İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilib

 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Azərbaycanda səfərdə olan BMT-nin Ətraf Mühit Proqramının (UNEP) ekspert qrupunun üzvləri iştirak ediblər.

Ekspert qrupunun ölkəmizə səfərinin məqsədi işğaldan azad edilmiş ərazilərin ekoloji bərpası prosesinə dəstək göstərilməsi üçün qiymətləndirmə missiyasının həyata keçirilməsi, Azərbaycan hökumətinin münaqişəyə məruz qalmış ərazilərdə ekosistemlərin bərpası ilə bağlı planlarının öyrənilməsi, UNEP-in dəstək istiqamətlərinin müəyyən edilməsi və ekoloji bərpa ehtiyacları ilə bağlı birbaşa mənbələrdən məlumatların toplanmasıdır.

Əlaqələndirmə Qərargahının nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstəyin göstərilməsi məqsədilə yaradılmış İdarələrarası Mərkəz və aidiyyəti qurumların nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə fəaliyyətdə olan işçi qruplar, ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda aparılan kompleks monitorinqlər haqqında ekspert qrupuna məlumat verilib.

İclasda işçi qrupun üzvləri tərəfindən işğaldan azad edilmiş ərazilərdə meşə ehtiyatlarının, fauna və floranın, xüsusi mühafizə olunan təbiət ərazilərinin, su ehtiyatlarının, faydalı qazıntı yataqlarının, torpaqların vəziyyətinin işğalaqədərki dövrlə müqayisəli qiymətləndirilməsi, kənd təsərrüfatı sahəsində görülmüş işlər, o cümlədən deqradasiya olunmuş torpaqlar, hərbi eroziya, işğaldan azad edilmiş ərazilərin “ağıllı kənd” layihəsi, “yaşıl enerji zonası konsepsiyası”, peyk təsvirləri əsasında monitorinqi haqqında təqdimatlar edilib, filmlər nümayiş etdirib.

Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə ətraf mühitə dəymiş ziyanın ilkin qiymətləndirilməsi və əhatə dairəsinin müəyyən etmə missiyasında iştirak edən ekspert qrupun Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfəri təşkil edilib. Qrup üzvləri Ağdam, Cəbrayıl, Zəngilan, Şuşa şəhərləri, Zəngilan rayonunun Ağalı, Vənədli, Sarıqışlaq, Şəfibəyli kəndləri, Füzuli rayonunun İşıqlı, Dövlətyarlı, Qacar kəndləri, habelə Hadrut və Suqovuşan qəsəbələrində olublar.

Səfər çərçivəsində qiymətləndirmə missiyasına Ermənistan tərəfindən törədilmiş ekoloji cinayətlər əyani şəkildə göstərilib.

 

Azərbaycan.- 2022.-17 mart.- S.7.