“İnvestisiya fəaliyyəti
haqqında” yeni qanun
layihəsi hazırlanıb
Martın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitənin sədri Tahir Mirkişili iclasın gündəliyi ilə bağlı məlumat verib və 6 məsələnin müzakirəyə çıxarıldığını bildirib.
Gündəlik təsdiq olunduqdan sonra əvvəlcə yeni hazırlanmış “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsini birinci oxunuşda müzakirə edib.
Komitə sədri bildirib ki, təqdim olunan sənəd Prezident İlham Əliyevin “İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamında “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” qanunların əsasında yeni “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsinin yaradılması barədə göstərişinə uyğun hazırlanıb.
İnvestisiyaların iqtisadiyyatda mühüm rol oynadığı deyən komitə sədri regionda investisiya cəlbediciliyi ilə seçilən ölkə kimi Azərbaycan iqtisadiyyatına qoyulan investisiyalarla bağlı göstəriciləri açıqlayıb. O, keçən dövr ərzində Azərbaycan iqtisadiyyatının struktur və məzmunca xeyli dəyişdiyini, yeni çağırışlar fonunda yeni tənzimləmələrin aktuallaşdığını qeyd edib. Bu cəhətdən müzakirəyə təqdim olunan layihənin əhəmiyyətini vurğulayıb, ümumi çərçivə xarakteri daşıdığını bildirib və sənədi iqtisadiyyatın strukturunun, biznes mühitinin təkmilləşməsi, investisiya cəlbediciliyinin artırılması baxımından irəliyə doğru atılmış mühüm bir addım kimi xarakterizə edib.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qanun layihəsi ilə bağlı çıxışında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də Azərbaycan iqtisadiyyatının biznes və investisiya mühitinin daima yaxşılaşdırılmasıdır. Bu istiqamətdə yeni hazırlanmış “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsinin yerli və xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətini vurğulayan nazir müavini sənədin Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərinə uyğun olmasından danışıb.
O, investisiya ilə bağlı hazırkı qanunvericiliyin təhlilinin nəticələri, yeni qanunun qəbulunun aktuallığı ilə bağlı arqumentləri açıqlayıb, yeni qanun layihəsində investisiya mühitinin yaxşılaşdırılması, cəlbediciliyinin artırılması və investisiyaların qorunması ilə bağlı təsbit olunan alətlər barədə məlumat verib, təklif olunan üstünlükləri şərh edib.
Qanun layihəsinin müzakirələrində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, komitənin sədr müavini Əli Məsimli, komitənin üzvləri Məşhur Məmmədov, Vahid Əhmədov, Ziyad Səmədzadə, Elnur Allahverdiyev, Mahir Abbaszadə, İqbal Məmmədov, Rüfət Quliyev, Məzahir Əfəndiyev, Vüqar Bayramov və Aydın Hüseynov çıxış ediblər, qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər, sənədin işlək mexanizminin vacibliyinə toxunublar. Deputatlar investisiyaların və mülkiyyətin qorunmasının, investisiya cəlbediciliyi ilə paralel azad rəqabət şəraitinin yaradılmasının vacibliyi, elmtutumlu və əməktutumlu sərmayələrin əhəmiyyəti kimi məsələləri qaldırıblar, sənəddə istifadə olunan anlayışlar, təsbit edilən müddəalarla bağlı qeydlərini və suallarını səsləndiriblər.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev deputatların qeydlərinə və qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, suallarını cavablandırıblar.
İclasda “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin müzakirəsinə tövsiyə olunduqdan sonra deputatlar ikinci oxunuşda olan qanun layihələrinin müzakirəsinə keçiblər.
Gündəliyin ikinci məsələsini təqdim edən komitə sədri Tahir Mirkişili bildirib ki, “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) "Media haqqında" qanunda təsbit olunmuş audiovizual media subyektlərinin yeni təsnifatının rüsumlarının müəyyən edilməsi ilə bağlı hazırlanıb. Vurğulayıb ki, sənəddə ümumrespublika televiziya yayımı üçün nəzərdə tutulan rüsumun məbləği 10 dəfə azaldılıb.
Gündəliyin 3-cü məsələ olan “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) də "Media haqqında" qanunda təsbit edilmiş audiovizual media fəaliyyəti subyektlərinin təsnifatına uyğunlaşdırma məqsədilə hazırlandığı bildirilib.
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edərkən komitə sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, dəyişiklik dövlət əmlakının özəlləşdirilməsi zamanı özəlləşdirməni həyata keçirən dövlət orqanının hesabına özəlləşdirmədən daxil olan vəsaitlərin istifadə məqsədlərinin daha da genişləndirilməsi ilə bağlıdır.
İkinci oxunuşda olan “Antiinhisar fəaliyyəti haqqında”, “Yeyinti məhsulları haqqında” və “Dövlət sirri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsində isə bildirilib ki, sənəd Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması ilə əlaqədar qanunvericilikdə termin dəyişikliyi ilə bağlı hazırlanıb.
Müzakirələrdən sonra deputatlar bu qanun layihələrini də yekdilliklə ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.
Sonda komitə “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında qanun layihəsini nəzərdən keçirib. Qanun layihəsinə əsasən, Gürcüstanla 1997-ci il 15 aprel tarixli 268-IQ nömrəli Qanunla təsdiq edilmiş müvafiq sahədə əməkdaşlıqla bağlı saziş ləğv olunur, 2021-ci il sentyabrın 29-da bağlanmış yeni əməkdaşlıq sazişi isə təsdiq edilir.
Deputatlar nəzərdən keçirdikləri bu son sənədi də Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.
İclasda deputat
Ağalar Vəliyev, İqtisadiyyat
Nazirliyinin Dövlət investisiyaları
şöbəsinin müdir müavini Eynulla
Lazımov, Makroiqtisadi proqnozlaşdırma
və təhlil şöbəsi müdirinin
müavini Anar Həsənli
və Hökumətlərarası komissiyalar
və ikitərəfli sənədlərdə iş
sektorunun müdiri
Gültəkin Mirzəyeva, Milli Məclis
Aparatının müvafiq şöbələrinin
əməkdaşları iştirak ediblər.
Aydan XƏLİLOVA
Azərbaycan. - 2022.- 18 mart.- S.3.