O dünyadansalamlar

 

Sənət irsimizdən

 

Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazdığı dörd məclis və beş pərdədən ibarət “Ölülər” pyesinin ilk oxunuşu 1913-cü ildə Şuşada keçirilmişdi. Əsər təriflənmiş, böyük rəğbətlə qarşılanmışdı. Hətta onun mövhumat yuvası olan Şuşada səhnəyə qoyulmasının tezliyi qeyd edilmişdi. Lakin bununla belə əsərin ilk tamaşası 1916-cı il aprelin 29-da Bakıda, Tağıyev teatrında olduilin ən böyük teatr hadisəsinə çevrildi. İsgəndər rolunda Mirzəağa Əliyev, Şeyx Nəsrullah rolunda Əliqulu Nəcəfov çıxış edirdi.

Yazırlar ki, ilk tamaşadan əvvəl İsgəndər obrazını oynamağa hazırlaşan Mirzəağa Əliyev eşidir ki, müəllif Kefli İsgəndər obrazını yaradarkən Paşa bəy Hacı Ələkbər bəy oğlu Sultanov adlı bir vəkili nəzərdə tutub. Bu soraqla Naxçıvana yollanır. Aktyor böyük səylə Paşa bəyin xarakteri, əxlaqı, rəftarı haqqında məlumat toplayır. Öyrənir ki, Paşa bəy Sultanov 1874-cü ildə Novorossiysk Universitetinin Hüquq fakültəsini bitirib. Rus, fars, türk dillərini və ədəbiyyatını mükəmməl bilir. Məhəmməd Tağı Sidqi ilə birlikdə 30 min sözdən ibarət rus-fars-Azərbaycan luğətini tərtib edib. Belə geniş biliyidünyagörüşü olan adam təbii ki, cəhalət içərisində ayıq başla yaşaya bilməzdi.

Nəhayət, 7 ildən sonra əsər oynanılır və çox böyük müvəffəqiyyət qazanır. Bakıda nəşr olunan “Açıq söz” qəzetinin 1 may 1916-cı il sayındakı “Ölülər” haqqında təəssürat məqaləsində deyilirdi: “Cümə günü Tağıyev teatrı bir ədəbiyyat bayramı keçirdi. Molla Nəsrəddinin əsəri - təhriri olan “Ölülər” draması tamaşa edilirdi”. Məqalədə göstərilir ki, hər pərdənin arasında müəllif alqışlarla səhnəyə çağırılıb təbrik olunurdu. Mətbuat, ədəbiyyat, məktəb və səhnə işçiləri düzülüb müəllifi gurultulu alqışlarla tamaşaçıların qarşısına çıxmağa dəvət edirdilər. “Müəllif səhnəyə çıxanda bir alqış tufanı qopdu”. “Açıq sözün müxbiri bu təntənədəki tamaşaçılara müraciətlə öz təəssüratlarını bildirmələrini xahiş edir. Onlar deyirdilər: “Şeyx Nəsrullahın ölüləri diriltməsi yalansa da, “Ölülər”in ölü fikirləri diriltməsinə şübhə ola bilməz”.

Sultan Məcid Qənizadə yazırdı: “Ölülər” son komediyalarımız içində parlaq bir mövqe tutur. “Ölülər”də sənətkaranə bir dirilik, mahiranə bir incəlik var. “Ölülər” mühərrirində bəzən Qoqol ruhu yaşar”. Hüseyn Cavid isə qeyd edirdi ki, artıq dərəcədə məharətlə yazılmış, məzmunu eynən həyatımızdan götürülmüş, ideyası inqilabi ruhlu olan bu drama müsəlman həyatında böyük rol oynayacaqdır. Nəcəf bəy Vəzirov isə “Ölülər”i “Molla Nəsrəddin” kimi, baltanı dibindən vuran bir pyes adlandırmışdı.

Həmidə Məmmədquluzadə (Cavanşir) personajların prototipləri haqqında yazırdı ki, Mirzə Cəlilin dediyinə görə, şeyxin ölüləri diriltməsi əhvalatı əsla uydurma deyil. Bir vaxtlar İrəvan quberniyasında belə bir hadisə baş vermişdi. Pyesin bütün tipləri Naxçıvan camaatından götürülmüşdür.

Həmidə Məmmədquluzadə (Cavanşir) daha sonra qeyd edirdi ki, atası “rus Əhməd” kimi çağırılan Əhməd bəy Cavanşirin bir dostu Ağcabədinin Hüsülü kəndindən olan İsgəndər Hacı Həsən oğlu yerli ruhaniləri vecinə almadan öz üzüm bağından şampanabənzər şərab çəkirmiş və buna görə də onaKefli İsgəndər” deyirlərmiş.

 

Azərbaycan.- 2022.- 11 mart.- S.6.