Nizami Gəncəvi xəzinəsində dörd
yaradılış ünsürü
Tükənməz
sərvət
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi intibah ədəbiyyatının möhtəşəm xəzinəsini yaratmaqla Şərq poeziyasını həm forma, həm də məzmunca zənginləşdirmiş, ədəbiyyata ümumbəşəri ideyalar gətirmiş, dünya ədəbiyyatı tarixində yeni bir yaradıcılıq mərhələsinin əsasını qoymuşdur. Böyük şair öz yaradıcılığında xalq ədəbiyyatından, Azərbaycan folklorunun tükənməz xəzinəsindən daha çox bəhrələnmişdir.
Tədqiqatçıların qeyd etdiyi kimi, “Nizami klassik şairlərimiz içərisində hamıdan artıq xalq yaradıcılığı xəzinəsindən istifadə etmişdir”. Həmid Araslı “Nizami və Azərbaycan xalq ədəbiyyatı” məqaləsində göstərmişdir ki, “Nizami yaradıcılığının qüdrətini Azərbaycan mədəniyyətinin inkişafı ilə izah edərkən, bu qüdrətin əsas təməlini təşkil edən zəngin və qüdrətli şifahi xalq yaradıcılığını xatırdan çıxarmaq olmaz. Çünki bütün Şərq şairlərindən xalq həyatına və xalq məişətinə yaxınlığı və bağlılığı ilə fərqlənib, əlaqədar olan Nizami, zəngin şifahi xalq ədəbiyyatı ilə tərbiyələnib, öz yaradıcılığını da ondan bacarıqla istifadə yolu ilə rövnəqləndirmişdir”.
Bu dahi sənətkarın “Xəmsə”sində yüzlərlə əfsanələrə, əsatirlərə təsadüf edilir. Bunlardan bəzilərini o, mifik düşüncələri əsasında özü yaratmış, bəzilərini yazılı məxəzlərdən, şifahi ədəbi əsərlərdən istifadə edərək yenidən işləmiş, təkmilləşdirmişdir. Nizami yaradıcılığında əfsanə və rəvayətlər, milli adət-ənənələr, xalq deyimləri, atalar sözü və məsəllər, folklor süjet və motivləri və sair ilə yanaşı, həm də mərasimlər, Novruz bayramı ilə bağlı, o cümlədən Novruza hazırlıq mərhələsində çərşənbələrin rəmzi olan dörd ünsür görüşləri diqqəti cəlb edir. N.Gəncəvi Aristotelin “dünyanın dörd ünsürdən yaranması” nəzəriyyəsini qəbul etmişdir. Həmin nəzəriyyəyə görə, “dörd ünsürün hər birinin öz mərkəzi var və onlar bu mərkəzə doğru meyil edir”. Hava və od hər zaman yuxarıya qalxır, su ilə torpaq isə aşağıda yerləşir.
“Leyli və Məcnun” poemasında “Allahın peyğəmbərinin meracı haqqında” hissəsində şair 4 yaranış ünsürü ilə bağlı fikirlərini məntiqlə ifadə etmişdir. Yaxud “Şahzadənin tərifi və oğlumu ona tapşırmaq” fəslində də dörd ünsür vəsf olunmuşdur.
Nizamiyə görə, Yaranışın başlanğıcı dörd müqəddəs ünsür üzərində qurulmuşdur. Su, Od, Yel və Torpaq bir-birilə vəhdət təşkil edir, biri digərini tamamlayır. Ramazan Qafarlı “Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti: dini - mifoloji düşüncə kontekstində” əsərində haqlı olaraq bu ünsürlər arasında mövcud olan əlaqə və münasibətlərin qurulması barədə yazır ki, “Su, od, torpaq və havanın vəhdəti ilə zamanın çıxışı, məkanın isə ilk dayanacağı müəyyənləşir. Vahiddən zərrələr ayrılır, varlıqlara çevrilir, hər şey ikiüzlü formalaşır, rəqəmlərin ardıcıllığı fəaliyyətin və inkişafın mərhələlərini təyin edir”. Nizami “İsgəndərnamə”nin “Şərəfnamə” hissəsində yazır :
Sən göyləri qurub ucaltdın,
Yeri isə onların güzərgahı etdin.
Sən bir damcı sudan yaratdın
Günəşdən də parlaq gövhərləri.
Burada şair Uca Tanrının qüdrətini, əvvəlcə əlçatmaz göyləri, sonra bir damcı sudan yeri yaratdığını vəsf etmişdir.
Nizami “Şərəfnamə”nin “Sonuncu peyğəmbərin tərifi” adlanan fəslində göstərir:
Dodağı İsadan daha möcüzkar,
Zülmətin suyutək geyinmiş paltar.
Göy-ona dünyada
dörd tağı quran,
Yer-ona fələkdə
beş növbət
vuran...
Burada müəllif
bildirir ki, göylər peyğəmbərə
bu dünyada dörd ünsürdən
ibarət dörd qübbəli çadır
quran, yer isə beş
növbət vuranıdır.
Əkrəm Cəfərin
yazdığına görə,
burada Nizami “beş növbət vuran” dedikdə beş vaxt
namaz qılmağı
nəzərdə tutur.
Dahi Nizami “Şərəfnamə”nin
“İsgəndərin təlim
alması” fəslində
göstərir:
Gəl qorx bu dünyanın fitnə, felindən
Qurtar öz canını onun əlindən
Ağacdır, dörd
kökü, altı böyrü var,
Çoxunu boğmuşdur
bu qorxulu dar
Şiddətli küləklər
qopduğu zaman
Düşər yarpağımız
bir-bir ağacdan...
Bu misralarda şair dörd kökü, yəni dörd ünsürü, suyu, odu, yeli
və torpağı, altı cəhəti-önü,
arxanı, sağı,
solu, üstü, altı nəzərdə tutub bildirir ki, bu dünya
elə bir dar ağacıdır ki, çoxlarını çarmıxa çəkib.
“Şərəfnamə”də
Novruz və Səddə bayramlarının
keçirilməsi ilə
bağlı belə bir süjet verilir:
Novruz və Səddə bayramlarında
Ayinlər yenidən
olurdu bərpa
Ər üzü
görməmiş gəlinlər,
qızlar
Evindən sevinclə
dişarı çıxar
Əllər al xınalı,
üzlər bəzəkli
Hər yandan gəlirdi coşqun ürəkli...
Mənbələrdən bəllidir ki, Səddə odla bağlı keçirilmiş
qədim bayramlardandır. Zərdüştliklə bağlı yaranmış
bu bayramın Novruzdan təqribən əlli gün əvvəl keçirilməsi
və odun həmin gün tapılması ilə əlaqədar mülahizələr
də vardır.
Dahi Nizami “İsgəndərnamə”nin “İqbalnamə
“ hissəsində “Kitabın yazılmasının
səbəbi” fəslində
göstərir:
Nədir dörd yol üstə
məskən düzəltmək?
Nədir qarın güdmək dördayaqlı tək?
Dörd balış
qeydindən qurtaranda
biz,
Asudə yatarıq səssiz-səmirsiz.
Burada şair
dörd yol və dörd balış dedikdə, yenə də dünyanın dörd ünsürdən ibarət
olduğunu bir daha vurğulayır və bildirmək istəyir ki, insan öləndən sonra ancaq asudə
ola bilər.
“İsgəndərnamə”nin “İqbalnamə” fəslində “İsgəndərin
yeddi alimlə xəlvətə çəkilməsi”
bəhsi çağdaş
dövrümüzdə də
maraq kəsb edən fikirlərlə zəngindir. Burada böyük İsgəndər
dövrünün ən
məşhur yeddi alimi ilə görüşüb, onlarla
dünyanın necə
yaranması haqqında
söhbət aparır.
İsgəndər Əflatun
(Platon), Bəlinas (Plin), Ərəstu (Aristotel), Valis (Fales), Sokrat, Fərfüriyüs (Porfiriy),
Hürmüz (Hermes) kimi
filosoflara müxtəlif
suallarla, xüsusən
də ilk yaranışın
səbəbi, ilk tərkib,
ilk baharın necə olması və s. elmi izahlara ehtiyac
duyulan vacib sorğularla müraciət
edir:
Bu məhrəm məclisdə alnıaçıq
şah
Fikrindən onları
eylədi agah
Dedi alimlərə sirri açaraq:
Sirrimiz nə qədər gizlin qalacaq?
Çox gecə
keçirdik biz kef edərək
Gəlin, bir günü də elmə sərf edək!
Bircə gün baxaraq Günəşə,
Aya
Fələyin sirrini qoyaq ortaya.
Bilək ki, bu öküz belitək çadır
Bu möhkəm
yer üstdə necə dayanır?
Əvvəli necəymiş
bu göyün, yerin,
Bu haqda fikrini hamı söyləsin!
Əsərdən görürük ki, alimlər bu sualları müxtəlif formada izah edirlər. Məsələn,
Ərəstu hesab edir ki, əvvəlcə
hərəkət, hərəkət
nəticəsində “parlaq
göylərin” gərdişindən
od, daha
sonra hava, sonda isə şirin su yaranmışdır.
Valis “məncə, su olmuşdur, hər şeydən əvvəl”
deyərək sözünü
əsaslandırmışdır.
Dahi Nizaminin poetik qələmindən filosof Bəlinasın fikirləri, kainatın başlanğıcında dörd
ünsürün dayandığı
belə ifadə edilir:
İlkin tilsim kimi yaranmış torpaq,
Qalan tərkiblər də ondandır ancaq
Hərəkət qüvvəsi
ona etdi kar,
Atəşi söndükcə
yarandı buxar
Onun da ən parlaq zərrələrindən
Ulduzlar yaranmış
- fikrindəyəm mən
Buxarda vəzncə
ağır olanlar
Hərə bir mərkəzdə tuturdu qərar.
Onlardan birinci-işıqlı
oddur..
İkinci havadır,
hərəkətdədir...
Üçüncü - sudur ki, təravət verər..
Dördüncü torpaqdır,
tapdayır əyyam...
Əsərin “İqbalnamə” hissəsində
adıçəkilən bölmədə
iştirak edən digər alimlərin, Sokratın, Fərfuriyusun,
Hürmüzün və
Əflatunun bütün
kainatın Uca Yaradan tərəfindən
xəlq edildiyi haqqında fikirləri poetik vasitələrlə
diqqətə çatdırılmışdır. Xüsusən də Əflatunun “bircə qarışqanın
qanadında sən, Tanrı qüdrətini görə bilərsən”
ifadəsi buna misaldır.
Nizami “İqbalnamə”nin “Əflatunun dedikləri” bölməsində
yazır:
Bir kəs ki, əql ona
ad verib: Qadir,
Özü bildiyini özü xəlq edir.
Ayrıca yaradıb
o, hər gövhəri
Vasitə olmayıb burda digəri.
Hər gövhər
bəzənib kamala yetdi,
Ortadan ixtilaf, ziddiyyət getdi.
Bu zidd qüvvələri bir yerə qatdı,
Ağıllı, hünərli
insan yaratdı...
Burada şair zidd qüvvələr dedikdə,
dörd ünsürü
- suyu, odu, torpaq və havanı nəzərdə
tutmaqla demək istəyir ki, Uca Yaradan bir-birinə
zidd olan bu dörd maddədən
insan yaratdı.
“İqbalnamə”nin “İsgəndərin
Ruma qayıtması” fəslində Nizami həyatın sonunu belə şərh edir:
...Artıq hökmdarın işi bitmişdi,
Əbədi dincəlmək vaxtı yetmişdi.
Əmanət aldığı
mayəni yenə
Gərək qaytaraydı
tələb edənə...
Şair bu misralarda həyatın
sonunda insan cismini müvəqqəti təşkil edən ünsürləri geri qaytarmalı olduğundan bəhs edir, yəni torpağı torpağa, suyu suya, odu oda,
havanı havaya tapşırmalıdır.
Göründüyü kimi, Nizami Gəncəvi həm “Leyli və Məcnun”, həm də “İsgəndərnamə” əsərlərində
4 yaradılış ünsürü
problemini özünəməxsus
fəlsəfi görüşlər
əsasında təqdim
etmişdir.
Ülkər NƏBİYEVA,
Bakı Dövlət
Universitetinin professoru
Azərbaycan.-
2022.- 17 mart.- S.6.