Xalq yazıçısı Rüstəm İbrahimbəyov son mənzilə yola salınıb

 

Martın 16-da Nizami Kino Mərkəzində müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenaristrejissor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, vida mərasimində tanınmış elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tabutun önünə Azərbaycan Respublikasının PrezidentiBirinci vitse-prezidenti adından əklil qoyulmuşdu.

Cənazənin ətrafına müxtəlif təşkilatları və kollektivlər adından da əklillər düzülmüşdü.

Rüstəm İbrahimbəyovun həmkarları, dostları, tələbələri, tanınmış mədəniyyət xadimləri axın-axın Nizami Kino Mərkəzinə gələrək Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsinə və gözəl insana son borclarını verirdilər.

Vida mərasimində Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Rüstəm İbrahimbəyovun yaradıcılığından və insani keyfiyyətlərindən danışıb.

O qeyd edib ki, Rüstəm İbrahimbəyov nəinki ədəbiyyatımızın, həm də milli kinomuzun əfsanələrindən biri idi: “Xalqımızın böyük şəxsiyyəti Rüstəm İbrahimbəyovu son mənzilə yola salırıq. Rüstəm İbrahimbəyov 6 dövlətin mükafatını qazanan yeganə şəxsiyyətdir. O, dünyada belə mükafat alan yeganə adamdır. Xatırlayıram ki, 1990-cı ildə Rüstəm İbrahimbəyov məndən 10 nüsxə “Qara Yanvar” kitabını istəmişdi. O, kitabda olan dəhşətli şəkilləri Fransa və ABŞ ictimaiyyətinə göstərmək niyyətində idi. Kitabları sərhəddən keçirə bilməyəcəyini ona bildirəndə, o, cavabında SSRİ-nin deputatı olduğu üçün onu yoxlamayacaqlarını söyləmişdi. Bu gün bizə ABŞ, Fransa, Almaniya, hətta RusiyaUkraynadan məktublar gəlir və bu zaman başa düşürsən ki, necə də böyük bir insanı itirmişik”.

Rüstəm İbrahimbəyovun vəfatının Azərbaycan mədəniyyəti üçün ən ağır itki olduğunu deyən mədəniyyət naziri Anar Kərimov söyləyib ki, ölkəmiz bu gün kədərli günlərdən birini yaşayır: “Rüstəm İbrahimbəyov 60 il Azərbaycan mədəniyyətinə xidmət edib. O, mədəniyyət və incəsənətimizin zənginləşməsində, keyfiyyət baxımdan yeni bir müstəviyə çıxmasında və dünyada tanıdılmasında müstəsna xidmətlər göstərib. Onun əsərlərinə çox gözəl filmlər çəkilib ki, onlar Azərbaycan mədəniyyət salnaməsinə qızıl hərflərlə yazılıb”.

Nazir vurğulayıb ki, Rüstəm İbrahimbəyovun ssenariləri əsasında çəkilmiş filmlər dünyanın tanınmış mükafatlarına layiq görülüb. Onun fəaliyyəti təkcə kino ilə məhdudlaşmayıb, əsərləri əsasında yüzlərlə tamaşalar səhnə həyatı qazanıb. Bu da onun çoxşaxəli fəaliyyətindən xəbər verir. Onun yaratdığı yeni obrazüslublar daim Azərbaycan xalqının qəlbində yaşayacaq.

Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov qeyd edib ki, Rüstəm İbrahimbəyov böyük istedada malik bir insan idi və özündən sonra parlaq bir iz qoydu: “Rüstəm İbrahimbəyov kino işçisi, yazıçı, dramaturq, rejissor idi. O, Azərbaycan və Rusiya mədəniyyətlərinin qarşılıqlı əlaqəsinə və inkişafına öz töhfəsini verib. Bu gün biz Rüstəm İbrahimbəyovu ehtiramla anırıq. Bu böyük insanı kədər və ürək ağrısı ilə onu son mənzilə yola salırıq”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar mərhum sənətkarla bağlı xatirələrini bölüşüb, vətəninə layiq bir insan olduğuna diqqət çəkib: “Azərbaycan böyük oğlunu itirdi. Mən altmış il dostuq etdiyim bir insanı itirdim. Mənim üçün çox ağırdır. Rüstəm XX və XXI əsrin övladı idi. Mənə elə gəlir ki, o orta əsrlərdən gələn cəngavər idi: Mərdanəliyinə, cəsarətinə, qeyrət və namus anlayışlarına görə... O, vətənini sevirdi, daim ölkəsi ilə maraqlanırdı, Azərbaycanda nə baş verirdisə hamısından xəbərdar idi. Onun Azərbaycandan kənarda yaşamasına baxmayaraq, daim ürəyi Vətənlə döyünürdü. Onun özü də, əsərləri də bundan sonra yaşayacaq. Ancaq onun bir yadigarını yaşatmaq bizim borcumuzdur. Onun yaratdığı və balası kimi bəslədiyi "İbrus" teatrını yaşatmaq lazımdır”.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Rüstəm İbrahimbəyovun Bakıya hər gəlişinin mədəniyyət sahəsi üçün inqilabi dərəcədə sevindirici hal olduğunu bildirib: “Toplaşırdıq, danışırdıq, bu bizim üçün böyük bir xoşbəxtlik idi”.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxışında mərhum sənətkarın hər sözünün, hər ifadəsinin arxasında fəlsəfi fikir dayandığını söyləyib: “Musiqi olsun, siyasət olsun, kino olsun, hər birində onun öz mövqeyi var idi. Mərd adam idi, dost adam idi”.

Fuad İbrahimbəyov atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Vida mərasimi başa çatandan sonra görkəmli alimin ruhuna dualar oxunub və cənazəsi son mənzilə yola salınıb.

Mərhum birinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

 

Azərbaycan.- 2022.- 17 mart.- S.3.