Azərbaycan ilə Serbiya
arasında əməkdaşlığın perspektivləri
barədə fikir mübadiləsi
aparılıb
Martın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı Serbiya Respublikasının səfiri Draqan Vladisavljeviç ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Məlahət İbrahimqızı Azərbaycan və Serbiya arasında formalaşmış dostluq və strateji tərəfdaşlıq münasibətlərindən söz açıb, diplomatik münasibətlərimizin qurulmasının tarixinə nəzər salıb. O, həmçinin Serbiyanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü həmişə dəstəkləməsindən bəhs edib. Milli Məclisin deputatı hər iki ölkənin dövlət başçılarının səyləri sayəsində qurulan yüksək səviyyəli siyasi münasibətlərə toxunub, Azərbaycanın da Serbiyanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməsini, bütün beynəlxalq müstəvilərdə bu mövqedən çıxış etməsini vurğulayıb.
Məlahət İbrahimqızı Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələrdən bəhs edib, Prezident İlham Əliyevin təşəbbüsünə uyğun olaraq Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin, Gənclər Şəbəkəsinin təsisi barədə məlumat verib. O, iki ölkə arasında siyasi sahədə mövcud olan münasibətlərin digər sahələrdə, o cümlədən parlamentlər arasında da inkişaf etdirilməsi ilə bağlı fikirlərini bildirib.
Milli Məclisin İntizam Komissiyasının sədri, parlamentin Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Eldar İbrahimov öz növbəsində qonağı Milli Məclisdə görməkdən məmnunluq duyduğunu, Azərbaycanın Serbiya ilə ikitərəfli münasibətləri inkişaf etdirməyə həmişə hazır olduğunu bildirib. O, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığından, parlamentlərarası əlaqələrin tarixindən danışıb, qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunub, səfirə fəaliyyətində uğurlar arzulayıb.
Səfir Draqan Vladisavljeviç Azərbaycanda qarşılaşdığı mehriban və dost münasibətdən təqdirlə danışıb. Draqan Vladisavljeviç Azərbaycan ilə Serbiya arasında diplomatik əlaqələrin 25 ilinin tamam olmasından söz açıb. Həmçinin ölkələrimiz arasında müxtəlif səviyyələrdə, xüsusən də parlamentlər səviyyəsində əlaqələrin intensivləşdirilməsinin vacibliyinə, qarşılıqlı biznes əlaqələrin inkişaf etdirilməsi imkanlarına toxunub.
Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2022.- 17 mart.- S.2.