“Xarıbülbül” adlı Novruz
şənliyi keçirildi
Novruz bayramının yolunu ilboyu səbirsizliklə gözləyənlər yalnız böyüklər deyil, ev-eşiyin yaraşığı olan fidan balalar olurlar. Novruzun atributlarından olan Kosa ilə Keçəlin şənliklərdə çıxardığı “hoqqabazlıq”ları alqışlayanlar da məhz gülüzlü balalardır.
Təbii ki, Novruzqabağı tədbirlərin ən yaxşı iştirakçıları da elə uşaqlardır. Həm də o uşaqlar ki, cəmiyyətə inteqrasiya olunmaları üçün QHT-lər müxtəlif formalı layihələr həyata keçirirlər. “Sübhnur” Tədris Mərkəzi də uşaqların, həm də müxtəlif xəstəlikdən əziyyət çəkən məktəbyaşlıların istək və arzularını yerinə yetirir.
Bu günlərdə tədris mərkəzinin daha bir layihəsi də Novruz bayramı ilə bağlı həyata vəsiqə alıb. Söhbət mərkəzin müdiri Gülnarə Hüseynovanın yeni layihəsi olan hemofiliyadan əziyyət cəkən uşaqlar üçün bahar ətirli “Xarıbülbül” adlı Novruz şənliyindən gedir.
Xeyirxahlığın təcəssümü olan tədbirdə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin üzvü Mədinə Hüseynova, KOB Kicik Orta Biznes İnkişaf Agentliyinin Abşeron regional koordinatoru Elmar Rzayev, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, müharibə veteranı Şamil Sabiroğlu və Vətən müharibəsi iştirakçısı, ikinci qrup əlil - qazi Ülvi Kadir tədbirdə iştirak ediblər.
Şəhid ailələri və müharibədə iştirak edən, canını Vətən yolunda qoyub qaziyə çevrilən igidlərimizin övladları üçün tədris mərkəzində geniş şərait yaradıldığını, onlara təmənnasız təhsil verildiyini qeyd edən G.Hüseynova bu işin davamlı olaraq inkişaf etdiriləcəyini bildirib.
Fiziki qüsurlu istedadlı gənc Turac Babayeva tədbirdə tədris mərkəzinin bacarıqlı əllər dərnəyinə müəllim kimi qəbul edilib. Əlil arabasında yaşamasına baxmayaraq, “barmaqları qızıl olan” Turac xanım toxuduğu “Buta” əsərini tədris mərkəzinə hədiyyə edib.
Uşaqların ifalarında səslənən mahnı, rəqs və musiqi nömrələri tədbir iştirakçılarını təsirləndirib.
Daha sonra şənlik iştirakçılarını təbrik etmək ücün gəlmiş istedadlı ifaçılar Mələkxanım Əsgərova, Günay Oruc və Aylin Ağayeva şən mahnılar ifa ediblər.
Sonda “Çinar” yayımları nəşriyyatının rəhbəri Bəhram Oruclu tərəfindən bütün uşaqlara hədiyyə təqdim olunub.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2022.- 17 mart.- S.6.