Təsviri sənətdə Novruz
Yaddaşa
qayıdış
Novruz mənəviyyatımızda və məişətimizdə ömrü minilliklərlə ölçülən, böyük sevgi ilə uşaqdan-böyüyə hər kəsin qeyd etdiyi ən qədim bayramlardan biridir.
Həyatın başlanğıcı qədim Şərq fəlsəfəsində dörd ünsürün vəhdəti şəklində qəbul edilir. Bunlar su, od, hava, torpaqdır. Novruzu heç də təsadüfi yerə Bahar bayramı adlandırmırlar. Əski sovetlər dönəmində keçirilən “Saz bayramı - yaz bayramı” da bahara, Novruza aid olardı. Çünki təbiətin canlanması, ağacların çiçəkləməsi, ətrafın yaşıllaşması, əkin işləri məhz baharda başlayır.
21 mart 2000-ci il tarixdə Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdi: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.
Azərbaycan xalqının folklor, musiqi və təsviri sənət əsərlərində Novruz adət-ənənələri geniş və hərtərəfli şəkildə öz əksini tapıb. Novruz bayramının diqqəti cəlb edən, elin dilindən və məişətindən süzülüb günümüzədək yaşadılan səhnələri Azərbaycan rəssamlıq sənətində müraciət edilən ən maraqlı mövzulardan olub.
Azərbaycan Milli İncəsənət Muzeyinin böyük elmi işçisi, Rəssamlar İttifaqının üzvü, sənətşünas Əsəd Quliyev deyir ki, Azərbaycan təsviri sənət tarixində Novruz bayramı və onun rəssamlıqda əksi ayrıca bir səhifəni təşkil edir. Azərbaycan Milli İncəsənət Muzeyində Novruz bayramı mövzusunda saxlanılan əsərlərə rəngkarlıq sahəsində xalq rəssamları Səttar Bəhlulzadənin “Bahar nəğməsi”, “Xonça”, “Torpağın arzusu”, “Azərbaycan nağılı”, xalidə Səfərovanın “Çovkan”, “Çovkançılar”, Elbəy Rzaquliyevin “Novruz bayramı”, Altay Hacıyevin “Novruz sandığı”, Əməkdar rəssam Mahmud Tağıyevin “Gül açan bağ”, “Bağçada yaz gülləri”, qrafika sahəsində xalq rəssamları Əzim Əzimzadənin “Tonqal üstündən tullanmaq”, “Kos-kosa”, Elmira Şahtaxtinskayanın “Novruz bayramı ərəfəsində”, “Qutablar”, əməkdar rəssamlardan Ələkbər Rzaquliyevin “Gəlinə hədiyyə ilə” (“Köhnə Bakı” silsiləsindən), Arif Ələsgərovun “Kəndirbazlar”, istedadlı rəssamlardan Həsən Haqverdiyevin “Bahar”, Sara Namitokova-Manafovanın “Novruz”, Orxan Hüseynovun “İçərişəhərdə bayram” və başqa əsərləri aid etmək olar...”
Bütün bunlar Azərbaycan rəssamlarının Novruz bayramına həsr etdikləri bədii yaradıcılıq işlərinin kiçik bir qismidir. Dövlət mükafatı laureatı, professor Məhərrəm Qasımlının fikrincə, yazın gəlişinin daha yaxın iqlim qurşağında olan xalqlar tərəfindən eyni zamanda bayram edilməsi tamamilə təbiidir. Novruzun qırğız-qazax-tacik, yaxud özbək-əfqan, eləcə də Azərbaycan-Anadolu-İran-İraq oxşarlıqları bu baxımdan bir çox başqa cəhəti ilə yanaşı, coğrafi şərait və iqlim uyğunluğundan irəli gəlir: “Bununla belə hər bir etnosun və bölgənin başqasında təkrarı olmayan bənzərsiz yaz mərasim və ayinləri mövcuddur. Məsələn, “Sayaçı”, “Təkəçi”, “Kosa-kosa”, “Xanbəzəmə”, “Kilimarası”, “Üzüksalma”, “Maraloyunu”, “Cangülüm” və başqa bu kimi sırf elat həyat tərzindən gələn mərasim-tamaşalar təbiətin oyanışı, ilin yeniləşməsi, güzəranın, yaşayışın canlanıb qaynaması ilə bağlı yaranmışdır və istisnasız olaraq hamısı türk bədii təxəyyülünün məhsullarıdır...”
Azərbaycan “Novruz”unun mühüm atributu olan “Kosa-kosa” mərasimində Kosa - köhnə ilin təmsilçisi olan qocalmış keçi obrazında çıxış edir. Mərasimin sonunda qoca keçi tamaşaya daxil olan yeni, gənc keçi tərəfindən qovulur və ya öldürülür. Burada məclisə yeni gələn gənc keçi yeni ilin, məclisdən qovulub uzaqlaşdırılan Kosa - köhnə keçi isə köhnə ilin simvolu kimi düşünülmüşdür. Yaxud indi də Ordubadda keçirilməkdə olan “Xanbəzəmə” mərasimində qaraqabaq xanı əyləncəli oyun-hərəkətlərlə güldürmək və bundan sonra onu suya basmaq zəhmli, qorxulu, qar-boranlı qışı gülər günlə, yağışla, günəşli yazla əvəzləmək istəyinin rəmzi ifadəsidir. Bu sıradan olan folklor örnəkləri Novruzu bayram kimi qeyd edən başqa xalqların (fars, tacik, ərəb) yazı qarşılama mərasimlərində müşahidə olunmur.
Yuxarıda adı çəkilən mərasim-tamaşaların, xüsusən də sayaçı mərasiminin yurdumuzda keçirilən Novruz - yeni gün şənliklərində folklor kollektivləri tərəfindən icra-ifa edilməsi soykökə, qan yaddaşına qayıdış üçün son dərəcə gərəkli və əhəmiyyətlidir.
Xalqımızın sevimli bəstəkarları Novruz bayramı haqqında mahnılar yazmış, rejissorlar filmlər çəkmişlər. Üzeyir bəy Hacıbəyli, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarların bayramla bağlı mahnıları Novruz günlərində daha çox səsləndirilir..
Bu gün də tanınmış sənətkarların ifasında “Novruz gəlir”, “Gülür ellər...”, “ “Novruz bayramı”, “Səməni - nazlı gəlin”, “Bahar bayramı” kimi uzunömürlü xalq mahnıları zövqləri oxşayır:
Əzizinəm yaz gəlsin,
Bahar gəlsin, yaz gəlsin.
Bu Novruz bayramı
Həm də xoş avaz gəlsin!
M.NƏRİMANOĞLU
Azərbaycan.-
2022.- 18 mart.- S.8.