Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Avropa Parlamentinə bəyanatı ünvanlayıb

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Avropa Parlamentinə etiraz bəyanatı ünvanlayıb.

Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a daxil olan bəyanatda Avropa Parlamentinin erməni yalanlarına əsasən hazırlanan və Qarabağda ermənilərə məxsus tarixi-mədəni abidələrinin dağıdılması ilə bağlı yanlış iddialar kəskin şəkildə tənqid edilib və pislənilib. Bəyanatda deyilir: “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti olaraq, Avropa Parlamentinin heç bir araşdırma aparmadan, real faktlara söykənmədən hazırladığı qətnaməni pisləyir, bunu qərəzli və tamamilə qeyri-obyektiv hesab edirik. Bildiririk ki, Qarabağda ermənilərə məxsus tarixi-mədəni abidələrin, qəbiristanlıqların dağıdılması, məhv edilməsi ilə bağlı iddiaların heç bir əsası yoxdurbu cür iddialar mövcud reallığı əks etdirmir. Əksinə, Azərbaycan dövləti və xalqı tolerantlıq və multikultural dəyərlərinə sadiq qalaraq ölkə ərazisində dilindən, dinindən asılı olmayaraq bütün xalqlara, mədəniyyət və sivilizasiyalara məxsus hər bir abidəni həssaslıqla qoruyur, həmin abidələrin zəngin tariximizin bir hissəsi olaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət göstərir. Bu baxımdan Azərbaycanın guya işğaldan azad edilən torpaqlarımızda ermənilərə məxsus abidələrə, mədəniyyət nümunələrinə zərər vurması ilə bağlı iddialar reallıqdan uzaqdır və beynəlxalq ictimaiyyətin diqqətini əsl həqiqətdən uzaqlaşdırmağa xidmət edir.

Avropa Parlamentibu quruma üzv olan dövlətlərin diqqətinə çatdırırıq ki, Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfi 30 illik işğal dönəmində xalqımıza məxsus tarixi, mədəni, dini abidələrin məhv edilməsi, yer üzündən silinməsi siyasətini dövlət siyasəti səviyyəsində - sistemli surətdə həyata keçirib, xalqımıza qarşı sözün həqiqi mənasında həm də mədəni soyqırımı həyata keçirib. Vaxtilə erməni işğalı altında qalan rayonlarımızda ümumi sayı minlərlə hesablanan məscidlərin, dini abidələrin, mədəniyyət və incəsənət nümunələrinin, tarixi abidələrin tamamilə dağıdılması faktı buna ən böyük nümunədir. Hansı ki, Azərbaycan tərəfinin əlində bütün bunları sübut edən saysız-hesabsız fotovideo faktlar mövcuddur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bütün beynəlxalq təşkilatları işğaldan azad olunan ərazilərə səfər etməyə, bu ərazilərdə faktaraşdırma missiyalarında iştirak etməyə səsləyib. Lakin təəssüflər olsun ki, Avropa Parlamenti, o cümlədən bu qurumda təmsil olunan dövlətlər bu prosesdə aktivlik sərgiləmək, həqiqəti öz gözləri ilə görmək imkanından yararlanmaq istəmirlər. Halbuki, işğaldan azad edilən Azərbaycan torpaqlarına bu cür səfərlərin təşkili hər bir səfər iştirakçısına əsl gerçəkliyin nədən ibarət olduğu, kimin-kimə qarşı mədəni soyqırımı həyata keçirdiyini şərhsiz-izahsız göstərə bilər.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq ümid edirik ki, Avropa Parlamenti birtərəfli qaydada – yalnız erməni tərəfinin böhtan xarakterli iddiaları əsasında hazırlanan bu qətnamədən imtina edəcək, Qarabağ və ətraf rayonlarda erməni faşizmi tərəfindən viran edilən saysız-hesabsız mədəniyyət abidələrini, dini-tarixi memarlıq əsərlərini “görəcək”, bu tarixi səhvini erməni vandalizmini ifşa edən qətnamə və bəyanatlarla ən qısa zamanda düzəldəcəkdir!”.

 

Azərbaycan.- 2022.- 12 mart.- S.6.