Mariana Vasileva: “Azərbaycan Gimnastika Federasiyası həmişə yüksək təşkilatçılığı ilə fərqlənir”

 

Cari ilin əvvəlində Bakı gimnastika növləri üzrə bir neçə beynəlxalq turnirə yüksək səviyyədə evsahibliyi etdi. Həmin yarışlarda Azərbaycan gimnastları tarixi uğura imza atdılar.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda təşkil olunan Bədii Gimnastika üzrə XXVII Azərbaycan Çempionatını izləyən gənclər və idman nazirinin müavini Mariana Vasileva martın 16-da jurnalistlərə müsahibəsində deyib.

Fevralda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə dünya kuboku yarışının keçirildiyini və təmsilçimiz Selcan Mahsudovanın uğurla çıxış etdiyini vurğulayan nazir müavini bildirib: “Azərbaycanda doğulub-böyüyən Selcan mötəbər yarışın gümüş medalına sahib oldu. Bu, ölkəmizdə batut gimnastikasının inkişafından xəbər verir. Daha sonra akrobatlarımız uğurlu çıxışları ilə diqqət çəkdilər və xalqımızı sevindirdilər. Akrobatlarımız dünya çempionatını 1 gümüş və 2 bürünc medalla başa vurdular. Dünya yaş qrupları yarışlarındakı təmsilçilərimiz isə Azərbaycan himnini səsləndirdilər. Bu münasibətlə bütün Azərbaycan xalqını və Gimnastika Federasiyasını təbrik edirəm”.

Aprelin 22-24-də Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku yarışının təşkil olunacağını deyən M.Vasileva bildirib ki, turnirdə çox sayda ölkənin iştirakı nəzərdə tutulub: “Dünya kuboku yarışında 35-dək ölkədən gimnastların iştirakı planlaşdırılır. Etiraf edim ki, digər ölkələrin gimnastları, məşqçiləri və rəsmiləri Azərbaycanda keçirilən yarışlara böyük istək və həvəslə gəlirlər. Onlar buradakı şəraitdən həmişə razılıqlarını bildirirlər. Çünki Milli Gimnastika Arenası beynəlxalq standartlara tam cavab verir. Azərbaycan Gimnastika Federasiyası həmişə yüksək təşkilatçılığı ilə fərqlənir. Bütün əldə olunan uğurlar və nailiyyətlər dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın idmana göstərdikləri yüksək diqqət və qayğının nəticəsidir”.

Xatırladaq ki, martın 17-dək davam edəcək çempionatdaOcaq Sportklubunda, Bakı Gimnastika Məktəbindən, Respublika Kompleks İdman Məktəbindən, Xırdalanın “Zirvə” klubundan, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindən ümumilikdə 40 idmançı birincilik uğrunda yarışır. Qaliblər həm ayrı-ayrı alətlərdə (top, halqa, gürzlər, lent), həm də çoxnövçülük xalına görə müəyyənləşəcək.

İkiillik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar tamaşaçılar Milli Gimnastika Arenasında yarışları izləmək imkanı əldə ediblər.

 

Azərbaycan.- 2022.- 17 mart.- S.7.