O, xalqına xidmət amalı ilə yaşayıb

 

Şuşa ziyalıları

 

Xudadat bəy Məlikaslanov istiqlal mücahidlərindən olub. O, Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimlərindən biri kimi tanınır. Azərbaycanın ən ağır, ən məsuliyyətli illərində yüksək vəzifələr daşıyan bu şəxs, əslində, həmin vaxtadək də, sonra da bütün varlığı ilə Vətəninə xidmət mücəssəməsi olub. Əfsuslar ki, ömrünün son illəri sovet hakimiyyəti dövrünə təsadüf edən Məlikaslanov amansız rejim tərəfindən təqiblərə, təzyiqlərə, işgəncələrə məruz qalaraq məhv edilib.

Müxtəlif ensiklopediyalarda X.Məlikaslanovun cümhuriyyət dövründə rəhbər vəzifələrdə çalışdığı, parlament üzvü olduğu göstərilir. Bütün bunlardan öncə isə Xudadat bəy dərin biliyə və savada malik nadir mütəxəssis, ixtiraçı-mühəndis və alim idi. Xüsusilə dəmir yolu nəqliyyatı sahəsində ixtisaslaşmışdı. Texnika elmləri üzrə azərbaycanlılar arasında ilk professor adını alanlardan idi.

Xudadat bəy Ağa oğlu Məlikaslanov 1879-cu ilin aprel ayında Şuşanın Tuğ kəndində anadan olmuşdu. 1899-cu ildə Şuşa Realnı Məktəbini bitirdikdən sonra Peterburq Yol Mühəndisliyi İnstitutuna qəbul edilmişdi. Beş il sonra həmin ali məktəbi birinci dərəcəli diplomla başa vurmuşdu.

1901-1904-cü illərdə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü olan və partiyanın Peterburq komitəsində çalışan Xudadat bəy bir müddətdən sonra həmişəlik bitərəf qalır. Yəni ömrünün sonunadək heç bir partiyaya üzv olmur.

Gənc mühəndis yarım il Sankt-Peterburqda Voloqda-Petrozavodsk Dəmir yolunun Çəkilişi İdarəsində çalışır.

1905-ci ildə Tiflisə köçərək Zaqafqaziya dəmir yolunda işləyir.

1917-ci ilin fevral inqilabından az sonra - mart ayında Xudadat bəy Məlikaslanov müvəqqəti hökumətin sərəncamı ilə Xüsusi Zaqafqaziya Komitəsində dəmir yolu üzrə müvəkkil təyin edilir. Onun vəzifəsi tez-tez dəyişdirilir, bacarığı, idarəetmə qabiliyyəti ilə hamının rəğbətini qazanır, eyni zamanda yüksəliş pillələri ilə sürətlə irəliləyir. Heç bir il keçmir ki, ona Zaqafqaziya komissarlığında Dəmiryol Nəqliyyatı Nazirliyi üzrə komissar vəzifəsi tapşırılır. Bir neçə ay sonra isə təzəcə yaradılmış müstəqil Zaqafqaziya Federativ Respublikası hökumətinin dəmir yolu naziri təyin edilir.

Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra o, daha böyük həvəslə çalışır, özünü oda-közə vurur, gücü və bacarığı nəyə çatırdısa, onu da yerinə yetirir.

Xudadat bəyin məsləkdaşları və silahdaşları çox idi. Onları sanki zamanın özü yetişdirmişdi. Üstün cəhətləri ondadı ki, bu insanların əksəriyyəti təhsillərini Avropanın nüfuzlu universitetlərində almışdılar, siyasi proseslərdə bişmiş mütərəqqi ruhlu ziyalı idilər.

X.Məlikaslanov da cümhuriyyətdə ilk dəfə nazir təyin olunanda heç 40 yaşı yox idi. Amma zəngin təcrübə toplamışdı. Dərin biliyə, idarəçilik qabiliyyətinə və təşkilatçılıq bacarığına malik idi.

Gənc respublikanın gənc yollar naziri öz həmkarları və məsləkdaşları ilə əl-ələ verərək məqsədyönlü tədbirlər həyata keçirirdi. Onlar həm yolların şəbəkəsinin genişləndirilməsinə və rahatlığının təmin olunmasına, həm də bu yollarda hərəkət edən texnikanın sazlığına və çoxaldılmasına böyük əhəmiyyət verirdilər. Ən vacib məsələlərdən biriyollarda, xüsusilə digər respublikalara gediş-gəliş yollarında təhlükəsizliyin təmin olunması idi.

Beləliklə, o dövrdə X.Məlikaslanovun rəhbərlik etdiyi nazirliyin xətti ilə görülən işlər tarixin yaddaşında bu cür qalıb: 1919-cu il iyulun 15-dən Bakı-Batum istiqamətində 4 cüt qatarın, ilin sonunda isə Bakı-Port-Petrovsk (Mahaçqala) istiqamətində ciddi qrafik üzrə gündə 4 cüt qatarın hərəkəti təmin edildi.

1918-ci il oktyabrın 30-da Bakı Ticarət Limanı İdarəsinin fəaliyyəti bərpa olundu. Ticarət gəmiləri ilə Bakı-Mahaçqala, Salyan, Lənkəran limanları arasında sərnişin və yük daşınması təşkil edildi. Hökumətin ciddi səyləri və nazirliyin gərgin zəhməti nəticəsində 1919-cu ildə Bakı-Batum neft kəməri də bərpa edilib istifadəyə verildi. 1919-cu ilin avqust ayında ingilis qoşunları Azərbaycandan çıxdıqdan sonra Bakı limanı və ticarət donanması da cümhuriyyət hökumətinin sərəncamına keçdi. Ölkənin ticarət gəmiləri Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı altında üzməyə başladı.

Nazir X.Məlikaslanovun rəhbərliyi ilə yollarda hələ çox yeniliklərin olacağı şübhəsiz idi. Lakin 1920-ci ilin aprel işğalı bu planları yarımçıq qoydu.

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi X.Məlikaslanov bu illər ərzində həm siyasi proseslərin önündə olmuş, həm də böyük quruculuq fəaliyyəti göstərmişdir. Zaqafqaziya Seyminin, Azərbaycan Milli Şurasının üzvü olan X.Məlikaslanov cümhuriyyətin 1-ci və 2-ci hökumət kabinetlərində yollarpoçt-teleqraf naziri, 3-cü, 4-cü və 5-ci kabinetlərdə yollar naziri idi. 5-ci hökumət kabinetində 1920-ci il fevralın 18-dək müvəqqəti olaraq həm də ticarət, sənaye və ərzaq nazirinin səlahiyyətlərini icra etmişdi.

1920-ci ilin aprel ayında Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra X.Məlikaslanov yenə də bir sıra rəhbər vəzifələrdə çalışır. Sovetlər X.Məlikaslanovun nəyə qadir olduğunu yaxşı bilirdilər. Başa düşürdülər ki, o, yüksəkixtisaslı mütəxəssis, təcrübəli təşkilatçı və Vətənini sevən ziyalıdır. Bunun üçünona ən məsul vəzifələri tapşırmaqdan belə çəkinmirdilər. Əlbəttə, onlar bunu X.Məlikaslanova olan hörmət və etimada görə deyil, öz mənafeləri naminə edirdilər.

X.Məlikaslanov hətta müxtəlif illərdə paralel olaraq bir neçə vəzifəni icra edirdi. 1929-cu ildə Azərbaycan SSR MİK-nın qərarı ilə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutuna həqiqi üzv seçilmişdi. Növbəti 1930-cu ildə Azərbaycan Neft İnstitutunun Nəqliyyat fakültəsinə rəhbərlik etmişdi.

Sovet hökuməti cümhuriyyət dövrünün kadrlarından öz mənafeyi naminə istifadə etsə də, onları həmişə düşmən gözündə görürdü. Onları izləyir, şərləyir, cəzaya məhkum edirdilər. Təbii ki, X.Məlikaslanovu da belə bir tale gözləyirdi. O, 1930-cu ilin əvvəlində Azərbaycan SSR XDİK-nin siyasi idarəsi tərəfindən “Azərbaycan Milli Mərkəzinin işi” üzrə ittiham olunaraq həbs edilir. 1933-cü ilin ortalarında azadlığa buraxılır. Bundan sonra sovet hakimiyyəti yenidən X.Məlikaslanovun bacarığından istifadə edərək ona məsul vəzifələr tapşırır.

Ovaxtkı rejim Xudadat bəyin qol-qanadını dəfələrlə sındırmış, onu yersiz alçaltmış, nahaq yerə incitmiş, həbs etmişdi. Amma bu dəyanətli insanın iradəsi sınmamış, gücdən düşməmişdi. Bütün bunlardan sonra da o, Azərbaycanda magistral dəmir yolu şəbəkəsinin inkişaf planının işlənib həyata keçirilməsinə böyük töhfə vermişdir. Onun həllinə çalışdığı problemlərdən biri də şəhərdaxili nəqliyyat məsələləri idi.

Bütün bu illər ərzində Xudadat bəy qələmini də yerə qoymamışdı. O çalışdığı sahələrə aid 70-dən çox əsər yazmışdı. Bunların arasında dəmir yolu nəqliyyatına aid 3 monoqrafiya da var idi.

Lakin Xudadat bəyin başı üzərində daim qara qüvvə dolaşmaqda idi. 1934-cü ilin avqust ayında o, yenidən həbs olunur. Təbii ki, yenə də əsassız ittihamlarla: əks-inqilabi, millətçi təşkilatın üzvü olduğu, ideoloji cəbhədə rəhbər vəzifələri zəbt etmək niyyəti daşıdığı və xalq təsərrüfatının əsas sahələrində (neft, nəqliyyat, poçt-teleqraf) “ziyankarlıq” apardığı üçün. Ona trotskiçi, əks-inqilabçı, millətçi və dahaadlar qoymamışdılar?!

Həyat yolları onu ömrünün sonunda da gəncliyinin keçdiyi Rusiyaya aparır. Həbs düşərgəsində amansız işgəncələr, ağrı-acılar onu həm mənəvi, həm də fiziki cəhətdən məhv edirdi. Hər gün onavaxt divan tutulacağını gözləyirdi. Bütün bunlar - insan amilini üstələyən ideoloji zorakılıq, siyasi məntiqsizlik, güllələnmə, sürgünlük, şəxsiyyətə pərəstiş üzərində qərar tutan siyasi sistemin tükürpərdən reallıqları idi. Beləcə 1935-ci il iyulun 23-də Xudadat bəy Məlikaslanov elə həbs düşərgəsində dünyasını dəyişir.

İllər keçdi, çox bulanıq sular axıb duruldu. 1959-cu ildə X.Məlikaslanov da bəraət aldı. Xudadat bəy cəllad əli ilə xalqının, Vətəninin qoynundan alınmış bir ziyalı idi. Bu gün onun həyatını, fəaliyyətini öyrənənlər bilirlər ki, X.Məlikaslanov dövlətinə, xalqına hələ çox fayda verə bilərdi. Min təəssüf!

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2022.- 13 mart.- S.6.