Mədəniyyət Nazirliyi “Yeni adlar” adlı layihəyə
başlayır
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Yeni adlar” adlı layihəyə başlayır.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində gənc və istedadlı musiqiçilər Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri ilə zəngin və maraqlı proqramla çıxış edəcəklər.
Layihə milli musiqimizin, mədəni irsimizin qorunması, ifaçılıq sənətinin inkişafı və təbliği istiqamətinə töhfə verəcəkdir. “Yeni adlar” layihəsi Azərbaycan musiqi mədəniyyətinin gənclər arasında təbliğinə, musiqi və estetik zövqünün formalaşmasına dəstək olmağı hədəfləyir, istedadlı gənclərin üzə çıxmasına təkan verərək, onların geniş auditoriyada tanınmasına yardımçı olacaqdır.
“Yeni adlar” layihəsi müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən, onu dərk edərək, böyük sevgi hissi ilə ifa edən ifaçıların sayının artmasına xidmət edəcəkdir.
Gənc ifaçıların, tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə Azərbaycanın mötəbər konsert zallarında ifası üçün imkanların yaradılması onların inkişafına böyük təkandır.
Layihə çərçivəsində
ilk konsertlərin Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə
keçirilməsi nəzərdə tutulmuşdur.
Martın 18-də baş tutacaq konsertdə Azərbaycan
Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi
ilə Prezident təqaüdçüsü
Orxan Hüseynov (cello), Eldəniz Ələkbərzadə (piano) və Məhəmmədəli Paşazadə
(klarnet), aprelin 1-də
isə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Prezident təqaüdçüləri Vurğun Vəkilov (piano)
və Leyla Zeynalova (piano) çıxış edəcəklər.
Azərbaycan.-
2022.- 18 mart.- S.7.