F.Köçərli, B.Bədəlbəyov,
S.Vəlibəyov, Cabbar
Qaryağdıoğlu, Haşım
bəy Vəzirov kimi dramaturq, bəstəkar, aktyor və təşkilatçılar
bəxş etmiş Şuşa teatrı diqqəti daim cəlb edib.
1871-ci ildə
Şuşadakı köhnə
klub binası yenidən təmir edilərək istifadəyə
verilib və burada yerli həvəskarlar
tamaşalar göstərməyə
başlayıblar.
Xatirələrə əsasən
demək olar ki, 1890-cı il
aprel ayının 22-də
Şuşa Realnı Məktəbində keçirilmiş
musiqi səhərciyi güclü təsirə malik olub.
1891-ci ildə
Şuşada bəyzadə
İ.Xandəmirov yeni
teatr binası inşa etdirib. 1880-1900-cü illər arasında Şuşada yerli ziyalıların, xaricdə
təhsil alan tələbələrin, müəllim
və şagirdlərin
iştirakı ilə
M.F.Axundzadənin “Müsyö
Jordan və Dərviş
Məstəli-şah”, “Lənkəran
xanının vəziri”,
“Xırs quldurbasan”, Ə.Haqverdiyevin “Dağılan
tifaq”, N.Vəzirovun “Daldan atılan daş topuğa dəyər”, “Ev tərbiyəsinin bir şəkli”, R.Əfəndiyevin
“Saqqalın kəraməti”,
H.Vəzirovun “Qocalıqda
yorğalıq” və
s. əsərlər tamaşaya
qoyulub.
Şuşada ilk dəfə opera səpkisində
“Məcnun Leylinin qəbri üstündə”
səhnəciyi göstərilib. Cabbar Qaryağdıoğlu
Məcnun rolunu oynayıb, gələcəyin
dahi bəstəkarı
Üzeyir bəy Hacıbəyli isə bu tamaşada xorda oxuyub.
1894-cü ilin yay aylarında xeyriyyə məqsədilə
bir-birinin ardınca üç əsərin -
“Hacı Qara”, “Müsyo Jordan və Dərviş Məstəli
şah”, “Xırs quldurbasan” tamaşalarında
oynayan Şuşanın
gənc müəllimlərindən
ibarət həvəskar
artistləri Haşım
bəy Vəzirovun “Evlənmək su içmək deyil” pyesinin tamaşasını
göstərib, əldə
etdikləri 500 manat gəliri sənət məktəbinə veriblər.
“Dağılan
tifaq” faciəsinin Şuşadakı ilk tamaşasının
ilk iştirakçılarından biri olan bəstəkar
Zülfüqar Hacıbəyov
danışırmış ki, Ə.Haqverdiyevə Şuşada “Şəbehkərdan”
adı qoymuşdular. İlk Şərq
konserti də Şuşada Ə.Haqverdiyevin
rəhbərliyi ilə
1896-cı ilin yayında
təşkil olunub.
Şuşa Dövlət
Musiqili Dram Teatrının
direktoru Əməkdar
artist Yadigar Muradov mətbuata açıqlamasında
bildirir ki, Şuşa Dövlət
Musiqili Dram Teatrının
fəaliyyəti Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 11 may 1990-cı il
tarixli qərarı ilə Mədəniyyət
Nazirliyi tərəfindən
bərpa edilib. 1992-ci il mayın
8-də Şuşanın Ermənistan
tərəfindən işğalı
ilə əlaqədar
teatr Bakıya köçməyə məcbur
olub. Kollektiv 1992-2005-ci illər ərzində Gənc Tamaşaçılar Teatrının
binasında məskunlaşıb.
Sonralar paytaxtdakı “Savalan” kinoteatrının binasına
köçürülüb. Bakıda ilk tamaşası
13 fevral 1993-cü ildə
keçirilib ki, bu da Üzeyir
bəy Hacıbəylinin
“Arşın mal alan” musiqili əsəri olub.
Yarandığı ilk gündən teatr öz repertuarını dünya dramaturgiyasının
ən yaxşı nümunələri ilə
yanaşı, klassik və müasir Azərbaycan ədəbiyyatı
ilə də zənginləşdirib. Burada hazırlanan
bir çox maraqlı tamaşa ilə kollektiv teatrsevərlərin dərin
rəğbətini qazanıb.
Əvvəllər “Mono tamaşalar”,
“Eksperimental tamaşalar”,
“Milli klassika və teatr”, 2000-ci ildə “Festivallar festivalı” respublika teatr festivallarının iştirakçısı olub,
2002-ci ildə Üzeyir
bəy Hacıbəylinin
“Əyri oturaq, düz danışaq” tamaşasına görə
“Qızıl dərviş”
mükafatına layiq görülüb.
2021-ci ilin oktyabr ayının 9-da özünün 148-ci teatr
mövsümünə start verən bu sənət
ocağı uşaqlar
üçün həmin
gün X.Əlibəylinin
“Dovşanın ad günü”
tamaşasının premyerası,
A.Məmmədovun “Dəli
Domrul” ilə sevimli tamaşaçıların
görüşünə gəlib.
Həmçinin M.F.Axundzadənin
“Sərgüzəşti-vəziri-xani-Lənkəran”,
“Müsyö Jordan və
Dərviş Məstəli
şah”, C.Məmmədquluzadənin
“Anamın kitabı” da növbəti dəfə tamaşaçıların
dərin rəğbətini
qazanıb. Göstərilən tamaşaların sırasında C.Cabbarlının
“Solğun çiçəklər”,
A.Şaiqin “Danışan
gəlincik”, Ağəddin
Babayevin “Nağıllar
aləmində”, Şərq
nağılları əsasında
hazırlanmış “Əlibaba
və qırx quldur” da olub.
Teatrın baş rejissoru Əməkdar
artist Loğman Kərimov
bildirir ki, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə ithaf olunmuş, Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” ədəbi-bədii
kompozisiyasını bərpadan
sonra yeni repertuarına əlavə
edən kollektiv eyni zamanda Müzəffər
Ali Baş Komandan İlham Əliyevin əzmkarlığı, Azərbaycan
Ordusunun rəşadəti,
“Dəmir yumruğ”u sayəsində əldə
olunan şanlı qələbəmizin birinci
ildönümü ilə
əlaqədar “Qarabağ
- Azərbaycandır!” adlı
konsert proqramı ilə də tamaşaçı görüşünə
gəlib.
Teatrın kollektivi “Şuşa ili”ndə daha böyük uğurlara imza atılacağına böyük ümidlər
bəsləyir. Əlbəttə,
taleyinə məcburi köçkünlük yazılan
teatrların sırasında
bu kollektivin də bəxtinə düşən çətinliklər,
problemlər az
olmayıb. Sənət aşiqlərinin toplaşdığı teatrın
özünün yaşadıqları
da sanki bir “tamaşadır”.
Şuşaya dönəcəyi günü
səbirsizliklə gözləyən
bu kollektiv doğma yurdlarının azadlığa qovuşmasının
sevincini bölüşməkdədir. Onların
da Şuşanın əvvəlki növrağına
qovuşacağına az qalıb...
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2022.- 11 mart.- S.6.