Topxana meşəsi

 

Qarabağın baş tacı, qədim tarixə malik Şuşanın nadir sərvətləri çoxdur. Onlardan biri də təbiətinə gözəllik, zənginlik verən Topxana meşəsidir. Bu meşə Şuşa rayonu ərazisindəki torpaqların 20 faizini əhatə edirdi. Birinci Qarabağ müharibəsindən əvvəl Topxana meşəsi qocaman palıd, qarağac, fıstıq ağacları ilə məşhur idi. Subalpalp çəmənləri, dərin dərələrində bulaqlar olan bu meşənin heyvanat aləmi isə ayı, canavar, tülkü, dovşan, cüyürbaşqa heyvanlardan, kəklik, turac, göyərçin kimi gözəl quşlardan ibarətdi.

 

Şuşanın “Topxanatarixi

 

Bütün mənbələrdə Topxananın adının 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşanı mühasirə etdiyi zaman topların yerləşdirildiyi məkan olması ilə bağlılığı qeyd edilib. “Qarabağnamə”lərdə Qacarın Şuşa üzərinə ikinci yürüşündə topları bu meşədə gizlədib şəhərin müdafiə barısını vurduğu bildirilib. O da qeyd olunub ki, topçular qalanın hündür barısını gündüz topla vurub dağıdır, qaladakılar isə gecə ilə həmin yeri yenidən hörüb bərpa edirdilər. Fransız J.Kevrin “Xacə şah” əsərində də bu haqda məlumata rast gəlinir.

Məlumatlara görə, Qacarın ordusunda Rusiya-Türkiyə müharibələrində də iştirak etmiş Həmid adlı təcrübəli topçu xidmət edib. Onu yanına çağıran Ağa Məhəmməd şah qalanın müdafiə barısını dağıtmaq üçün nə lazım olduğunu xəbər alıb. Həmid müdafiəçilərin bərpa işlərini görə bilməmələri üçün gecə dağıdılmış yerə atəş açmağı gərəkli bilib. Belə də olub. Vəziyyətin bu həddə çatdığını görən İbrahimxəlil xan başda olmaqla bir dəstə süvari qəflətən Topxanaya hücum çəkərək Qacarın toplarını məhv edib. Ancaq İran ordusu Şuşa qalasının yolunu bağladığı üçün xan qalaya dönə bilməyib. Meşənin adına bu hadisədən sonraTopxanadeyilib.

 

Qarabağın simvoluna çevrilən - Topxana

 

XX əsrin sonlarında erməni quldurları Dağlıq Qarabağı işğal etmək, torpaqlarımızı ələ keçirmək məqsədilə təxribatlar törətməyə başladılar. 1980-ci illərin axırlarından erməni yaraqlılarının azərbaycanlılara hücum etdikləri, qətlə yetirdikləri barədə xəbərlər yayıldı. İşğalçıların qəddarlığının, vəhşiliyinin həddi-hüdudu olmadı. Erməni quldurları oradakı azərbaycanlıların rahat həyatına son qoyduqları kimi, təbii sərvətlərini də talamağa başladılar. Viran qoyulan təbii sərvətlərimizdən biri də təbiətin möcüzəsi sayılan Topxana meşəsi oldu. 1988-ci ilin noyabrında erməni təcavüzkarlarının Topxana meşəsini məhv etməyə başladıqları xəbəri bütün Azərbaycanda kəskin etirazlara səbəb oldu.

XX əsrin sonlarında ölkəmizin ərazi bütövlüyünə, torpaqlarına qəsd edən erməni quldurları yalnız soydaşlarımızı qətlə yetirmədilər, onlar həmin ərazilərdə həm də ekoloji soyqırımı həyata keçirdilər.

Otuz ilə yaxın işğal müddətində Topxanadan palıd və digər qiymətli ağaclar kəsilərək Ermənistana daşındı. Həmin müddət ərzində meşə talan olundu, bitki örtüyü, heyvanat aləmi məhv edildi.

Ermənistan SSR tərəfindən almünium zavodlarından birinin filialının Topxana meşəsində tikintisinə başlamaq üçün bu meşənin nadir ağacları buldozerlərlə məhv edildi, yandırıldı.

Yalnız Topxana deyil, otuz ilə yaxın işğal altında qalan digər ərazilərimizdə də bütün dünyada tayı-bərabəri, bənzəri olmayan meşələrimiz işğalçılar tərəfindən çapılıb talandı. Ermənistandan və digər xarici ölkələrdən axın edən ermənilər Laçın, Kəlbəcər, Qubadlı və başqa bölgələrimizdən qiymətli ağac növlərini kütləvi şəkildə qırıb apardılar. Yarımfabrikat şəklində xarici ölkələrə satdılar. Beləcə, Topxanadan minlərlə palıd və digər qiymətli ağaclar kəsilərək daşındı. Şuşanın Cıdır düzündə, “Ağzı yastı” kaha adlanan yerin qarşısında Topxana meşə qoruğu zonasında geniş düzənlik açıldı. Müxtəlif adda qiymətli ağaclar qırılaraq tikinti işlərində istifadə olundu. Təbii qaz olmadığından işğalçı ermənilər həm də meşələrimizdən yanacaq kimi istifadə etdilər.

 

Topxana  digər meşələrimiz bərpa olunur

 

2020-ci ildə İkinci Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələri məğlub edildikdən, ərazilərimiz işğaldan azad olunduqdan sonra mənəvi və maddi itkilərimizin nə qədər böyük, ağır olduğu gerçəkliyi ilə qarşılaşdıq. Ancaq ruhdan düşmədik. Dövlətimiz tərəfindən tezliklə quruculuq işlərinə başlanıldı. Hazırda Qarabağ bölgəsində işğalçı Ermənistan tərəfindən məhv edilmiş yaşıllıq massivlərinin bərpası istiqamətində də lazımi tədbirlər görülməkdədir. İşğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində işlər sürətlə davam etdirilir. Məşhur Topxana və digər meşələrimizin bərpa olunması üçün, ilk növbədə təhlükəsizlik tədbirləri həyata keçirilir, bu ərazilər minalardan təmizlənir. Beləliklə, zəruri işlər görülür. Qarabağın bütün gözəllikləri kimi Topxana meşəsi də yenidən canlanacaq.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.-2022.- 13 mart.- S. 6.