Qarabağdan bütün Azərbaycana şölələnən Zəfər tonqalı

 

Xalq bayramı

 

İndi bahar yurdumuza bir başqa təmtəraq, bir başqa növraqla qədəm qoyur... Günəş qaş-qabağını açıb parlaq şəfəqlərini daha səxavətlə ətrafa saçır, ana torpaq dərin qış yuxusundan fərəhlə oyanır, təbiət büründüyü tünd libasını çıxarır, yaradılış, doğuluş, qurtuluş rəngi olan zümrüdə bürünür. Ağacların tumurcuq gözləri sevinclə açılır, talalarda boy göstərən novruzgülü, bənövşə daha gözəl ətir saçır.

Göylərdən nur süzülür, hər tərəfdən burum-burum Vətən ətri gəlir...

İndi Qarabağda, Şərqi Zəngəzurda, bütün Azərbaycanda çatılan qələbə və Novruz tonqalları çırtaçırtla alovlandıqca, ətrafa gur qığılcımlar saçdıqca, dostlar sevinir, düşmənlər isə əbədi vahiməyə qərq olur...

 

Təntənə ilə bayram keçirib şadlanmağı yadırğamışdıq

 

Neçə illər idi ki, Azərbaycan xalqı təntənə ilə bayram keçirib şadlanmağı yadırğamışdı. Onsuz da sovetlər sistemində də hər vəchlə unutdurulmağa çalışılan milli, dini bayramlarımızı gizli-gizli, ürəyimizcə olmayan formada qeyd edirdik, amma müstəqilliyimizi əldə etdikdən sonra da, günə çıxa bilməmişdik. Bir-birinin ardınca acı günlər, faciələr yaşamışdıq. Torpaqlarımız işğala məruz qalmış, Xocalı soyqırımı kimi müsibətlə qarşılaşmış, saysız oğul-qızlarımızı şəhid vermiş, yüz minlərlə soydaşımız  öz yurdunda məcburi köçkünə çevrilmişdi...

Ötən 30 illik böyük bir zaman kəsimində qəlbimizdəki bu dərin ağrı-acı ilə yaşamalı olduq. Düzdür, adət-ənənəmizin bilmərrə unudulmasına yol vermədik və el bayramlarımızı, xüsusilə də Novruzu hər zaman adına layiq keçirməyə çalışdıq. Amma qəlbimizdəki o buruqluq, o nisgil heç zaman keçmədi, heç bir şad günümüzdə, bayramlarımızda ürəkdən sevinib şadlana bilmədik. Üzümüz gülsə də, qəlbimizdən qara qanlar axdı...

Biz məcburi köçkünlər isə həmin illəri ayrı bir sınaqla keçirdik. Hər zaman, hər yerdə könlümüzə Vətən düşdü, burnumuzun ucu Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl və digər işğal olunmuş cənnət məkanlarımız üçün göynədi... Doğma el-obamıza əlimizin yetməməsi, ünümüzün çatmaması ürəyimizdə qüssə, kədər və qəzəb qarışıq hisslərdən doğan işgəncəyə çevrildi...

 

Bu fəslin bütün günləri Novruz ab-havalı idi

 

Novruz bayramında isə yurd nisgilimiz birəmin artırdı. Axı yenilənməni, təravəti özündə ehtiva edən bu bayram Qarabağda, Şərqi Zəngəzurda tamamilə başqa ovqatda, möhtəşəmlikdə qeyd olunardı. Bəlkə də bu fikrə görə çoxlarının qınağına tuş gələrəm, amma məncə, sanki təbiətin bu bayramı məhz o bölgələrə məxsus var olmuşdu, onun əsl təntənəsini, gözəlliyini yalnız bu yurdlarda daha çox duymaq olurdu. Ta qarlı qış aylarından başlanan bayram hazırlıqları yaz fəslini başdan-başa əhatə edərdi, bu fəslin bütün günləri Novruz bayramı ab-havasında keçər, böyükdən-kiçiyə hər kəsin sevinclə iştirak etdiyi el bayramına çevrilərdi... Baharın müjdəçiləri çərşənbələr, xüsusilə də İlaxır çərşənbə böyük coşqu ilə qeyd olunardı. Gur tonqallar çatılar, cavanların göy üzünə fırlatdığı lopalar ətrafa işıq saçardı. Tonqalların üzərindən üç dəfə tullanardılar ki, ötən ilin ağrı-acısı, xəstəliyi oda tökülüb yansın. İlaxır çərşənbə tonqalı yandırıldıqdan sonra bütün süfrələr min cür naz-nemətlə bəzədilərdi. Hər kəs bir-birinə bayramlaşmağa gedər, çərşənbəlik payı aparardı. Bayram axşamında xoş xəbər eşitmək üçün qapılar  pusulardı, qızlar fala baxardı, uşaqlar torba atardı... Arzular tutular, ilin uğurlu keçməsi üçün diləklər edilərdi...

 

Bayram dualarımız çin oldu

 

Amma bir qərinəyə yaxın idi ki, havadan bahar ətri duyulanda daha çox qüssəyə bürünürdük. Vətəndə qəribçilik çəkən yüz minlərlə məcburi köçkünün hər biri Novruz bayramını bu cür xiffətlə qarşılayırdı. Bayram tonqallarından ürəklə tullanmır, süfrələri cani-dildən bəzəmir, Tanrıdan yalnız bir dilək diləyirdi: “İlahi, gələn ili bu əziz bayramı öz doğma ocağımızda, yurd-yuvamızda qeyd etməyi nəsib et bizə”.

Görünür, elə bu saf, ülvi, Vətən özləmli müqəddəs duaların çin olmasının nəticəsidir ki, biz indi Novruz bayramını illərdir həsrətini çəkdiyimiz dədə-baba yurdlarımızın azadlığının, qurtuluşunun yaratdığı qürurverici şadyanalıqla qeyd edirik.

Artıq Qarabağımızın, Şərqi Zəngəzurumuzun başındakı duman avazıyıb, çən-çiskin dağılıb və bütöv Azərbaycan başdan-başa bayram libasına bürünüb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz, qəhrəman əsgərlərimiz, canlarını, qanlarını bu torpağa qurban edən şəhidlərimiz elimizə, obamıza qələbə, bayram ərməğan edib, yurdundan didərgin düşən yüz minlərlə vətəndaşımızın Vətən yarasına məlhəm çəkib, yurda qayıdış ümidləri bir andaca gerçək olub.

 

Bu torpağın sahibləri qayıdıblar

 

Artıq iki ildir ki, arzu, ümidlərimizdən qanadlanaraq Qarabağda, Şərqi Zəngəzurda şölələnən qələbə, Novruz tonqallarının şəfəqləri bütün Azərbaycana işıq saçır. Düşmənləri yandırıb-yaxır və bu yurdların əzəli sahiblərinin qayıtdığını onlara heç bir zaman unutmayacaqları şəkildə xatırladır.

Necə ki, ötən il müzəffər sərkərdə İlham Əliyev Novruz bayramında Şuşaya səfər edərək illərdən sonra ilk dəfə Qarabağımızın baş tacında qələbə tonqalını alovlandırdı, Cıdır düzündən, Qarabağ xanlığı dövründən yerli əhalinin Novruz bayramını keçirdiyi ərazidən bir daha bəyan etdi ki, bu torpağın sahibləri qayıdıblar, əllərində silah, bayraq, ürəklərində Vətən sevgisi: “Vətən sevgisi bizi qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik qələbəmizin əsas amilinə çevrildi”.

İndi hər günümüz sevincə köklənib, hər anımızda bayram təntənəsi yaşanır. Yeni başlanğıc, firavanlıq, işıqlı gələcək vəd edən el bayramımız Novruz da yurdumuzun dörd bir tərəfində coşqu ilə qeyd edilir. Bu əziz bayramda Azərbaycan xalqı al-əlvan bayraqlı Şəhidlər xiyabanlarına yollanır, Vətən uğrunda canlarından keçən və təqvimdəki bütün günlərimizi bayrama çevirən şəhid övladlarına bir daha əbədi minnətdarlığını bildirir, ruhlarına dualar edirlər...

Şükürlər olsun Tanrıya ki, düz 30 illik ağrı-acıdan sonra arzularımızın şah zirvəsi olan Vətənin bütövlüyünün xoşbəxtliyini yaşayırıq...

Bayramın mübarək, bütöv Azərbaycanım, sənə şənlik, şadlıq yaraşır!

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2022.- 17 mart.- S.6.