Avropaya qaz nəqlinin artırılması
yenə də gündəmdədir
Bu məsələ Azərbaycan və Türkiyə
dövlət başçılarının Ankara
görüşündə bir daha müzakirə olundu
Regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan “Cənub qaz dəhlizi”nin əhəmiyyəti getdikcə artır. Qaza tələbatın çoxaldığı indiki dövrdə bu möhtəşəm layihə daha böyük önəm kəsb edir.
Təsadüfi deyil ki, bu il martın 10-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşündə də dəhlizin uğurla fəaliyyət göstərdiyi qeyd olunub.
Görüşdə Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə də toxunulub. Bu xüsusda dəhliz vasitəsilə Türkiyəyə və onun ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları müzakirə edilib.
Qeyd edək ki, ixracın ahəngdarlığına hasilatın davamlı olması imkan verir. Azərbaycanda cari ilin birinci ayında ümumilikdə 4,1 milyard kubmetr təbii qaz hasil olunub. Odur ki, ixrac da nəzərdə tutulan qrafikə uyğun davam edir.
Bu həcmin 1,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından, 2,2 milyard kubmetri “Şahdəniz”dən, 0,7 milyard kubmetri SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) üzrə əldə edilib.
Energetika Nazirliyi bu məlumatında həmçinin bildirir ki, hasilatda ötən ilin müvafiq dövrünə nisbətən 12,9 faiz artım müşahidə olunub.
Məlum olduğu kimi, AÇG blokundan neftlə yanaşı, səmt qazı da çıxarılır. Həmin mavi yanacaq Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin Neft Daşlarındakı qurğu vasitəsilə təhvil verilir. Qazın qalan hissəsi layların təzyiqini saxlamaq məqsədilə yenidən kollektora vurulur. İstismara verildiyi vaxtdan cari il fevralın 1-dək “Azəri-Çıraq-Günəşli”dən 191 milyard kubmetrdən çox qaz alınıb.
“Şahdəniz”dən isə indiyədək 160 milyard kubmetrə yaxın qaz hasil olunub. Hazırda yataqda “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformaları fəaliyyət göstərir. Layihənin əməliyyatçısı olan bp şirkətinin məlumatına görə, mövcud “Şahdəniz” qurğularının hasilat gücü gündə təxminən 72 milyon (ildə 26 milyarddan artıq) standart kubmetrdir.
Cari ilin yanvar-fevral aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlirlər 227 milyon 557 min dollar olub. Bu barədə ARDNF-dən bildirilib. Qeyd olunub ki, o cümlədən iki ayda fondun “Şahdəniz” yatağı üzrə kondensatın satışından gəlirləri 22 milyon 172 min dollar təşkil edib.
2007-ci ildən cari il martın 1-dək ARDNF-nin “Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından ümumi gəlirləri 4 milyard 779 milyon dollar olub.
Bu il yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev il ərzində Azərbaycanda 45 milyard kubmetr qazın hasil ediləcəyini, bunun 19 milyard kubmetrinin ixraca gedəcəyini, qalan hissəsinin isə daxili tələbata və lay təzyiqini saxlamaq üçün yataqlarda yenidən neft laylarına vurulacağını deyib: “Bu, böyük həcmdir və əlbəttə, bizə imkan verəcək ki, həm öz tələbatımızı ödəyək, eyni zamanda Avropa məkanına daha böyük həcmlə çıxa bilək. Məhz bizim bu layihəmiz eyni zamanda Avropa ölkələri arasındakı interkonnektorların, bağlantıların tikintisinə də rəvac verdi və indi orada bu sahədə də işlər görülür. Beləliklə, fiziki olaraq, yəni infrastruktur nöqteyi-nəzərindən biz qazımızı başqa ölkələrə də çatdıra bilərik, nəzərə alsaq ki, “Şahdəniz”in çox böyük potensialı var. Bunun, düzdür, təsdiq edilmiş həcmi 1 trilyon kubmetrdən çoxdur”.
Beləliklə, ölkəmiz özünü mavi yanacaqla təmin etməklə yanaşı, onu həmçinin Gürcüstandakı, Türkiyədəki və Avropadakı istehlakçılara da göndərir.
Azərbaycanın illik qaz istehlakının 13 milyard kubmetr olduğu nəzərə alınarsa, ölkədə daxili tələbatın təqribən 30 faizi nisbətində təbii qaz saxlama tutumu mövcuddur. SOCAR-dan verilən məlumata görə, Azərbaycanda iki yeraltı qaz anbarı (Qalmaz və Qaradağ) var və onların ümumi həcmi 3,5 milyard kubmetrə bərabərdir. Məlumatda göstərilir ki, dünyada təbii qaza tələbatın kəskin artdığı bir dövrdə yeraltı qaz anbarlarının strateji əhəmiyyəti bir daha ortaya çıxır. Azərbaycan qaz anbarlarının həcminə görə bir sıra Avropa ölkələrini üstələyir. Hazırda ölkəmizdə yeraltı qaz anbarlarının həcminin 5 milyard kubmetrə çatdırılması istiqamətində işlər aparılır.
Azərbaycan qazının ixracı da uğurla davam edir. Yanvar ayında xaricə qaz satışı 2 milyard kubmetr təşkil edib. Energetika Nazirliyindən bildirilib ki, Türkiyəyə 0,8 milyard kubmetr, Avropaya 0,8 milyard kubmetr, Gürcüstana isə 0,4 milyard kubmetr qaz ixrac olunub. Türkiyəyə TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) bu müddətdə 0,5 milyard kubmetrdən çox qaz nəql edilib.
Qeyd edək ki, “Şahdəniz” yatağı istismara veriləndən bu il fevralın 1-dək hasil edilən 160 milyard kubmetrə yaxın qazın 110 milyard kubmetrə yaxın həcmi ixraca yönəldilib.
Gürcüstandakı istehlakçılar Azərbaycandan mavi yanacağı əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə 2006-cı ildən alırlar. CQBK-ya qoşulan 280 kilometrlik xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəmərini yaradır. Başlanğıcını Səngəçaldan götürən bu kəmər qazı Türkiyəyə 2007-ci ilin iyulundan çatdırır. TANAP isə 2018-ci ilin iyununda fəaliyyətə başlayıb.
2020-ci il dekabrın 31-dən “Cənub qaz dəhlizi”nin son seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri - TAP da işə düşüb və həmin vaxtdan Azərbaycandan Avropaya mavi yanacaq ixrac edir.
Xatırladaq ki, keçən il və bu ilin yanvar ayında “Cənub qaz dəhlizi” vasitəsilə Gürcüstan, Türkiyə və Avropa istehlakçılarına 18,5 milyard kubmetrdən çox mavi yanacaq çatdırılıb. Təkcə Avropa ölkələri 8,9 milyard kubmetr Azərbaycan təbii qazı ilə təchiz olunub. Enerji böhranının tüğyan etdiyi bir vaxtda “Cənub qaz dəhlizi”nin nüfuzu və əhəmiyyəti daha da artıb. Təşəbbüskarı və aparıcı qüvvəsi Azərbaycan olan bu möhtəşəm layihə ilə bağlı inam və perspektivlər də məhz onun uğurlu fəaliyyətindən irəli gəlir.
Flora SADIQLI
Azərbaycan.-
2022.- 13 mart.- S. 1; 4.