Ömrü təlatümlər içində
keçən yazıçı
Şuşa ziyalıları
Yaradıcılığının şah əsəri sayılan “Bəxtsiz cavan” pyesini 1900-cü ildə qələmə aldı. Əsərin qəhrəmanının - Fərhadın çəkdiyi iztirablar müəllifə tanış idi. Bu gənc Əbdürrəhim bəyə elə bənzəyirdi ki...
O da ömrü boyu çox gördü ayrılıq əzablarını. Atası Əsəd bəyi itirəndə hələ üç yaşındaydı. Qəza idarəsində mütərcimlik edən atasının vaxtsız gedişi Şuşa şəhəri yaxınlığında, Ağbulaq kəndindəki mülklərini matəmə bürüdü. Anası Hüsnücahan xanım həyatlarını alt-üst edən dərddən çaşıb qalan iki kiçik övladını bağrına basaraq göz yaşı tökdü.
Əsəd bəyin böyük qardaşı Əbdülkərim bəyin sanki beli büküldü. Yalnız ataları Əbdürrəhim bəyin adını verdikləri qardaşı oğluna baxanda ovunurdu. Öz övladı yox idi. Əbdülkərim bəy qardaşı oğluna doğma balası, ümidi, təsəllisi kimi baxırdı. Çünki Qarabağda tanınan soyadlarını - Haqverdiyev soyadını onlardan sonra Əbdürrəhim bəy davam etdirəcəkdi.
Əsəd bəyin ilini verəndən sonra Hüsnücahan xanım gəlin gəldiyi evi tərk etdi. Qucağında körpə qızı Nabatla ağlaya-ağlaya gedir, tez-tez ayaq saxlayıb geri boylanırdı. Oğlu Əbdürrəhim bəyi ona verməmişdilər.
Əbdürrəhim bəy yetimliyin əsl üzünü anası gedəndən sonra gördü. Əmisinin yanında heç kim ona güldən ağır söz deyə bilmirdi. Əbdülkərim bəy qardaşı oğlunu əzizləyir, o, evdə olmayanda incidilib-incidilmədiyini xəbər alırdı. Əbdürrəhim bəy bilirdi ki, həqiqəti söyləsə, əmisi gedən kimi əmisi arvadıyla onun gətirib evində övladı kimi saxladığı qardaşı oğlundan daha çox zülm görəcək. Ona görə susurdu.
Əmisi evdən çıxanda Əbdürrəhim bəy də gözdən yayınır, xəlvət bir guşəyə çəkilirdi... O gün yenə intizarla yeganə havadarını gözləyirdi. Ancaq əmisinin əvəzinə onun qara xəbəri gəldi. Əbdülkərim bəyi qonşu bəylər qətlə yetirmişdilər.
O vaxtdan əmisinin evi onun üçün cəhənnəmə çevrildi. Uşağı hər gün döyürdülər. Bir gün onların əllərindən qurtulub ayaqyalın qaçdı. Özünü yetirdiyi evin qarşısında ayaq saxladı. Əbdürrəhim bəy ilk dəfə idi bura gəlirdi. Amma bu evdə anasının yaşadığını bilirdı. O, Əsəd bəyin vəfatından bir neçə il sonra Həsənəli bəy Sadıqbəyovla ailə qurmuşdu.
Hüsnücahan xanım neçə il həsrətini çəkdiyi balasına sarı yüyürdü. Ana-bala bir-birlərinə sarılıb ağladılar.
Atalığı Əbdürrəhim bəyi yaxşı qarşıladı. O, savadlı adam idi. Yeddi yaşlı Əbdürrəhim bəyin tərbiyəsi və təhsiliylə özü məşğul olmağa başladı. Ona rus dilində yazıb-oxumağı, danışmağı öyrətdi.
1980-ci ilin yayında Həsənəli bəy onu Şuşaya aparıb oradakı müvəqqəti yay məktəbinə qoydu. Sonralar böyük minnətdarlıqla xatırladığı Yusif bəy Məlikhaqnəzərovu da həmin məktəbdə tanıdı. Sentyabrda imtahan verib yeni açılmış realnı məktəbə daxil olduqdan sonra da tez-tez onun görüşünə gedirdi. Yusif bəy teatr həvəskarıydı. Yay aylarında Şuşaya toplaşan kənd müəllimlərinin iştirakı ilə hazırlanan tamaşalar əvvəlcə onun evində, sonra şəhər klubunda göstərilirdi. Başqa səhnə əsərləri olmadığından yalnız Mirzə Fətəli Axundzadənin pyesləri səhnələşdirilirdi.
Müəllimi Yusif bəyin sayəsində onda teatr sevgisi yarandı. 1884-cü ildə baxdığı Mirzə Fətəli Axundzadənin “Hekayəti xırs-quldurbasan” tamaşası çox xoşuna gəldi. Müəllifin əsərlərini oxudu və onun “Hekayəti mərdi-xəsis, yaxud Hacı Qara” adlı pyesinin təsiri ilə həmin məzmunda “Hacı Daşdəmir” adlı komediya yazdı. İlk əsərini müəlliminə verib, oxumasını xahiş etdi. Yusif bəy oxuduqdan sonra Əbdürrəhim bəyə zəif cəhətlərini elə dedi ki, onu daha da həvəsləndirdi. Amma hələ ki, axtarışda idi. Qələmə aldığı bir neçə “əsər” də bədii cəhətdən “Hacı Daşdəmir”dən fərqlənmədi.
1890-cı ildə Şuşa Realnı Məktəbini bitirdikdən sonra Tiflis şəhərinə yollandı. Tiflis Realnı Məktəbinin yeddinci sinfinə daxil oldu. Tiflisin teatr həyatına heyran oldu. Ədəbiyyatla ciddi məşğul olmağa başladı.
1891-ci ildə
Tiflis
Realnı
Məktəbinin dilplomunu aldı. Elə həmin
il ali təhsil
almaq üçün
Peterburq şəhərinə
getdi. Yol Nəqliyyat Mühəndisləri
İnstitutuna daxil oldu. Təqaüdə çıxmış generalın evində yaşayırdı. Generalın həyat
yoldaşı Əbdürrəhim
bəyə fransız
dilini və musiqi alətlərində
çalmağı öyrədirdi.
Peterburqda səkkiz
il yaşadı.
Həmin
illərdə həm də azad müdavim
kimi universitetin Şərq fakültəsində
tanınmış müəllimlərin
məruzələrini dinlədi,
şəhərin ədəbi-mədəni,
teatr mühitiylə maraqlandı.
Böyük həvəslə dünya
klassiklərinin əsərlərini
oxuyurdu. Düşündüklərini qələmlə anlatmaq arzusu getdkcə güclənirdi.
1892-ci ildə “Yeyərsən qaz ətini, görərsən
ləzzətini”, 26 yaşında
- 1896-cı ildə “Dağılan
tifaq” faciəsini yazdı. Hər iki əsər
Peterburqda yaşadığı
illərdə nəşr
edildi.
“Dağılan tifaq” əsəri
1896-cı ildə müəllifinin
rejissorluğu ilə Şuşa şəhərində
səhnələşdirildi.
Şuşa teatr həvəskarları
1897-ci ilin avqustunda Əbdürrəhim bəyin
rejissorluğu ilə
“Məcnun Leylinin qəbri üstündə”
adlı səhnəcik
hazırladılar. Bu səhnəcik
uzun illər Şuşa teatrsevərlərinin
yaddaşından silinmədi.
O tamaşanın şahidlərindən
biri - bəstəkar Üzeyir bəy Hacıbəyli 1907-ci ildə
“Leyli və Məcnun” operasını yazdı.
1899-cu ildə Şuşaya qayıdan Əbdürrəhim bəy
iki il
orada yaşadı. Qohumları ona Mamo bəyin
qızı Tükəzban
xanımla evlənməyi
məsləhət görürdülər.
Əbdürrəhim bəy məsləhətlə
evlənmədi. Qızı gördü,
sevdi. Aralarında xeyli yaş
fərqi var idi. Amma Mamo bəy böyük hörmət bəslədiyi Əbdürrəhim
bəylə qızının
ailə qurmasına etiraz etmədi.
Bakıya köçdü. Bu şəhərin
ədəbi mühiti
Əbdürrəhim bəyi
doğmalıqla qarşıladı.
Ancaq 1904-cü il Şuşa şəhər idarəsinə
üzv seçildiyindən
doğma şəhərinə
qayıtdı. 1906-cı ildə Gəncə quberniyasından Dövlət
Dumasına nümayəndə
göndərildi. Duma dağıldıqdan
sonra dörd ay Peterburqda qaldı. Sonra Tiflisə getdi. Orada Cəlil Məmmədquluzadə ilə
tanış oldu. Onun təklifi ilə
“Molla Nəsrəddin”
jurnalına felyetonlar yazmağa başladı.
1913-cü ildə
Ağdama köçüb,
üç il
orada yaşadı. 1916-cı ildə Tiflisə döndü.
1918-ci ildə Borçalı qəzasına
komissar göndərildi.
1918-ci ilin fevralında
Bakıya göndərildi.
Azərbaycan Xalq Cümhuiyyətinin
nümayəndəsi sifəti
ilə əvvəlcə
Dağıstana, bir müddət sonra Ermənistana getdi.
Azərbaycanda sovet hakimiyyəti qurulanda, 1920-ci ildə onu hökumət teatrosuna komissar, sonra isə sənaye şöbəsinin
müdiri təyin etdilər. Əbdürrəhim bəy həm
də gözəl pedaqoq idi. Odur ki, Azərbaycan Dövlət Darülfünuna
dəvəti məmnuniyyətlə
qəbul edib, müəllimliklə məşğul
oldu.
...Övladları
olmadığına görə
Tükəzban xanım
özünü günahkar
bilirdi. Bir gün nə qədər ağır olsa da, ayrılıq
qərarını verdi ki, Əbdürrəhim bəy
yenidən ailə qurub uşaq sahibi olsun. Tükəzban xanım uzun illər yaşadı, Əbdürrəhim bəydən
sonra ailə qurmadı.
Əbdürrəhim bəy isə tatar qızı Yevgeniya Osipovnayla evləndi. “Ceyran”
deyə çağırdığı
bu qadın həyatının son anlarınadək
onun yanında oldu. Amma ikinci evlilikdən də Əbdürrəhim
bəyin övladı
olmadı...
O, əsilzadəydi.
Səliqə-sahmanı, yaraşıqlı görkəmi ilə diqqətləri çəkirdi.
Həyat
ona çox ayrılıqlar, çox əzablar yaşatdı.
Amma Əbdürrəhim bəyi
sındıra bilmədi.
Əbdürrəhim bəy Haqverdiyevin 1870-ci il mayın 17-də Şuşada
başlayan ömür
yolu 1933-cü il
dekabrın 11-də Bakıda
son mənzilinə yetişdi...
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2022.- 11 mart.- S.6.