Əhalinin sosial müdafiəsinin əsas
istiqaməti: yeni iş
yerlərinin yaradılması
18 il əvvəl regionların sosial-iqtisadi inkişafına yönəldilən I Dövlət Proqramının icrasına start veriləndən üzübəri həyata keçirilən ardıcıl tədbirlər nəticəsində ölkədə çoxsaylı iş yerləri açılıb. Buna, ilk növbədə qeyri neft-qaz sektorunun getdikcə irəliləməsi, iqtisadiyyatın diversifikasiyası və prioritet sahələrə irihəcmli investisiyaların yatırılması sayəsində yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması zəmin yaradıb.
Artıq iki ildən çoxdur dünyada tüğyan edən koronavirus pandemiyası şəraitində də Azərbaycan dövləti bu istiqamətdə fəaliyyətini zəiflətmədi. Ümumiyyətlə, koronavirusun sosial-iqtisadi sahəyə vurduğu ziyanın minimum olması üçün hələ pandemiyanın əvvəlindən ölkədə genişmiqyaslı qabaqlayıcı tədbirlər görüldü. İqtisadi inkişafın təmin olunması üçün bir sıra əsaslı proqramlar işlənib hazırlandı və onlar həyata keçirilməkdə davam edir.
2021-ci ildə Azərbaycanda 69 min yeni iş yeri açılıb. Bu da onu göstərir ki, əhalinin məşğulluğunun təmin edilməsi dövlətin prioritetləri sırasında qalmaqdadır.
Yeni iş yerləri həm mövcud, həm də yeni yaradılmış və fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda açılıb. Bu müəssisə və təşkilatlarda onların payı müvafiq olaraq belədir: 87,2 faiz, 10,1 faiz və 0,6 faiz. Yeni iş yerlərinin qalan 2,1 faizi digər tədbirlər üzrə yaradılıb. Əhalinin işlə təminatının daim diqqət mərkəzində olmasını Dövlət Statistika Komitəsinin təqdim etdiyi bu rəqəmlər də təsdiqləyir. Həm də yeni iş yerlərinin yaradılması zamanı mütləq coğrafiya da nəzərə alınır. Belə ki, iş yerləri təkcə paytaxtda və iri şəhərlərdə deyil, bütün bölgələrdə açılır. Bu bölgünü göstərən rəqəmlər də maraq doğurur. Məsələn, keçənilki yeni iş yerlərinin 77,1 faizi Bakı şəhərinin payına düşsə də, 0,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,3 faizi digər regionlarda yaradılıb. Regionlarda açılan iş yerlərinin 4,7 faizi Abşeron-Xızı, 3,8 faizi Gəncə-Daşkəsən, 2,3 faizi Lənkəran-Astara, 2,2 faizi Quba-Xaçmaz, 2 faizi Şəki-Zaqatala, 1,5 faizi Qazax-Tovuz, 1,4 faizi Şirvan-Salyan, 1,3 faizi Mərkəzi Aran, 1 faizi Qarabağ, 1 faizi Mil-Muğan, 0,8 faizi Dağlıq Şirvan, 0,3 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarındadır.
Yeni yaradılan iş yerləri iqtisadiyyatın və sosial sferanın müxtəlif sahələrini əhatə edir. Ötən il hüquqi şəxslərin yaratdıqları iş yerlərinin 21,7 faizi tikinti, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 11,2 faizi emal sənayesi, 6,5 faizi peşə, elmi və texniki fəaliyyət üzrə açılıb. Açılan iş yerləri inzibati və yardımçı xidmətlərin göstərilməsi üzrə 5,8, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi üzrə 5,6, turistlərin yerləşdirilməsi və ictimai iaşə üzrə 4,9, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq üzrə 4,6, təhsil üzrə 3,5 faiz təşkil edib. Qalan iş yerləri nəqliyyat və anbar təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar və digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.
Qeyd edək ki, yeni iş yerlərinin 88,8 faizi qeyri-neft sektorunda yaradılıb. Bütün bunlarla yanaşı, ölkədə keçən il ərzində 11,6 min iş yeri bağlanıb. Bu da müəyyən müəssisə və təşkilatların fəaliyyətinin dayandırılması, bəzilərində isə ixtisarların aparılması ilə bağlı olub.
Bu il fevralın 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 304,3 min nəfər olub. Onlardan 4 milyon 988,5 min nəfərini məşğul əhali təşkil edib.
İlin əvvəlində müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin sayı 1 milyon 705,1 min nəfər olub. O cümlədən qtisadiyyatın dövlət sektorunda 904,7 min, qeyri-dövlət sektorunda 800,4 min nəfər çalışıb. Neft-qaz sektorunda 31,5 min, qeyri neft-qaz sektorunda isə 1673,6 min nəfər cəmləşib.
Əhalinin məşğulluğunun təmin olunması istiqamətində atılan uğurlu addımlardan biri ictimai iş yerlərinin yaradılmasıdır. Qeyd edək ki, pandemiya ilə bağlı vəziyyət ictimai iş yerlərinin sayının daha da artırılmasını gündəmə gətirib və bununla əlaqədar minlərlə ödənişli ictimai iş açılıb.
Özünüməşğulluq da vətəndaşlar üçün əlverişli qazanc formasıdır. Belə ki, hər ailənin öz büdcəsi olur, bunun sayəsində də insanlar müəyyən iş qura bilirlər. Əlbəttə, dövlətin köməyi ilə. Bu proqram insanların dolanışığını yaxşılaşdırmaqla yanaşı, iqtisadi inkişafa təkan verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi özünüməşğulluq proqramı və proqramın genişlənməsinə dəstək olaraq Dünya Bankı ilə birgə reallaşdırılan “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə aktivlərin paylanması işləri bu il də davam edir. Həmin işlər çərçivəsində ilin əvvəlindən paytaxt və regionlarda 766 nəfər işsiz və işaxtaran şəxsə mal və materiallar formasında aktivlər təqdim olunub. Onların bir çoxu şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarıdır. Verilmiş aktivlər hesabına bu insanlar müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik bizneslərini yaradıblar.
Bir sözlə, Azərbaycanda əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır. Bunların da mühüm bir hissəsini yeni iş yerlərinin açılması təşkil edir.
Flora SADIQLI
Azərbaycan.- 2022.-12 mart.- S.1-2.