“Zəfər amnistiyası”nın icrası başa çatdı
İlham Əliyev humanizmindən bu dəfə
17 min ailə bəhrələndi
Azərbaycan xalqının bahar bayramını qeyd etdiyi bu təntənəli günlərdə minlərlə ailədə ikiqat sevinc, şadlıq yaşanır. Prezident İlham Əliyevin təşəbbüsü əsasında ötən il Milli Məclis tərəfindən qəbul edilən “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın icrası artıq başa çatıb.
Bunun sayəsində xeyli sayda ailənin evində yenidən ocaq yanıb, bağlı qapılar açılıb. Şanlı zəfərimizin birinci ildönümü ilə bağlı həyata keçirilən bu humanizm aktı şəxslərin sayına və əhatə etdiyi cinayət məsuliyyətindən və cəzadan azadetmə institutlarının dairəsinə görə Azərbaycanın tarixində tətbiq edilən ən böyük amnistiya aktı kimi də fərqlənir. “Zəfər amnistiyası” 17 min nəfərdən çox şəxsə şamil olunub.
İnsanpərvərlik ənənəsi
Azərbaycan müstəqillik qazandıqdan sonra Ulu Öndər Heydər Əliyevin şəxsi keyfiyyətlərindən irəli gələn böyük humanizm siyasəti sayəsində ölkəmizdə insanpərvərlik prinsipləri daim dövlətin əsas prioriteti olub. Məhz Heydər Əliyevin yürütdüyü humanizm siyasəti nəticəsində cəzasının müəyyən bir hissəsini çəkən və törətdiyi əməldən peşmançılıq keçirən məhkum olunmuş şəxslərin əfv edilməsi, bağışlanması, onlara yeni şans verilməsi dəyişilməz ənənəyə çevrilib. Ulu Öndər tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, həmçinin sözügedən illər ərzində 7 dəfə amnistiya elan edilib. Bu, onu göstərir ki, Ulu Öndər siyasətinin başlıca prinsipi humanistlik, insanlığa verdiyi yüksək dəyər idi. Elə Şərqdə ilk olaraq ölüm hökmünü ləğv edən ölkə kimi tarixə düşməyimiz də bu humanizm siyasətinin möhtəşəm nümunəsidir. Azərbaycanda 1993-cü ildə ölüm hökmü üzərində moratorium qoyulub, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilib.
Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu humanizm ənənələri Prezident İlham Əliyev tərəfindən də böyük həssaslıqla və uğurla davam etdirilir. Mərhəmət, xeyirxahlıq kimi ali mənəvi keyfiyyətləri daim əldə rəhbər tutan İlham Əliyev bayramlar ərəfəsində, əlamətdar tarixi günlərdə ənənəvi olaraq əfv sərəncamları imzalayır və neçə-neçə ailənin sevincinə səbəb olur.
Qeyd edək ki, Milli Məclis 2007-ci ildə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş, 2009-cu ildə Novruz bayramı münasibətilə, 2013-cü ildə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə və 2016-cı ildə 28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarlar qəbul edib. Bütün bu amnistiya qərarlarının təşəbbüskarı isə Heydər Əliyev Fondunun prezidenti, o zaman Milli Məclisin deputatı olan Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva olub.
Ən genişmiqyaslı amnistiya
İndiyədək həyata keçirilən 11 amnistiya aktı ümumilikdə 117 min 770 şəxsi əhatə edib. 8 Noyabr - Zəfər Günü münasibətilə həyata keçirilən amnistiya aktı isə daha genişmiqyaslı olması ilə seçilir. Belə ki, “Zəfər amnistiyası” 17 min 267 şəxsə şamil olunub. Amnistiyanın tətbiq olunduğu şəxslərdən 733-ü Vətən müharibəsinin iştirakçısı, 837-si qadın, 65-i yetkinlik yaşına çatmayandır. Amnistiya qərarı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 5971 məhkuma tətbiq edilib. Onlardan 2710 məhkum azadlıqdan məhrumetmə cəzasından azad olunub, 3261 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb.
Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 8559 şəxsə də amnistiya tətbiq edilib. Onlardan 5722 məhkum cəzadan azad edilib, 2837 məhkumun cəzası azaldılıb. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 1909, islah işləri cəzasına məhkum olunmuş 2471, ictimai işlər cəzasına məhkum edilmiş 86, cərimə cəzasına məhkum edilmiş 1202 və digər cəzalara məhkum olunmuş 54 şəxs bu cəzalardan azad edilib. Şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 62 məhkum barəsində də amnistiya tətbiq olunub.
Bundan əlavə, məhkəmələrin icraatında olan işlər üzrə 890, ibtidai istintaq orqanlarının icraatında olan işlər üzrə isə 1785 şəxsə amnistiya tətbiq edilib.
Ümumilikdə, 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı təxminən 135 min şəxsə tətbiq edilib, 32 mindən çox məhkum cəzaçəkmə müəssisələrindən azad olunub.
Azərbaycan dövləti hər zaman insan hüquqlarına hörmət nümunəsi göstərir, sosial statusundan asılı olmayaraq hər bir vətəndaşına mərhəmət hissi ilə yanaşır. Mütəmadi həyata keçirilən amnistiya aktları da törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən günahkar şəxslərin islah olunaraq düz yola qayıtması, onların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş kimi cəmiyyətə inteqrasiya olunması, eyni zamanda bir daha cinayət əməli törətməməsi üçün tədbirlər görülməsi istiqamətində müstəsna əhəmiyyətə malikdir.
44 günlük Vətən müharibəsindəki şanlı zəfərin sevincini yaşadığımız bu qürurlu zamanda amnistiya elan edilməsi xalqa böyük hədiyyə, ikiqat bayram kimi dəyərləndirilir. Bu amnistiya aktının digər şəxslərlə yanaşı, Vətən müharibəsində iştirak etmiş şəxslərə, şəhid və qazilərimizin yaxınlarına da şamil edilməsi ikiqat sevincə səbəb olub.
Prezident İlham Əliyevin çox sayda ailəyə səadət, on minlərlə məhkuma insanlıq üçün ən böyük nemət olan azadlıq bəxş etməsi kimi xeyirxah əməli insan amilinə verdiyi yüksək dəyərin parlaq göstəricisidir.
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2022.-18 mart.- S.6.