Siyəzəndə bir
kənd var, tarixi Fransaya gedib çıxır
Sosial oçerk
Azərbaycanın tarixi çox qədimdir. Tikilən qalalar, salınan
şəhərlər, kəndlər
və digər yaşayış məskənləri
keçmişimizin şahidləridir.
Dəfələrlə düşmən tapdağına məruz qalan bu obalar
əsrlər keçsə
də, öz qüdrətini itirməmişdir.
Hətta
dağılmış ocaqlarımız
belə düşmənlərə
gözdağı olmuşdur.
Şimal bölgəsində bu cür onlarca yaşayış məskəni
var və onlardan biri də
Siyəzən rayonunun
Sədan kəndidir. Dağlar arasında
üzü dənizə
sarı “məskunlaşmış”
Sədanın təbiəti,
bərəkətli torpaqları,
keçmişdən süzülən
hər daşı böyük maraq doğurur. İnsanlarının qəlb yumşaqlığı,
mehriban çöhrələri,
sədaqətli olmaları
və əzmkarlıqları
adamı valeh edir.
Sədan kəndinin sahəsi 5559 hektardır. Kəndin iqtisadiyyatını, nə qədər qəribə də olsa, neft sənayesi
təşkil edir.
Bununla belə əhali heyvandarlıq, əkinçilik
və meyvə-tərəvəzlə
də məşğul
olur. Rayon mərkəzindən 8 kilometrlik
məsafədə və
dəniz səviyyəsindən
800 metr hündürlükdə
yerləşən kəndin
maraqlı tarixi var. Əhalisi əsasən azsaylı xalqlardan olan tatlardan ibarətdir. Ərəb
mənşəli söz
olan Sədan tərcümədə “sirr
saxlayan”, fars
dilində isə “ulduz” mənasını verir. İslamın başlanğıcında kəndin indiki əhalisinin ulu kökü ərəb ellərindən Fransaya köç edir. Onlar Fransada yerləşən kiçik şəhərdə
- Sadanda məskunlaşırlar
və həmin şəhər indiyəcən
durur. Bir əsr burada
yaşayandan sonra Azərbaycana pənah gətirirlər. İndiki ərazidə
yurd salan əhali yeni obalarının adını
da elə Sədan qoyur.
Əsrlər boyu burada yaşayan
sədanlılar əkinçilik
və maldarlıqla məşğul olurlar. Deyilənə görə, onların mal-qarasının sayı bilinməzmiş. Əkdikləri meyvə-tərəvəzi Xəzər
dənizinin şimal hissəsindən keçən
karvan yoluna çıxarar, ticarət
edərlərmiş. Azərbaycan cümhuriyyət
elan edildikdən sonra ətraf ərazilərlə sıx
əlaqə yaradan sədanlılar bazara xeyli miqdarda kənd təsərrüfatı
məhsulları çıxarırmış.
1919-cu ildə yenicə qurulan dövlətimizdə kənd
təsərrüfatını inkişaf etdirmək üçün Sədana
5 min başa yaxın
mal-qara göndərilir.
Həmin
ağır zamanda ermənilər dəfələrlə
kəndə hücum etsələr də, hamısı yerli camaat tərəfindən dəf edilir. Sonuncu dəfə kəndə gələn erməniləri
əsir götürən
sədanlılar onları
bir şərtlə geri qaytarır - bir daha bu
kəndin həndəvərinə
belə yaxınlaşmayacaqlar.
Sədan kənd camaatının əsas gəliri neftdəndir. Burada çoxlu neft
quyuları var. İlk
dəfə 1938-ci ildə
burada qazılan quyular indi də
istismardadır. Amma bu o
demək deyil ki, Sədan başdan-ayağa mədən
ərazisidir. Elə deyil.
Kəndin dağlarında
nadir bitkilər - meşə
çayı, kəklikotu,
yemişan, qatırquyruğu
və yüzlərlə
digər yabanı ot və
bitkilər yetişir.
Buranın sarı gülü
ölkədə adnan
deyilir. Ondan müxtəlif dərmanlar
hazırlanır.
Kəndin mətbəxi də çox maraqlıdır. Burada plovun onlarca növü var. Xəmir xörəklərinin tamı isə əvəzedilməzdir. Azərbaycanda keçirilən milli kulinariya müsabiqələrində
Sədan yeməkləri
həmişə qalib
olur. Kulinariya kitablarında da
kəndin onlarca yeməyinin adı çəkilir.
Kəndin ərazisində tarixi mədəniyyət abidələri
bu gün də qorunur. “Dinbağ” qalası, “Qara Dundur” istehkamı,
“Qırx qız” qalası kəndin qədim tarixinin daş nümunələridir.
“Qırx qız”
qalasına baxanda daşlaşan qızları
açıq-aydın sezmək
mümkündür. Rəvayətə görə, müharibəyə
gedən nişanlılarını
qırx qız sıra ilə düzülüb gözləyəcəklərinə
söz veriblər.
Onların heç biri
geri qayıtmır.
Qırx qız da elə
oradaca daşa dönür.
Kəndin tarixi abidələrindən
biri də “Daş stəkan”dır. Arxeoloqlar onun
yaşının çox
qədim olduğunu bildirirlər. Həmçinin
kəndin ərazisində
yaşı 300 ildən
artıq olan palıd ağacı da var. Rəvayətə görə, bir neçə il
kəndə yağış
yağmır. Camaat susuzluqdan
çox əziyyət
çəkir. Bir gün
əhali canavar sürüsünün kəndə
yaxınlaşdığını görür. Hərə öz
evinə çəkilir.
Canavarlar
həmin palıd ağacının yerində
dayanır. Bir qədər
sonra sürü çəkilib gedir.
Səhəri ora yaxınlaşan
kəndlilər palıd
ağacının pöhrəsini
görürlər. Təəccüblənən camaat ağacın
yanından su sızdığını görür.
Və həmin ağac bu gün də
sədanlılar tərəfindən
qorunur, ziyarət edilir.
Sədanın gəncləri öz mərdlikləri ilə seçilirlər. 44 günlük
Vətən müharibəsi
başlayan kimi 11 sədanlı gənc könüllü olaraq cəbhəyə yollanmış,
sinəsi medalla geri dönmüşlər.
Kənd camaatı arasında hörmət sahibi olan bu gənclər
hazırda müxtəlif
sahələrdə çalışırlar.
Sədanlılar yığışaraq onların bir neçəsinə toy da ediblər.
Sədanın torpağı çox bərəkətlidir. Buranın meyvə-tərəvəzi dadı-tamı, keyfiyyəti
ilə seçilir.
Kəndə gəzməyə
gələn qonağa
hərə evindən
bir pay verər. Sədanlıların ürək genişliyi
onların yaşam tərzinə də təsir edib. Kənddə
biri çətinə
düşərsə, ağsaqqallar
bir yerə yığışar, onun
dərdini öyrənərlər.
Sonra hamının köməyi
ilə problemi həll edirlər.
Sədanlılar kitab oxumağı sevirlər. İnternetin tüğyan etdiyi
bir dövrdə kənd camaatı kitaba üstünlük verir. Kənd sakini İsmayıl Muradzadə bizimlə söhbətində bildirdi
ki, camaatımız kənd kitabxanasının
fəal üzvləridir:
“Bəzən istədikləri
kitabı almaq üçün rayon mərkəzinə
yollanırlar. Burada hərənin
evində öz kitabxanası var. Hansı kitabı istəsən, orada tapa bilərsən.
Pandemiya dövründə kənd
kitabxanasında kitab qalmamışdı”.
Bu gün
dağlar qoynunda məskən salan Sədana gələn hər kəs burada müasir həyat şəraiti ilə üzləşir. Kəndin problemləri
elə sədanlıların
özləri tərəfindən
həll edilir. Təkcə onu deyək ki, son on ildə kənddə bir dənə də olsun nikah pozulması
halı baş verməyib.
Akif ƏLİYEV
Azərbaycan.- 2022.- 18 mart.- S.9.