“Dəmir yumruğ”un
salnaməsi
2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı keçdiyini göstərdi.
Nəticədə torpaqlarımız işğaldan azad olundu. Tarix yazan Sərkərdəmiz başda olmaqla, 44 gün ərzində əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Yenilməz Milli
Ordumuzla xalqımızın birliyi sayəsində Ermənistanın
işğalı altında qalan ərazilərimizin
azad edilməsi şanlı tarixə çevrildi. Müharibənin hər günü salnaməçilər tərəfindən
qələmə alınaraq xronologiya
şəklində kitablarda əbədiləşdirilməkdədir.
Belə nəşrlərdən biri də “Qalib Sərkərdə” publisistik kitabıdır. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəallarından olan Aygül Bağırovanın (Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun nəşr etdirdiyi) “Qalib Sərkərdə” kitabı eyni zamanda Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə həsr edilib. Bişkekdə çapdan buraxılan yeni nəşr oxucunu döyüşlərin qızğın getdiyi günlərə qaytarmaqla, bir daha düşmənin çirkin siyasətinə nifrəti gücləndirir.
Şəhid və qazilərimizin şərəfli döyüş yollarından söz açan müəllif qeyd edir ki, qazandığımız qələbə Prezident İlham Əliyevin siyasi hakimiyyətə gəlişindən ötən 18 il ərzində formalaşdırdığı və nail olduğu xalq-hakimiyyət-ordu birliyinin vəhdəti - “Dəmir yumruğ”un hesabınadır.
Müəllif əmindir ki, “Qalib Sərkərdə”nin qəhrəmanı - Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin döyüşlərin getdiyi hər günün sonunda xalqa verdiyi müjdə ilə gələcək nəsillər də illər boyu deyəcəklər: “Qarabağ Azərbaycandır!”
M.NƏRİMANOĞLU
Azərbaycan.-
2022.- 13 mart.- S. 8.