Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib

 

Martın 11-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə ötən il ərzində aidiyyəti nazirlik, komitə və digər təşkilatlar tərəfindən görülmüş işlərin müzakirəsinə dair Komissiyanın videokonfrans formatında növbəti iclası keçirilib.

Dövlət Komissiyasının işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmişNarkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın yerinə yetirilməsinə dair görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Qeyd edilib ki, ölkədə insanların sağlamlığının qorunması, mənəvi-əxlaqi dəyərlərin aşınmasının qarşısının alınması zərurəti narkomanlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin əhəmiyyətini ciddi şəkildə artırıb. Hesabat dövründə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizədə dövlətin və vətəndaş cəmiyyəti təşkilatlarının səylərinin birləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi sayəsində sözügedən Dövlət Proqramının həyata keçirilməsi istiqamətində aparılan işlərin səmərələliyinin daha da yüksəldilməsi üçün müvafiq zəruri tədbirlər görülüb.

Bununla yanaşı, Komissiyanın sədri ölkə ərazisində hüquq-mühafizə orqanları tərəfindən 2021-ci il ərzində 8535 fakt üzrə 6 ton 607 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması, müsadirə edilmiş narkotik vasitələrin və psixotrop maddələrin 4 ton 91 kiloqramının ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işlərinin istintaqı nəticəsində 6512 nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi, cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərdən 70 nəfərinin xarici ölkə vətəndaşı olması barədə məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıb.

Komissiyanın iclasında daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov, Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev, Dövlət Sərhəd Xidməti rəisinin müavini Firuz Şirinzadə, səhiyyə nazirinin müavini Nadir Zeynalov, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikası Audiovizual Şuranın sədri İsmət Səttarov təmsil etdikləri qurumlar tərəfindən bu sahədə aparılan mübarizə tədbirləri, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə çıxış edərək ətraflı məlumat veriblər.

İclasda son dövrlərdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması, ölkəyə gətirilməsi və istifadəsi ilə bağlı faktların artmasından narahatlıq ifadə edilib. Bu cür halların qarşısının alınması üçün müvafiq dövlət qurumlarının və ictimaiyyətin səylərinin artırılması, narkomanlığa qarşı profilaktik tədbirlərin və maarifləndirmə işinin aidiyyəti orqanlar tərəfindən birgə tədbirlər planları hazırlayaq kompleks şəkildə təşkil edilməklə gücləndirilməsinin zəruriliyi vurğulanıb.

Sonda qarşıda duran vəzifələrin icrası, narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısının alınması sahəsində fəaliyyətlərinin gücləndirilməsi, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, narkoloji müalicə müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, reabilitasiya mərkəzlərinin yaradılması, yeniyetmə və gənclər arasında təbliğat və maarifləndirmə işlərinin təsirli vasitələrlə təşkili, narkomanlığın xüsusilə geniş yayıldığı şəhər və rayonlarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kompleks tədbirlər hazırlayıb həyata keçirilməsi və digər zəruri tədbirlərin icra edilməsi istiqamətində səmərəliliyin daha da artırılması ilə bağlı aidiyyəti qurumlar qarşısında konkret vəzifələrin qoyulmasına dair müvafiq qərar qəbul edilib.

 

Azərbaycan.- 2022.-12 mart.- S.4.